Məhkəmə qərarları › İş №e-2(027)-134/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-134/2024

17.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-134/2024 17.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 8620.47 manat məbləğində əsas borcun, 1460.5 manat məbləğində faiz borcunun, 262.55 manat məbləğində cərimə borcunun, cəmi 10343.52 manat borcun və 122 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 48 ay müddətinə, illik 24% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbimizin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı ASC məhkəməyə ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən etiraf edərək bildirmişdir ki, müəllim işləyir və 461 manat məbləğində maaş alır. Cavabdeh məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli Kredit müqaviləsinə əsasən bank Borcluya 48 ay müddətinə, illik 24% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 8620,47 manat əsas, 1460,5 manat faiz borcu və 262,55 manat cərimə borcu məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 743.1-743.3-cü maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Azərbaycan Respublikasının adından borc alınması, habelə ixtisaslaşmış dövlət qurumlarının və Azərbaycan Respublikası Mərkəzi Bankının vəsaitləri hesabına, eləcə də lombardlar tərəfindən kreditlərin verilməsi müvafiq hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Kreditlərin verilməsi ilə bağlı həmin hüquqi aktlarla tənzimlənməyən məsələlər bu Məcəlləyə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcları yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 8620.47 manat məbləğində əsas və 1460.5 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 20 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 122 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 8620.47 manat əsas, 1460.5 manat faiz, 20 manat cərimə olmaqla, cəmi 10100,97 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 122 manat məbləğində vəsait İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar