Məhkəmə qərarları › İş №e-2(027)-1378/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1378/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1378/2023 03.07.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, hakim Seyidov Vüqar Mircuma oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək,İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2021-ci il tarixli 316038-CNS20216 saylı “Nağd pul krediti müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 2.257,20 (iki min iki yüz əlli yeddi, 20) manat məbləğində əsas borc, 542,68 (beş yüz qırx iki, 68) manat məbləğində faiz borcu, 1.172,20 (bir min bir yüz yetmiş iki, 20) manat məbləğində cərimə, ümumilikdə isə 3.972,08 (üç min doqquz yüz yetmiş iki, 08) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 59,72 (əlli doqquz, 72) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə Cavabdeh) arasında bağlanmış 12 fevral 2021-ci il tarixli 316038-CNS-20216 saylı“Nağd pul krediti müqaviləsi”nin 3.8-ci bəndinə əsasən Cavabdeh istehlak məqsədi ilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 2.600 (iki min altı yüz) manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür. Lakin borclu şəxs Cavabdeh üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2021-ciil tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 2.257,20 (iki min iki yüz əlli yeddi, 20) manat məbləğində əsas borc, 542,68 (beş yüz qırx iki, 68) manat məbləğində faiz borcu, 1.172,20 (bir min bir yüz yetmiş iki, 20) manat məbləğində cərimə, ümumilikdə isə 3.972,08 (üç min doqquz yüz yetmiş iki, 08) manat məbləğində borcu qalmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək və onların pozulmasına yol verməmək “kredit alan”ın vəzifəsidir. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəfimizdən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da qeyd olunan müqavilənin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. -İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 12 fevral 2021-ci il tarixli kart hesabı müqaviləsindən görünür ki, Cavabdeh istehlak məqsədi ilə illik 22 (iyirmi iki) faiz hesablanması şərti ilə 48 (qırx səkkiz) ay müddətinə 2.600 (iki min altı yüz) manat məbləğində kredit verilərək, kart hesabına köçürülmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, 316038-CNS-20216 saylı“Nağd pul krediti müqaviləsi” üzrə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 2,257,20 manat əsas məbləğ üzrə, 542,68 manat faiz üzrə, 1,172,20 manat cərimə üzrə, cəmi 3,972,08 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş 10 mart 2022-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən borc məbləğinə əlavə cərimə hesablandığı və bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə ərizə verilərkən, 59,72 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun İddiaçı ASC qarşısında borcu yaranmışdır. Hesab edirəm ki, əsas borc 2257,20 manat və faiz borcu 542,68 manat təşkil etdiyi halda, 1172,20 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 225 manata qədər azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 59,72 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh 2.257,20 manat əsas, 542,68 manat faiz, 225 manat cərimə olmaqla, ümumilikdə 3.024,88 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 59,72 manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar