Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1421/2025 27.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə Tərəflərin iştirakı olmadan İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 17224.54 manat əsas məbləğ üzrə və 1689,51 manat faiz üzrə olmaqla cəmi 18914,05 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 147.47 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 03 iyul 2024-cü il tariхli, 301809-721483/3 nömrəli istehlak krеditi müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 22.5% dərəcəsi ilə 17700.00 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o Banka olan borcunu ödəməmişdir. 01 aprel 2025-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 17224.54 manat məbləğində əsas bоrc və 1689.51 manat faiz borcu оlmaqla, cəmi 18914.05 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak krеditi müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: - Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 03 iyul 2024-cü il tariхli, 301809- 721483/3 saylı kredit müqaviləsinə əsasən bank 48 ay müddətinə, illik 22.5% ödəmək şərti ilə 17700 manat məbləğində krediti borcalanın mülkiyyətinə verir və ona bank hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. - xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh 03 iyul 2024-cü il tariхli, 301809-721483/3 saylı əsas kredit müqaviləsi üzrə həmin tarixə 17224,54 manat əsas borc, 1689,51 manat faiz borcu, 65,61 manat cərimə borcu, olmaqla, cəmi 18914,05 manat məbləğində kredit borcu vardır. - ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh verilmiş 17700 manat kredit üzrə aylıq odəniş məbləğləri müəyyən edilmişdir. - xx.xx.2025-ci il tarixli bildirişə əsasən Cavabdeh pretenziya qaydasında xəbərdarlıq edilərək, həmin tarixə banka olan 17224.54 manat əsas, 993.11 manat faiz olmaqla cəmi 18217.65 manat borcun ödənilməsi tələb edilmiş, banka olan bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif edilmişdir. Əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsilə bağlı 147,47 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 03 iyul 2024-cü il tariхli, 301809-721483/3 saylı kredit müqaviləsinə əsasən bank 48 ay müddətinə, illik 22.5% ödəmək şərti ilə 17700 manat məbləğində krediti cavabdehə verməyi, cavabdeh isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öz öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada və vaxtında icra etməmişdir. Bununla da müqavilə şərtlərini pozmuşdur. Nəticədə iddiaçı bank qarşısında cavabdehin kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə məsuliyyəti yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə iddiaçının tələbini təşkil edən annuitet (annuitet ödənişlər – əsas məbləğ və hesablanmış faizlər) ödənişlərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Həmin qərarda həmçinin qeyd edilir ki, ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli bildirişə əsasən həmin tarixə 17224.54 manat əsas, 993.11 manat faiz olmaqla, cəmi 18217.65 manat borc məbləğinin tam olaraq 3 iş günü müddətində ödənilməklə aralarında bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv edilməsi təklif edilmiş, əks təqdirdə vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Belə olan halda məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqedən çıxış edərək həmin bildirişin göndərilməsi tarixini iddiaçının müqavilənin birtərəfli qaydada ləğv edilməsi ilə bağlı iradə ifadəsinin qarşı tərəfə bildirilməsi olaraq qəbul edir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh 03 iyul 2024cü il tariхli, 301809-721483/3 saylı kredit müqaviləsi üzrə 17224.54 manat əsas borc və 993.11 manat faiz borcu tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 147.47 (bir yüz qırx yeddi manat, qırx yeddi qəpik) məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 17224.54 (on yeddi min iki yüz iyirmi dörd manat əlli dörd qəpik) manat əsas borc və 993.11 (doqquz yüz doxsan üç manat on bir qəpik) manat faiz borcu olmaqla, cəmi 18217,65 (on səkkiz min iki yüz on yeddi manat, altmış beş qəpik) manat və dövlət rüsumu üçün ödənilmiş 147.47 ( yüz qırx yeddi manat, qırx yeddi qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Kamilli
Məhkəmə qərarları › İş №e-2(027)-1421/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1421/2025
27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver