Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1437/2025 26.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 5.509,22 ABŞ dolları-bundan 2.578,48 ABŞ dolları əsas, 1.358,70 ABŞ dolları faiz, 1.192,60 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 379,44 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 113.66 AZN dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə, illik 23% dərəcəsi ilə 8.925 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-150004218 nömrəli, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2015-ci il tarixli, 01 saylı Əlavə Sazişlərə əsasən Kreditin qalıq məbləği 8.192,32 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti 47 ay müddətinə, xx.xx.2019-cu il tarixədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2016-cı il tarixli, 02 saylı Əlavə Sazişlərə əsasən Kreditin qalıq məbləği 7.360,94 ABŞ dolları hesablanmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilməli idi. Kreditin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmışdır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış xx.xx.2017-ci il tarixli, 03 saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 7.869,24 ABŞ dolları hesablanmışdır. Ödəniş qrafiki üzrə Borcalan tərəfindən manatla ödənişlər Kreditor tərəfindən (1USD=1.40 AZN) məzənnəsi əsas götürülməklə qəbul edilirdi. Kreditin müddəti xx.xx.2022-ci il tarixinədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 10 % ödənilməli idi. xx.xx.2025-ci il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 5.509,22 ABŞ dolları təşkil edir. Bundan 2.578,48 ABŞ dolları əsas, 1.358,70 ABŞ dolları faiz, 1.192,60 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 379,44 ABŞ dolları faiz borcu təşkil edir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə müraciət edərək, məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, maddi hüquq normalarına istinad edərək hesab edir ki, iddia təmin olunmamalıdır. Quba rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı ASC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına Cavabdeh1 münasibətdə xitam verilmişdir.Belə ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədi ilə 36 ay müddətinə, illik 23.761 % dərəcəsi ilə 8.925 ABŞ dolları məbləğində kredit verilmişdir. -İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə Cavabdeh2 arasında ZM-150004218 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin və ya zaminlərin öz üzərinə götürməsidir. Müqavilənin 5.1.4-cü bəndinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə Əlavə Saziş bağlanmışdır. 1.1 müqaviləyə əsasən kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 8192.32 ABŞ dolları təşkil edir. 1.2. Müqavilənin 2.3-cü bəndinə əsasən kreditin müddəti 47 ay təşkil edir. 1.3.gecikdirilən borc məbləğinə cərimə kimi hesablanan illik faiz dərəcəsi 46% təyin edilir. Kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 2 saylı Əlavə Sazişə əsasən kredit öhdəliyinin qalığı 7360.94 ABŞ dolları təşkil edir. 1.2. Kreditin müddəti Əlavə saziş imzalandığı tarixdən xx.xx.2020-ci il tarixədək uzadılır. 1.3 Kredit üzrə borcalan tərəfindən bu Əlavə saziş imzalandığı tarixdən etibarən illik 10% ödənilir. ZM-150004218 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsinə eyni şərtlərlə 22 fevral 2016-cı il tarixli xx.xx.2016-cı il tarixdə Əlavə saziş imzalanmışdır. ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 11 aprel 2017-ci il tarixli 3 nömrəli Əlavə Sazişə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. ZM-150004218 nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsinə edilmiş 11 aprel 2017-ci il tarixli 3 nömrəli Əlavə Sazişə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil edir. Cavabdeh1 məxsus hesabdan çıxarışa əsasən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə ödəniş həyata keçirilmişdir. 03 mart 2025-ci il tarixdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1 və Cavabdeh2 03 mart 2025-ci il tarixdə bildiriş ünvanlanaraq, ümumilikdə 5509.22 ABŞ dolları təşkil edən borc məbləğinin ödənilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 739.1. borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
741. əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
442. maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477.0.1. Zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Mülki qanunvericiliyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür(MM 470.1). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır (MM 472). Məhkəmə qeyd edir ki, kreditor qarşısında zaminlik öhdəliyinin əmələ gəlməsinin özünəməxsus əsası vardır. Belə ki, zaminlik müqaviləsinin bağlanması nə zaminin, nə də kreditorun hüquq və öhdəliklərinin yaranmasına səbəb olmur. Zaminin kreditor qarşısında borcu ödəmə öhdəliyi, habelə kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərildiyi kimi, borclunun əsas öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsindən sonra yaranır. İşin müəyyən edilmiş halı ondan ibarətdir ki, kredit müqaviləsi borclu şəxs qismində çıxış edən Cavabdeh1 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, həmin kredit müqaviləsi üzrə sonuncu dəfə ödəniş xx.xx.2022-ci il tarixdə həyata keçirilmişdir. Beləliklə də bank qarşısında olan öhdəlik lazımi qaydada yerinə yetirilməmişdir. Belə olan halda iddiaçının zaminə qarşı tələb hüququ yaranmışdır. Lakin mülki qanunvericilikdə kreditorun zaminə qarşı tələb hüququ müvafiq hallarla, o cümlədən müddətlə məhdudlaşdırılmışdır. Belə ki, mülki qanunvericilikdə zaminlik institutu öhdəliyin təmini üsullarından biri kimi nəzərdə tutulmasına baxmayaraq, zaminin kreditor qarşısında əsas borclunun öhdəliyinin icrasına görə məsuliyyəti öhdəliyin tam icrası müddəti ilə müəyyən edilməmişdir. Mülki Məcəllənin 447-ci maddəsində zaminliyə xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin əsaslardan biri də zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda xitam verilməsidir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir (MM 477.0.4 m). Normanın məzmunundan göründüyü kimi, zaminliyin verildiyi müddət qayda olaraq müqavilədə göstərilməlidir. Qanun, bunun göstərilməməsi imkanını nəzərdə tutsa da, müddətin göstərilmədiyi təqdirdə zaminliyin xitamı üçün konkret müddətlər müəyyən etmişdir. Bu müddətlər, zaminliyin bağlı olduğu əsas öhdəliyin icrası vaxtının çatdığı gündən bir il və ya əsas öhdəliyin icrası müddəti göstərilmədiyi, müəyyənləşdirilə bilmədiyi, yaxud tələbetmə məqamı ilə müəyyənləşdirildiyi halda zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi dövrdür. Həmin müddətlər keçdikdə zaminliyə qanuna əsasən xitam verilir. Bunun üçün ayrıca iddia qaldırılması və məhkəmə qərarının çıxarılması tələb olunmur. Zaminliyə qanuna əsasən xitam verilməsi zaminə qarşı tələb hüququnun aradan qalxmasına, buna müvafiq olaraq zaminin kreditor qarşısında öhdəliyi olan borclu vəziyyətindən çıxmasına dəlalət edir. Həmçinin göründüyü kimi, sözügedən maddədə nəzərdə tutulan müddətlər hüquqi təbiətinə görə iddia müddəti deyil, kəsici müddətlərdir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət- şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020- ci il 12 mart tarixli Qərarı). Eyni hüquqi mövqe “A.Nadirova və qeyrilərinin şikayəti üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 mart 2022-ci il tarixli qərarında da ifadə olunub. İşin məhkəmə tərəfindən tədqiq edilmiş faktiki hallarından görünür ki, ********* nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə 11 aprel 2017-ci il tarixli 3 nömrəli Əlavə Sazişə əsasən restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Zaminlik müqaviləsinin 5.1.4-cü bəndinə əsasən isə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən 1 il ərzində kreditorun zaminə və ya zaminlərə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İddiaçı Cavabdeh2 qarşı hazırki iddia tələbi ilə zaminliyin təmin etdiyi öhdəliyin icrasının bitdiyi vaxtdan təxminən 3 il müddət keçdikdən sonra müraciət etmişdir. Məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i:
İddiaçı ASC-nin Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Kamilli