Məhkəmə qərarları › İş №e-2(027)-1464/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1464/2024

28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1464/2024 28.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu, İddiaçı "xxxx" BOKT ASC-nin Cavabdeh qarşı “borc” tələbinə iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" BOKT ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" BOKT ASC-nin xeyrinə 1666 manat əsas, 313.02 manat faiz, 33.4 manat cərimə borcu olmaqla, cəmi 2012.42 manat məbləğində borcun və 41 manat dövlət rüsumunun tutulması; Borcun əvəzinin Cavabdeh mülkiyyətindəki 4 ədəd komplektdən ibarət, cəmi 25 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsinə və girovun açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə; Satışdan əldə olunan vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutularaq banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, HO0015434-2023 saylı xx.xx.2023-cü il tarixli çərçivə kredit və girov müqaviləsinə əsasən Cavabdeh "xxxx" ASC-dən illik 48% olmaqla 60 (altmış) ay müddətinə 1666 (min altı yüz almış altı) manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki cəmi 25 qram çəkidə qızıl-zinət əşyalarını banka girov qoymuşdur. Maliyyə arayışına əsasən Cavabdeh banka HO0015434-2023 saylı xx.xx.2023-cü il tarixli çərçivə kredit və girov müqaviləsi üzrə 1666 manat əsas, 313.02 manat faiz, 33.40 manat cərimə borcu olmaqla cəmi 2012.42 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, girov predmetinə qanunla müəyyən edilmiş qaydada tutmanın yönəldilməsinə dair mülkiyyətçiyə borcun ödənilməsi tələbi ilə bildiriş göndərilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan HO0015434-2023 saylı xx.xx.2023-cü il tarixli çərçivə kredit və girov müqaviləsindən görünür ki, Cavabdeh "xxxx" ASC-dən illik 48% olmaqla 60 (altmış) ay müddətinə 1666 (min altı yüz almış altı) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh HO0015434-2023 saylı xx.xx.2023-cü il tarixli çərçivə kredit və girov müqaviləsi üzrə 1666 manat əsas, 313.02 manat faiz, 33.4 manat cərimə borcu olmaqla, cəmi 2012.42 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh tərəfindən banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; İddia ərizəsindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən “AsanPay” vasitəsilə 41 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında çərçivə kredit və girov müqaviləsinə əsasən 48% olmaqla 60 (altmış) ay müddətinə 1666 (min altı yüz almış altı) manat məbləğində kredit götürmüş, həmin müqaviləyə əsasən iddiaçı krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Bununla da müqavilənin şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan isə onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Ona görə də, məhkəmə iddia tələbi üzrə əsas və faiz borcunun hər birini ayrı-ayrılıqda nəzərdən keçirərək, hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. Borcun təminatı məqsədilə Cavabdeh mülkiyyətindəki 4 komplektdən ibarət, cəmi 25 qram çəkidə qızıl-zinət əşyalarını banka girov qoymuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Girovun ilkin qiymətləndirilməsinə dair aktdan görünür ki, 4 komplektdən ibarət, əyarı 750 olan, cəmi 25 qram çəkidə qızıl-zinət əşyaları girov qoyulmuş, tərəflərin razılığı ilə cəmi 1666 manat dəyərində qiymətləndirilmişdir. İddiaçı həmçinin borcun əvəzinin Cavabdeh mülkiyyətindəki 4 ədəd komplektdən ibarət, cəmi 25 qram çəkidə qızıl-zinət əşyalarına yönəldilməsinə və girovun açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsinə; Satışdan əldə olunan vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutularaq banka ödənilməsini də xahiş etmişdir. HO0015434- 2023 saylı xx.xx.2023-cü il tarixli çərçivə kredit və girov müqaviləsinin 9.1-ci bəndində göstərilir ki, tərəflər razılaşırlar ki, Girov saxlayan tərəfindən bu müqavilənin 5.8-ci bəndinə uyğun olaraq Girov qoyana bıldirişin göndərilməsi Girova tutmanın yönəldilməsi proseduruna başlanması hesab olunur. Girov predmelinə tutma yönəldilməsi 5.8-ci bənddə nəzərdə tutulmuş müddətlərdə Borc alan tərəfindən kredit və ona hesablanmış faizlərin, dəbbə və cərimə məbləğlərinin tam olaraq ödənilməsi həyata keçirilmədıkdə həyata keçirilir. Məhkəmə belə qənaətə gəlir ki, iddia tutmanın qızıl-zinət əşyalarına yönəldilməsi və girovun açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi və satışdan əldə olunan vəsaitin qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin cavabdehdən tutularaq banka ödənilməsi hissəsində təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər. İddia ilə həmçinin 33.4 manat cərimə borcu tələb olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 33 (otuz üç) manat 40 (qırx) qəpik cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 1 (bir) manat 40 (qırx) qəpik məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 41 (qırx bir) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 29-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 1666 (min altı yüz altmış altı) manat əsas borc, 313 (üç yüz on üç) manat 02 (iki) qəpik faiz, 1 (bir) manat 40 (qırx) qəpik cərimə borcu olmaqla, cəmi 1980 (min doqquz yüz səksən) manat 42 (qırx iki) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 41 (qırx bir) manat tutularaq "xxxx" BOKT ASC-nin xeyrinə ödənilsin. Satışdan əldə olunan vəsaitdən 1980 (min doqquz yüz səksən) manat 42 (qırx iki) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 41 (qırx bir) manat tutularaq "xxxx" BOKT ASC-nin xeyrinə tutulsun. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar