Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1465/2024 28.06.2024 QUBA RAYON MƏHKƏMƏSİ Mən, hakim Seyidov Vüqar Mircuma oğlu iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" KB ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3149,10 AZN əsas məbləğ üzrə, 1226,24 AZN faiz üzrə, 467,96 AZN cərimə, 0 AZN komisyon haqqı, cəmi 4843,30 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 68,84 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 4490sQUBA/20 kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Bank” “Borcalan”a 60 ay müddətinə 10000 AZN dək məbləğdə kredit limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Ödəniş kartında olan kredit xəttindən istifadəyə görə minimum 1 % maksimum 5 %, nağdsız əməliyyatlar üzrə isə 0 % komissiya haqqı hesablanır və növbəti ödəniş zamanı Borcalan tərəfindən əlavə olaraq ödənilir. Müqavilənin 1.3-cü bəndinə əsasən kredit xətti 36 ay müddətinə illik 36 % dək olmaq şərtilə ayrılır. Kredit xəttindən istifadə müddətində kredit üzrə hər ay minimum bu borclar ödənilməlidir: kredit xəttindən istifadəyə görə komissiya, hesablanmış faiz borcu, taksitli alış-verişlər üzrə cari ayın taksit borcu və kredit xəttindən nağdlaşdırılan məbləğin 5%-i (min. 10 AZN). Kredit xəttinin müddəti bitdikdən sonra, növbəti ilk 12 (on iki) ay 36-cı ay müddətinə təsadüf edən kredit xəttindən istifadə olunan məbləğin 5 %-i, taksitli alış-veriş üzrə isə taksit ödənişləri həyata keçirilir, növbəti 12 (on iki) ay isə “Borcalan” tərəfindən qalıq borc məbləğinin ödənilməsiannuitet cədvəli əsasında (aylıq ödəniş məbləği minimum 20 AZN olmaq şərtilə) həyata keçirilir və bu zaman “Bank” bu müqavilə üzrə nəzərdə tutulmuş illik faiz dərəcəsini 40 (qırx) faizədək artıra bilər. Tərəflər arasında bağlanmış müqavilənin 4.2.16-cı maddəsinə əsasən Borcverən “Bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir”. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 05 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. -İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 4490sQUBA/20 kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən Bank” “Borcalan”a 60 ay müddətinə 10000 AZN dək məbləğdə kredit limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir, “Borcalan” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Lakin cavabdeh müqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Cavabdeh "xxxx" KB ASC-yə 2149,10 manat əsas məbləğ üzrə, 1226,24 manat faiz üzrə, 467,96 AZN cərimə üzrə cəmi 4843,30 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ərizəyə əlavə olunmuş Cavabdeh iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış 4490sQUBA/20 kredit müqaviləsindən görünür ki, onun əsasında iddiaçı tərəfindən cavabdeh üçün 60 ay müddətinə 10000 AZN-dək məbləğdə kredit limiti ayrılmış, ona bank hesabı açılmış və ödəniş kartı təqdim edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, UB-BANK/PİKMD/1188031 saylı maliyyə arayışından görünür ki, kredit müqaviləsi üzrə cavabdeh xx.xx.2024-cü il tarixə "xxxx" KB ASC-yə 3149,1 manat əsas məbləğ üzrə, 1226,24 manat faiz üzrə, 467,96 manat cərimə üzrə, cəmi 4843,30 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən borc məbləğinə əlavə cərimə hesablandığı və bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. Həmçinin, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 68,84 manat məbləğində dövlət rüsumu ödəmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hesab edirəm ki, əsas borc 3149,10 manat, faiz borcu 1226,24 manat təşkil etdiyi halda, 467,96 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 200 manata qədər azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 68,84 (altmış səkkiz manat səksən dörd qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh 3149,10 manat əsas, 1226,24 manat faiz, 200 manat cərimə borcu olmaqla, cəmi 4575,34 manat borc və dövlət rüsumu olaraq ödənilmiş 68,84 manat məbləğində ödənilmiş dövlət rüsumu "xxxx" KB ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-1465/2024
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1465/2024
28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver