Məhkəmə qərarları › İş №e-2(027)-1476/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1476/2024

03.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1476/2024 03.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsi hakimi Seyidov Vüqar Mircuma oğlu İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit borcunun qaytarılması tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 262,71 (iki yüz altmış iki manat, 71 qəpik) manat - bundan 230,29 manat əsas, 2,57 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 29,85 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada tutularaq, X1 İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə cavabdehlər Cavabdeh2 (borcalan) və Cavabdeh3 (birgə borcalan) arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehlərə (birgə borcalanlara) 12 ay müddətinə illik 21 % dərəcəsi ilə 3000 Manat məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə bağlanmış 1 nömrəli xx.xx.2016-cı il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (əsas borc, hesablanmış və əsas borcun üzərinə kapitallaşdırılmış faiz və cərimə məbləği ilə birlikdə) 2239.84 Manat təşkil etmişdir. Kreditin müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 25 % ödənilməli idi. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında LM052000253 nömrəli xx.xx.2020-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 307.27 Manat məbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 12 ay müddətinə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix xx.xx.2021-ci il müəyyən edilmişdir. Cavabdeh3 və Cavabdeh1 ilə Bank arasında LM052000253 nömrəli xx.xx.2020-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Müqavilənin müvafiq bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilən hissə-hissə ödənişləri, faizləri, dəbbə pulunu X1 banka ödəmək Borcalanın vəzifələrindəndir. Müqavilənin 4.1.1-ci bəndinə əsasən restrukturizasiya müqaviləsi üzrə ödənişlər vaxtında və lazımi qaydada icra edilməzsə bank borcun dərhal qaytarılmasını tələb edə bilər. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh2 kredit üzrə cəmi borcu 262.71 (iki yüz altmış iki Manat 71 qəpik) Manat təşkil edir. Bundan 230.29 (iki yüz otuz Manat 29 qəpik) Manat əsas, 2.57 (iki Manat 57 qəpik) Manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 29.85 (iyirmi doqquz Manat 85 qəpik) Manat faiz borcu təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, ********* saylı Kredit müqaviləsindən, faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, İddiaçı ASC tərəfindən 12 ay müddətinə illik 21% dərəcəsi ilə Cavabdeh2 və Cavabdeh3 (birgə borcalan) 3000 (üç min) manat məbləğində kredit verilmişdir; -xx.xx.2020-ci il tarixli, LM052000253 saylı restrukturizasiya müqaviləsindən görünür ki, Cavabdeh2 ödənilməmiş qalan 307,27 manat vaxtı keçmiş əsas kredit borcunu illik 1 % olmaqla, 12 ay müddətinə LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna ödənilməsini öz öhdəsinə götürmüşdür. - xx.xx.2020-ci il tarixli, LM052000253 saylı zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC-dən kredit götürmüş Cavabdeh2 İddiaçı ASC qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zaminlər Cavabdeh1 və Cavabdeh3 öz üzərlərinə götürmüşlər. - 09 fevral 2025-cü il tarixli bildirişdən görünür ki, LPO İddiaçı ASC tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. - xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqviləsi üzrə xx.xx.2024-cü il tarixə 230,29 manat əsas, 2,57 manat faiz, gecikdirilmiş vaxt üçün hesablanan 29,85 manat faiz borcu təşkil edir. - xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, LPO İddiaçı ASC hazırki iddianın qaldırılması ilə əlaqədar 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarında göstərilir ki, kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Məhkəmə iş üzrə sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia Cavabdeh1 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 kredit verilərkən Cavabdeh1 və Cavabdeh3 ilə Bank arasında xx.xx.2020-ci il tarixli Zaminlik müqavilələri bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.2-ci maddəsinə əsasən əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Məcələsinin 367.3-cü maddəsinə əsasən müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminliyin verilmə müddəti təyin edilmədikdə, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İş materiallarından görünür ki, zaminliklə təmin edilmiş xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 12 aylıq kreditlə bağlı öhdəliyin icrası vaxtının çatdığı gün xx.xx.2021-ci il tarixdir ki, qanuna görə də kreditor, yəni LPO İddiaçı ASC həmin gündən başlayaraq bir il ərzində zaminlərə qarşı iddia irəli sürə bilərdi. Lakin işdəki sübutlardan aydın olur ki, xx.xx.2020-ci il tarixli zaminlik müqavilələri əsasında zaminliklə təmin edilmiş öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor olan LPO İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən zamin Cavabdeh1 və Cavabdeh3 qarşı iddia irəli sürülməmişdir. Kreditor tərəfindən zaminlərə qarşı iddia yalnız zaminliklə təmin edilmiş öhdəlyinin icrası vaxtının çatdığı gündən 35 ayın tamamında irəli sürülmüşdür ki, bu da qanunun tələblərinə ziddir. Belə olan halda yuxarıda istinad olunan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən Cavabdeh1 və Cavabdeh3 zaminliyinə xitam verilir. Zaminliyə xitam verildiyi halda, zamin Cavabdeh1 və Cavabdeh3 digər Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinə görə məsuliyyət daşıya bilməz. Qeyd olunanlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia zaminlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh2 230,29 manat əsas, 2,57 manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 29,85 manat faiz borcu olmaqla cəmi 262,71 manat borc və iş üzrə ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı X1 İddiaçı ASC-yə ödənilsin. İddia digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar