Məhkəmə qərarları › İş №e-2(027)-1484/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1484/2025

05.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1484/2025 05.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlu İddiaçı BOKT MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Monetri» BOKT MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, kredit üzrə əsas borcun məbləği 599,77 (beş yüz doxsan doqquz manat yetmiş yeddi qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 30 (otuz manat) AZN olmaqla, cəmi 629,77 (altı yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) AZN məbləğdə kredit borcunun və ərizənin məhkəməyə təqdim edilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) AZN məbləğdə dövlət rüsumunun cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı - "xxxx" MMC-yə ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı - "MONETRİ Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə "xxxx" MMC adlandırılacaqil)ə cavabdeh - Cavabdeh2 arasında 25 noyabr 2019-cu il tarixli, 327/1 nömrəli Kredit (restrukturizasiya) Müqaviləsi bağlanıb. Həmin müqaviləyə əsasən, cavabdeh - Cavabdeh2 5 (beş) il müddətinə (1 il güzəşt müddəti müəyyən edilməklə), illik 1 (bir) % olmaqla, 3629 (üç min altı yüz iyirmi doqquz manat) AZN məbləğdə güzəştli kredit verilib. 25 noyabr 2019-cu il tarixli, 327/1 nömrəli Kredit Müqaviləsi üzrə öhdəliyin icrasının təmini üsulu kimi iddiaçı - "xxxx" MMC ilə cavabdeh – Cavabdeh1 arasında 25 noyabr 2019-cu il tarixli, 327/1 nömrəli zaminlik müqaviləsi bağlanıb. Həmin Zaminlik müqaviləsinə əsasən, cavabdeh – Cavabdeh1 25 noyabr 2019-cu il tarixli, 327/1 nömrəliKredit Müqaviləsi üzrə öhdəliklərin icra edilməsi üçün əsas borclu ilə birgə məsuliyyət daşımaq barədə öhdəlik götürüb. Məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, cavabdeh - Cavabdeh2 uzun müddətdir ki, kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmir. İddiaçı-"xxxx" MMC tərəfindən cavabdehdəəfələrlə yazılı və şifahi müraciət edilməsinə baxmayaraq, müqavilə üzrə öhdəliklər hələ də icra edilmir, kredit borcu ödənilmir. İddiaçı tərəfindən tərtib edilmiş maliyyə arayışına əsasən, cavabdeh – Cavabdeh2 25 noyabr 2019-cu il tarixli, 327/1 nömrəli kredit müqaviləsi üzrə kredit borcu - kredit üzrə əsas borcun məbləği 599,77 (beş yüz doxsan doqquz manat yetmiş yeddi qəpik) AZN, kredit üzrə hesablanmış cərimə məbləği 30 (otuz manat) AZN olmaqla, cəmi 629,77(altı yüz iyirmi doqquz manat yetmiş yeddi qəpik) AZN təşkil edir. İddiaçı tərəfindən cavabdehlərə kredit öhdəliyinin icra edilməsinə dair bildiriş məktubu ünvanlanıb (bildiriş məktubu və onun cavabdehlərə çatdırılmasına dair qəbz ərizəyə əlavə edilir). Buna baxmayaraq cavabdehlər hələ də öz öhdəliklərini icra etməyib. Beləliklə, iddiaçının müvafiq tələblər üzrə məhkəməyə müraciət etməkdən başqa çıxış yolu qalmayıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. "xxxx" BOKT MMC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 327/1 saylı istehlak kredit müqaviləsindən görünür ki, cavabdeh - Cavabdeh2 5 (beş) il müddətinə (1 il güzəşt müddəti müəyyən edilməklə), illik 1 (bir) % olmaqla, 3629 (üç min altı yüz iyirmi doqquz) AZN məbləğdə güzəştli kredit verilmişdir; "xxxx" BOKT MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 327/1 saylı zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli, 327/1 saylı kredit müqaviləsi üzrə borcalanın BOKT qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. xx.xx.2024-cü il tarixli Çıxarışdan görünür ki, xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmış "xxxx" BANK OLMAYAN KREDİT TƏŞKİLATİ MMC xx.xx.2024-cü il tarixdə İddiaçı BANK OLMAYAN KREDİT TƏŞKİLATİ MMC kimi qeydiyyata alınmışdır. xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, Cavabdeh2 və Cavabdeh1 banka olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər; xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli, 327/1 saylı kredit müqaviləsi üzrə 599,77 manat əsas, 30 manat cərimə olmaqla, cəmi 629,77 manat məbləğində borcu yaranmışdır; xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəməyə təqdim olunmuş sənədlərlə müəyyən edilmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı krediti borcalanın mülkiyyətinə verməyi, borcalan isə həmin krediti müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, digər tərəf olan cavabdeh isə müqavilə üzrə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada tam ödəməmişdir. Bununla da müqavilə şərtlərini pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və borc alan isə onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 30 manat tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 1,23 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 29-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 599,77 AZN və cərimə borcu üzrə 1,23 AZN olmaqla cəmi 601 AZN məbləğində pul və 30 manat dövlət rüsumu İddiaçı BOKT MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar