Məhkəmə qərarları › İş №e-2(027)-1592/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1592/2024

18.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1592/2024 18.09.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1 katibliyilə, İddiaçı BOKT «Embafinans” QSC -nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı BOKT «Embafinans” QSC iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 4618 (dörd min altı yüz on səkkiz) manat 61 (altımış bir) qəpik əsas, 970 (doqquz yüz yetmiş) manat 93 (doxsan üç) qəpik faiz, 692 (altı yüz doxsan iki) manat 79 (yetmiş doqquz) qəpik cərimə olmaqla, cəmi 6282 (altı min iki yüz səksən iki) manat 33 (otuz üç) qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 83 (səksən üç) manat 22 (iyirmi iki) qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh 12 ay müddətinə qaytarılmaq şərti ilə 5000,00 AZN məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 394-ABC-0194-23 saylı Krеdit Müqaviləsi bağlanmışdır. Hal-hazırda Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2023-cü il tarixə əsas borcu 4618.61, faiz borcu 970.93 AZN, cərimə borcu 692.79 AZN olmaqla ümumi borcu 6282.33 AZN təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixli, 2800/23 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. İddiaçı BOKT «Embafinans” QSC-nin nümayəndəsi Əliəsgər Axundov ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 394-ABC-0194-23 saylı kredit müqaviləsinə əsasən, BOKT «Embafinans” QSC tərəfindən cavabdehə 12 ay müddətinə qaytarılmaq şərti ilə 5000,00 manat kredit verilmişdir. İş materiallarında olan 24 aprel 2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 394-ABC-0194-23 saylı əsas kredit müqaviləsi üzrə 24 aprel 2024-cü il tarixinə 4618 (dörd min altı yüz on səkkiz) manat 61 (altımış bir) qəpik əsas, 970 (doqquz yüz yetmiş) manat 93 (doxsan üç) qəpik faiz, 692 (altı yüz doxsan iki) manat 79 (yetmiş doqquz) qəpik cərimə olmaqla, cəmi 6282 (altı min iki yüz səksən iki) manat 33 (otuz üç) qəpik məbləğində kredit borcu vardır. İş materiallarında olan ödəniş cədvəlinin surətindən görünür ki, bank tərəfindən Cavabdeh verilmiş 5000 (beş min) manat kredit üzrə aylıq odəniş məbləğləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddia ərizəsilə bağlı 83 (səksən üç) manat 22 (iyirmi iki) qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı BOKT «Embafinans” QSC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi lazımi qaydada və vaxtında icra etməmişdir. Bununla da müqavilə şərtlərini pozmuşlar. Nəticədə iddiaçı bank qarşısında cavabdehin kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə birgə məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamnaı müəyyən edilmişdir ki, cavabdehin ididaçı bank qarşısısnda hazırda 4618 (dörd min altı yüz on səkkiz) manat 61 (altımış bir) qəpik əsas, 970 (doqquz yüz yetmiş) manat 93 (doxsan üç) qəpik faiz təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 692 (altı yüz doxsan iki) manat 79 (yetmiş doqquz) qəpik cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 2 (iki) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 83 (səksən üç) manat 22 (iyirmi iki) qəpik məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 394-ABC-0194-23 saylı kredit müqaviləsi üzrə 4618 (dörd min altı yüz on səkkiz) manat 61 (altımış bir) qəpik əsas, 970 (doqquz yüz yetmiş) manat 93 (doxsan üç) qəpik faiz borcu, 2 (iki) manat cərimə borcu, olmaqla, cəmi 5591 (beş min beş yüz doxsan bir) manat 54 (əlli dörd) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 83 (səksən üç) manat 22 (iyirmi iki) qəpik tutularaq BOKT «Embafinans” QSC -nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar