Məhkəmə qərarları › İş №e-2(027)-1654/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1654/2022

30.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1654/2022 30.08.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “krediti müqaviləsinin ləğvi, kreditin, ona hesablanmış faiz və zərərin ödənilməsi” tələbinə barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli 008CASA193630015 saylı Güzəştli Kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 5216,31 manat məbləğində əsas borcun, 9,27 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla, cəmi 5225,58 məbləğində borcun və 72,26 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulmasına dair məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008CASA193630015 saylı Güzəştli Kredit müqaviləsinə əsasən bank Borcluya 12 ay güzəşt müddəti olmaqla 05 il müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 6127,02 manat məbləğində kredit vermişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi digər Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixli 008FİZAM51452603 saylı zaminlik müqaviləsinə əsasən, o, krеdit müqаviləsi üzrə öhdəliklərin icrаsı üçün məsuliyyəti öz üzərinə götürmüşdür. 008CASA193630015 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 hər təqvim ayının müvafiq tarixində həm kredit məbləğini hissə-hissə ödəməli, həmdə kreditdən istifadəyə görə aylıq faiz məbləğini ödəməli idi. Lakin, 08CASA193630015 saylı xx.xx.2019-cu il tarixli Güzəşli Kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Cavabdeh2 xx.xx.2022-ci il tarixinə 5216.31 AZN əsas kredit borcu və 9.27 AZN kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 5225.58 AZN borclu qalmaqdadır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı ASC məhkəməyə ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia tələbini etiraf edərək və iddianı qəbul edərək, hal-hazırda maddi imkanlarının olmadığı üçün kredit ödənişlərini vaxtı-vaxtında ödəyə bilmədiklərini, tezliklə kredit ödənişlərini hissə-hissə ödəyəcəklərini bildirdilər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə baxışı iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmışdır. Belə ki, iş materiallarında olan SMS xəbərdarlığın AZEMİS vasitəsilə ilə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmışlar. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Güzəştli Kredit müqaviləsinə əsasən bank Borcluya 12 ay güzəşt müddəti olmaqla 05 il müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 6127,02 manat məbləğində kredit vermişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi digər Cavabdeh1 ilə xx.xx.2019-cu il tarixli 008FİZAM51452603 saylı zaminlik müqaviləsinə əsasən, o, krеdit müqаviləsi üzrə öhdəliklərin icrаsı üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında əsas borc kimi 5216,31 manat, faiz borcu kimi 9,27 manat, ümumilikdə 5225,58 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onların bank qarşısında borcları yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.(maddə 472.2). Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (maddə 472.3). Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdehlər kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onların bank qarşısında borcları yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən Cavabdeh2 ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilə ləğv edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5216,31 manat məbləğində əsas və 9,27 manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 72,26 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 008CASA193630015 saylı Güzəştli Kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 5216,31 manat məbləğində əsas borc, 9,27 manat məbləğində faiz borcu olmaqla, cəmi 5225,58 (beş min üç yüz iyirmi yeddi manat altmış iki qəpik) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olan 72,26 manat məbləğində pul tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar