Məhkəmə qərarları › İş №e-2(027)-1796/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1796/2025

15.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1796/2025 15.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “ maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Açar sözlər: ”maddi və mənəvi ziyanın ödənilməsi” Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ 1.”Been Construction”-dən alınan rəyə əsasən siyahıda təqdim olunan bütün işlərin yalnız işçilik üçün razılaşdırılmış qiyməti 7500 Azn dir. Görülmüş işlər şirkətin əməkdaşı tərfindən təhvil alınarkən mövcud vəziyyətə baxış keçirilmiş və işlər 1500 azn qiymətləndirilmişdir.

2. Ağayev X1 rayon Polis şöbəsində verdiyi izahatda bildirmişdir ki, ümumilikdə ev sahibi İddiaçı 4500 manat məbləğində pul almışdır. ümumilikdə 7000 manata evi təmir etmək üçün təhvil götürmüşdür. Həmin mənzildə müəyyən işlər görmüşdür. 3."xxxx" MMC tərəfindən 10 noyabr 2025-ci il tarixdə Quba rayon Məhkəməsinə ünvanlanmış 10 noyabr 2025-ci il tarixli məktubla qeyd edilmişdir ki, tədqiqat obyektinin ilkin vəziyyəti saxlanılmadığından mütəxəssis tərəfindən qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır.

4. 687166 saylı mədaxil qəbzinə əsasən, İddiaçı hüquq xidməti üçün 150 manat məbləğində pul ödəmişdir

II. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, onun ünvan 2 ünvanlı mənzilinin təmiri ilə bağlı öhdəliyi tam və vaxtında icra etməməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 6000 (altı min) manat məbləğində pulun, 82 manat məhkəmə rüsumunun əvəzinin və hüquq xidməti üçün ödədiyi 150` manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia onunla əsaslandırılmışdır ki, 2024-cü ilin noyabr ayında usta kimi tanıdığı Cavabdeh ilə, ona məxsus yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, 4 MKR, Hüseyn Seyidzadə küçəsində yerləşən 4A saylı evin, 3 saylı mənzilini təmir etdirmək üçün razılığa gəlmişdir. Razılıqlarına əsasən cavabdeh evi tam təmir edərək ona 2024-cü ilin dekabr ayının sonunadək təhvil verməli idi. Hansı ki yanvar ayında toy mərasimimədək evinə köçməli idi. Evin ümumi təmir işlərini 7000 manata razılaşmışdırlar. İddiaçı evin təmirinə başlamaq üçün Cavabdeh 4500 manat pul vermişdir. Cavabdeh təmirə başlayacağını və evi razılaşdıqları müddət ərzində ona təhvil verəcəyini öhdəsinə götürmüşdür. Amma şərtləşdiyikləri müddətdə nəinki evin təmirini başa çatdırdı, əksinə işin cüzi bir hissəsini gördükdən sonra təmirini yarımçıq qoyub çıxıb getmişdir. Bundan sonra keçən müddət ərzində dəfələrlə onunla telefon əlaqəsi saxlasada cavabdeh müxtəlif bəhanələr gətirərək nə evi təmir etmiş, nə də ki, iddiaçıya dəyən ziyanı ödəmişdir. Dəfələrlə ona etdiyi müraciətlər nəticəsiz qaldığından onun barəsində Bakı şəhəri, Nəsimi RPİ-nin 19 saylı PŞnə şikayət ərizəsi ilə müraciət etmişdir. Cavabdeh Polis Şöbəsinə çağırılaraq izahatı alınmışdır. O, Polis Şöbəsində İddiaçı təmirə başlamaq üçün 4500 manat pulu almağını etiraf etmişdir. Cavabdehin evi razılaşdıqları müddətdə təmir edib iddiaçıya təhvil vermədiyinə görə iddiaçı yanvar ayından 5 aydır kirayədə qalır. Cavabdehin qanunsuz əməli nəticəsində ona maddi və mənəvi zərər dəymişdir. O, İddiaçı 4500 manat pulu alıb, yalnız ən yüksək qiymətlə hesabladıqda 1500 manatlıq iş görüb. Qalan pulun müqabilində heç bir iş görülməmiş, pulu da qaytarmamışdır. İddiaçı bildirir ki, qeyd olunanlar evə baxış nəticəsində tərtib edilmiş mütəxəssis rəyi ilə, evin faktiki vəziyyətini əks etdirən videoçəkilişlə təsdiq olunur. Həmiçinin yanvar ayından hal-hazıradək Bakı şəhəri Mir Cəlal küçəsində kirayə qaldığı evə hər ay 600 manat olmaqla 3000 manat kirayə pulu vermişdir. Evin təmir edilməməsi nəticəsində ona 6000 manat yalnız maddi zərər dəymişdir.

7. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edərək, Cavabdeh, onun ünvan 2 ünvanlı mənzilinin təmiri ilə bağlı öhdəliyi tam və vaxtında icra etməməsi nəticəsində ona vurulmuş maddi zərərin əvəzi olaraq 6000 (altı min) manat məbləğində, mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun, 125 manat məhkəmə rüsumunun əvəzinin və hüquqi xidməti üçün ödədiyi 150 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

c) İşdə iştirak edən şəxslər və onların izahatları

9. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizənin məzmununa uyğun izahat vermiş, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

10. İş üzrə Cavabdeh müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. 11.Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi) TƏTBİQ EDİLƏN HÜQUQ

14.AR Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

AR MPM-in: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verməklə və ya protokola qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir . - 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. - 106.3-ci maddəsinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə 114.1.1-ci maddəsinə əsasən qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi qismən təmin edilməlidir. 16.Məhkəməyə təqdim edilmiş iddia ərizəsinin məzmununda da göründüyü kimi iddia tələbi iki hissədən ibarətdir: 1) Cavabdeh tərəfindən vurulmuş maddi ziyanın əvəzi olaraq 6000 manat məbləğində pulun 2) Vurulmuş mənəvi ziyanın əvəzi olaraq 5000 manat məbləğində pulun ödənilməsi

17. Məhkəmə ilkin olaraq maddi ziyanın ödənilməsi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

18. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, tərəflər evin təmir işlərinin həyata keçirilməsi ilə bağlı 7000 manat müqabilində razılığa gəlmişlər. İddiaçı evin təmirinə başlamaq üçün Cavabdeh 4500 manat pul vermişdir. Belə ki, Cavabdeh təmirə başlayacağını və evi razılaşdıqları müddət ərzində ona təhvil verəcəyini öhdəsinə götürmüşdür. Qeyd edilən hal sonuncunun Nəsimi rayon Polis şöbəsində verdiyi izahatla da təsdiq olunur. Şəxs həmin izahatda evin təmir ilə bağlı bir sıra işləri (aboyun vurulması, isti polun çəkilməsi, alçipan işi, elektrik işi və s.) həyata keçirdiyini bildirmişdir. Məhkəməyə təqdim edilmiş "xxxx" MMC-nin 04 may 2025-ci il tarixli arayışına əsasən görülən işlərin ümumi dəyəri 1500 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə tərəfindən görülmüş təmir işlərinin qiymətləndirilməsi ilə bağlı ekspertiza təyin edilməsinə baxmayaraq, ekpertizanın həyata keçirilməsinin mümkün olmadığı bildirilmişdir. 19.Beləliklə, işin hallarından müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 4500 manat məbləğində pulun müqabilində, sonuncu cəmi 1500 manat dəyərində təmir işlərini həyata keçirmiş, qalan 3000 manat məbləğində pulun əvəzində isə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. 20.İddiaçı tələb etdiyi 6000 manat məbləğində pulun 3000 manat hissəsini isə mənzilin vaxtında təhvil verilmədiyini əsas gətirməklə ödəmiş olduğu kirayə haqları ilə əlaqələndirir. 21.Məhkəməyə təqdim edilmiş “Whatsap” platforması üzərindən aparılan danışıqlarla müəyyən edilmişdir ki, həqiqətən də iddiaçı tərəfindən kirayə haqqı olaraq 2025-ci iiln fevral ayında, xx.xx.2025-ci il, xx.xx.2025-ci il , xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə hər dəfə 600 manat olmaqla, ümumilikdə 3000 manat məbləğində ödəniş həyata keçirilmişdir.İşin hallarından məlum olunduğu kimi tərəflər 2024-cü ilin noyabr ayında qısa müddətdə təmirin bitməsi və iddiaçının evə köçməsi barədə razılığa gəlmişlər. Lakin cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi, iddiaçının ailə qurduqdan sonra evə köçməsi müddətini ləngitməklə, onun 5 ay müddətinə kirayə mənzildə qalmasına səbəb olmuşdur.

22. İddia tələbinin mənəvi zərərə görə 5000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması hissəsinə münasibətdə: 23.Məhkəmə qeyd edir ki, iddiaçının cavabdehdən tərəfindən ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 5000 manat məbləğində pulun tutulması tələbi əsassızdır. 24.“Azərbaycan Respublikası MM-nin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002ci il tarixli Qərarında hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. 25.“Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il il tarixli Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. 26.İddiaçı ona mənəvi zərərin vurulmasını cavabdehin mənzili lazımı qaydada təmir etməməsi nəticəsində toy ərəfəsində ruh düşkünlüyü, mənəvi sarsıntı yaratması, uzun müddət stressə məruz qalması ilə əsaslandırmışdır. 27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Qərarında qeyd olunur ki, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir. 28.Həmçinin həmin plenum qərarında vurğulanır ki, məhkəmədə mənəvi zərərlə bağlı işə baxılarkən zərərçəkmiş şəxsin mənəvi və fiziki iztirablar keçirməsi ilə əlaqədar zərərin hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində vurulması, zərər vuranın təqsirinin dərəcəsi və mübahisənin həlli üçün əhəmiyyət kəsb edən digər hallar ətraflı araşdırılaraq müəyyən edilməlidir. 29.Hazırki iş üzrə iddiaçı iddia ərizəsində mənəvi sarsıntı keçirdiyini qeyd etsə də, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını məhkəmədə sübut edə bilməmişdir. Odur ki, bu hissədə iddia tələbi təmin edilməməlidir. 30.Məhkəmə xərclərinə münasibətdə isə məhkəmə qeyd edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82 manat və hüquq xidmətin göstərilməsi üçün ödənilmiş 150 manat da cavabdehə aid edilməlidir

Nəticə :

31. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 6000 manat məbləğində pul, 82 manat dövlət rüsumunun əvəzi və hüquq xidmətin göstərilməsi üçün ödənilmiş 150 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh dəymiş ziyanın əzəvi olaraq 6000 (altı min) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 82 manat və hüquq xidmətin göstərilməsi üçün ödənilmiş 150 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar