Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1820/2025 16.07.2025 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi, Xəlilova Nigar Nemət qızı, iddiaçı "xxxx" ASCnin Cavabdeh qarşı pul tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1415,00 (bir min dörd yüz on beş) manat sığorta ödənişi məbləğinin və 34,15 (otuz dörd manat on beş) manat dövlət rüsumunun, cəmi 1449,15 (bir min dörd yüz qırx doqquz manat, on beş qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 2107” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə “VAZ 2107” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “VAZ 2106” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1415,00 (bir min dörd yüz on beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Quba RPŞ DYPB-nin qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmin qərara əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 2107” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Qeyd olunanlara əsasən, iddiaçı sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 1415,00 (bir min dörd yüz on beş) manat sığorta ödənişinin məbləğini cavabdehdən tələb etmək hüququna malikdir. Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2025-ci il tarixli, AS-25/569 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “VAZ 2107” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində “VAZ 2106” markalı, **- DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 1415 (bir min dörd yüz on beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Sığorta aktından görünür ki, həmin aktda sığorta hadisəsinin xx.xx.2022-ci il tarixdə Quba rayonu ərazisində, yol nəqliyyat hadisəsi nəticəsində baş verməsi, “VAZ 2106” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması, "xxxx" ASC tərəfindən 495 manat məbləğində sığorta ödənişi həyata keçirilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X2 495 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 920 manat pul ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli məktubu ilə sonuncuya nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyi üçün hadisə ilə əlaqəli subroqasiya hüququnun yarandığını qeyd etmiş və 5 gün ərzində ödəniş edilməsi tələb edilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 34,15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiaçı) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbayan Respublikasının Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Azərbaycan Respubikası Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “VAZ 2107” markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində “VAZ 2106” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuş, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. İddiaçı subroqasiya tələbinin əsası olaraq Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsinə istinad etmişdir. Hesab edirəm ki, Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Qanunvericilik normalarının təfsir etsək görərik ki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ (sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmaması sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aid məsələ deyildir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir. Etibarnamə olmadan avtomobilin idarə edilməsi inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. İstifadə müqaviləsinin isə forma tələbi yoxdur. Şifahi şəkildədə bağlana bilər. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir. Ona görə də iddiaçının cavabdehə qarşı mövcud subroqasiya tələbi əsassızdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi rədd edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 34,15 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin olunmasın. "xxxx" ASC tərəfindən ödənilmiş 34,15 manat məbləğində dövlət rüsmumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №e-2(027)-1820/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1820/2025
16.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver