Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1894/2023 02.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “əmlaka vurulmuş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 10.276 (on min iki yüz yetmiş altı) manat 95 (doxsan beş) qəpik, mediasiya xərci üçün ödənilmiş 50 (əlli) manat və dövlət rüsumu üçün ödənilmiş 71 (yetmiş bir) manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2020-ci il tarixli əmək müqaviləsi bağlanmış və o, satıcı kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-cu il tarixli 503 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 05 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində İddiaçı MMC-nin – OBA Quba 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləği 10,414 (on min dörd yüz on dörd) manat 63 (altımış üç) qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan müvafiq hissəsi şirkət tərəfindən güzəşt edilmişdir. Beləliklə, Cavabdeh hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 10.276 (on min iki yüz yetmiş altı) manat 95 (doxsan beş) qəpik borcu qalmaqdadır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarında olan əmək müqaviləsindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən Satış Departamenti şatış şöbəsinə satıcı-kassir vəzifəsinə təyin edilmişdir. İş materiallarında olan “X5 müqaviləsi”nə əsasən Cavabdeh satıcı-kassir vəzifəsinə təyin olunmaqla tam məsuliyyəti üzərinə götürür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 503 saylı əmrdən vəzifə dəyişikliyi barədə çıxarışa əsasən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixindən Satış Departamenti şatış şöbəsindən administrator vəzifəsinə keçiirilmişdir. İş materiallarında olan “X5 müqaviləsi”nə əsasən Cavabdeh administrator vəzifəsinə təyin olunmaqla tam məsuliyyəti üzərinə götürür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 05 saylı əmrdən işdən azad olunma haqqında çıxarışa əsasən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 “b” maddəsinə əsasən Satış Departamentinin şatış şöbəsinin administrator vəzifəsinin əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə yekun olaraq 10276 (on min iki yüz yetmiş altı) manat 95 (doxsan beş) qəpik borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh MMC-nə olan borc ödənilmədiyi təqdirdə müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan X1 iştirak edilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞB-18/2023- 00812 saylı arayışına əsasən, Cavabdeh X1 iştirak etməmişdir. Mediasiya xərci üçün nəzərdə tutulan 55 manat vəsait "xxxx" MMC - tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfüzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlildir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191.1-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Həmin Məcəllənin 192.2-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 194.1-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194.2-ci maddəsinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 198-ci maddəsinə əsasən bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 199-cu maddəsinin a və b bəndinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda və işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə işçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 200.1-ci maddəsinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların X5 daşıması barədə yazılı müqavilə bağlaya bilər. Həmin Məcəllənin 202-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Həmin Məcəllənin 205-ci maddəsinə əsasən işəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir. Əgər ziyan işçi tərəfindən X5 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh əmək müqaviləsi bağlanılmış, həmin əmək müqaviləsinə əsasən cavabdeh satış nümayəndəsi vəzifəsinə işə qəbul edilmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında Azərbaycan Respublikası Əmək Məcəlləinin 199-200-cü maddələrinə əsasən X5 haqqında müqavilə imzalanmış, həmin müqaviləyə əsasən işçinin ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanılması, görüləcək işin layiqincə yerinə yetriilməsini X5 ilə öz üzərinə götürdüyünü və bundan irəli gələn vəzifələr daşıdığı öz əksini tapmışdır. İşəgötürən qismində çıxış edən iddiaçı işçinin qanunsuz hərəkətləri nəticəsində ona maddi ziyan vurulduğunu, malların yoxlanılması zamanı, habelə inventarizasiya nəticələrinə əsasən əksikgəlmə halının baş verdiyini, bunun nəticəsində işəgötüərən maddi ziyan vurulduğunu əsas gətirərək, işçi qismində çıxış edən cavabdehə qarşı belə bir tələb irəli sürərək, iddia tələbinin əsası kimi qeyd olunan hallara istinad etmişdir. Həmçinin, məhkəmədə tədqiq olunmuş sənədlər əsasında müəyyən edilmişdir ki, müvafiq aktın nəticələrinə dair mühasibat-uçot sənədlərinə əsasən zərər məbləği 10276 (on min iki yüz yetmiş altı) manat 95 (doxsan beş) qəpik məbləğində müəyyən edilmişdir. Həmçinin, iddiaçı qeyd olunan məbləğdə zərərin əvəzininin ödənilməsini tələb etmişdir. Bu halda, məhkəmə iş üzrə müvafiq sübutları əsas götürərək, habelə iddiaçıya maddi ziyanın vurulması, vurulmuş ziyanın məhz cavabdehin hərəkətləri nəticəsində baş verməsi, vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olmasını nəzərə alaraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməli, iddiaçıya vurulmuş maddi ziyanın məbləği məhz iddia tələbi həcmində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci və dövlət rüsumu üçün ödənilmiş 71 (yetmiş bir) manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10.276 (on min iki yüz yetmiş altı) manat 95 (doxsan beş) qəpik zərər məbləği, 50 (əlli) manat məbləğində mediasiya xərci və 71 (yetmiş bir) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-1894/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1894/2023
02.11.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver