Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-1906/2025 12.09.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızı, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli DKM/016N05A01861822 №-li kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı qarşısında 926,28 manat məbləğində vaxtı keçmiş əsas borc, 116,24 manat faiz borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 13% dərəcəsi ilə hesablanmış 65,59 manat məbləğində zərərin (əldən çıxmış faydanın) əvəzi, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 32.82 manat məbləğində penya,cəmi 1 140.93 manat məbləğində pul vəsaiti və iddia ərizəsinin verilməsinə görə 31,40 manat məbləğində dövlət rüsumunun birgə qaydada cavabdehlərdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı (kreditor) ASC "xxxx" Bankı ilə Cavabdeh2 (Borc alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli DKM/016N05A01861822 №-li Kredit müqaviləsinəmüvafiq olaraq İddiaçı tərəfindən Borc alana 24 ay müddətinə, illik 13 % ödənilməsi şərtilə, 3 000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Borcalanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixli DKM/016N05A01861822/ZM №-li Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Zamin Borcalanın Kredit müqaviləsi üzrə Bank qarşısında götürdüyü öhdəliklərini tamamilə icra etməsi və ya lazımınca icra etməsi üçün Borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini götürmüşdür. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun 1 №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən, Cavabdeh2 hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin Cavabdeh2 bu öhdəliklərini kobud şəkildə pozmuş və kreditləşmə müddətinin bitdiyi tarixə, yəni xx.xx.2024-cü il tarixinə kredit xətti üzrə əsas borc məbləğini və əsas borc məbləğinə hesablanmış faizləri tam şəkildə Banka qaytarmamışdır. Belə ki, kreditləşmə müddətinin bitdiyi xx.xx.2024-cü il tarixə Cavabdeh2 Kreditor qarşısında gecikdirilmiş borcu cəmi 1 312,52 manat təşkil etmişdir ki, bunun da 1 196,28 manat vaxtı keçmiş əsas və 116,24 manat isə faiz borcu məbləğindən ibarət olmuşdur. Qeyd edilən tarixdən sonra Borc alan tərəfindən ümumilikdə 370 manat məbləğində ödəniş həyata keçirilmişdir ki, bunun da 270 manat məbləğində hissəsi əsas borc məbləğinin bir hissəsinin qaytarılmasına, 100 manat məbləğində hissəsi isə kredit üzrə hesablanmış cərimə borcunun silinməsinə yönəldilmişdir. Beləliklə, iddia ərizəsinin verildiyi xx.xx.2025-ci il tarixinə Borc alanın İddiaçı qarşısında gecikdirilmiş ümumi borcu 1 042,52 manat təşkil edir ki, bunun da 926,28 manat hissəsi vaxtı keçmiş əsas borc məbləğindən, 116,24 manat hissəsi isə faiz borcu məbləğindən ibarətdir. Bundan əlavə Cavabdeh2a kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka Kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə hesablanan adi faizlərlə yanaşı illik 15 % dərəcəsi ilə penya da ödəməlidir ki, xx.xx.2025-ci il tarixinə bu məbləğ 32.82 manat təşkil etmişdir. Cavabdeh2 tərəfindən Kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliklər kobud şəkildə pozulduğuna görə sonuncu, eyni zamanda digər Cavabdeh1 (Zamin) ilə bir neçə dəfə əlaqə saxlanılmasına və onlara borcun ödənilməsinin tələb edilməsinə dair müvafiq olaraq xx.xx.2025-ci il tarixli QSR-XO-7.5.2025-001 №-li xəbərdarlıq məktubunun və xx.xx.2025-ci il tarixli QSR-XO- 7.5.2025-002 №-li Öhdəliklərin yerinə yetirilməsi haqqında Tələbin göndərilməsinə baxmayaraq, həmin şəxslər tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır. Hazırkı iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən əvvəlki təxminən 6 aya yaxın müddəti əhatə edən dövr ərzində eyni növlü və oxşar şərtlərlə verilmiş kreditlər (digər istehlak krediti növü) barədə statistik məlumatları əks etdirən arayış əlavə olunur. Təqdim edilmiş bu arayışdan (https://www.cbar.az/page- 188/credit-institutions saytdan çıxarış) göründüyü kimi, AR Mərkəzi Bankının “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” tələbindən irəli gələrək istehlak kreditləri üzrə orta faiz dərəcələrinə dair məlumata əsasən milli valyutada verilmiş istehlak kreditlərinin illik faiz dərəcəsi 20.5 % təşkil edir. Buna baxmayaraq Bank əldən çıxmış faydanın hesablanmasında kredit müqaviləsində nəzərdə tutulmuş faiz dərəcəsini (13%) dərəcəsini əldə rəhbər tutmağı əsaslı hesab edir və müvafiq hesablanma aparıldıqdan sonra kreditin qaytarılma müddətinin bitdiyi xx.xx.2024-cü il tarixdən iddia ərizəsinin məhkəməyə verildiyi xx.xx.2025-ci il tarixinədək olan dövr üçün bu məbləğ 65,59 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2022-ci il tarixli DKM/016N05A01861822 saylı Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Borc alan Cavabdeh2 24 ay müddətinə, illik 13 % ödənilməsi şərtilə 3.000 manat məbləğində kredit verilmişdir. 1.2Kredit fərdi istehlak məqsədilə ev təsərrüfatı üçün və borc öhdəliklərinin bağlanması üçün verilmişdir. xx.xx.2022-ci il tarixli DKM/016N05A01861822/ZM saylı zaminlik müqaviləsinə əsasən Borcalanın öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə iddiaçı ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh2 926,28 manat məbləğində vaxtı keçmiş əsas borc, 116,24 manat faiz borcu, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-cü il tarixinə kimi vaxtı keçmiş əsas borc məbləğinə illik 13% dərəcəsi ilə hesablanmış 65,59 manat məbləğində zərərin əvəzi, xx.xx.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % dərəcəsi ilə hesablanmış 32.82 manat məbləğində penya,cəmi 1 140,93 manat məbləğində borcu yaranmışdır. "xxxx" ASC tərəfindən Cavabdeh1 və Cavabdeh2 07 may 2025-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 1225.09 manat təşkil edən borc məbləğinin ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia qaldırılması üçün iddiaçı tərəfindən 31,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 472.1-ci və 472.2-ci maddələrində müəyyən olunmuşdur ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 Və 449-cu X1 Şərh Edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 Dekabr 2014-cü il qərarında qeyd edilir ki, MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Məhkəməyə təqdim edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli DKM/016N05A01861822 saylı Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən Borc alan Cavabdeh2 24 ay müddətinə, illik 13 % ödənilməsi şərtilə 3.000 manat məbləğində kredit verilmiş, həmin tarixdə kredit müqaviləsinin təminatı qismində Cavabdeh1 ilə bank arasında DKM/016N05A01861822/ZM saylı zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, cavabdehlər müqavilə üzrə üzərinə götürdükləri öhdəliyi lazımi qaydada və vaxtında icra etməmişlər. Bununla da müqavilə şərtlərini pozmuşlar. Nəticədə iddiaçı bank qarşısında cavabdehlərin kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə məsuliyyəti yaranmışdır. Məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. Borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditiora zərər dəyir. Mülki qanunvericiliyə əsasən öhdəliyin vaxtında icra edilməməsi hüquqi nəticələrə səbəb olan öhdəliyin pozulması hallarından biridir. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Mülki qanunvericiliyə əsasən (MM 421.2) tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdehlərin iddiaçı banka ödənilməmiş 926.28 manat məbləğində əsas və 116.24 manat məbləğində faiz borcu mövcuddur. İddiaçı tələbində eyni zamanda xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək illik 13% hesablanmaqla əldən çıxmış faydanı tələb etmişdir. AR MM-in 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 443.4-cü maddəsinə görə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Məhkəmə ilk növbədə qeyd edir ki, əldən çıxmış fayda formasında maddi zərərin tutulması tələbinə dair işlərə baxılarkən məhkəmə tərəfindən cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması, əldə çıxmış faydanın mövcudluğu faktı və məbləği, eləcə də cavabdehin hüquqazidd əməlləri ilə əldə çıxmış faydanın yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir. Bu zaman iddiaçı onun əldə çıxmış faydanı əldə etməsi üçün zəruri olan bütün hərəkətləri etdiyini, lakin cavabdehin hüquqazidd əməllərinin həmin faydanı əldə etməyə mane olduğunu sübuta yetirməlidir. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, bu hissədə iddiaçı tələbini kifayət qədər əsaslandıra bilməmişdir. Bundan əlavə iddiaçı tələbində 32.82 manat məbləğində cərimənin ödənilməsi tələbi ilə çıxış edir. AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə hesab edir ki, cərimə məbləği 20 (iyirmi) manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu halda, məhkəmə hesab edir ki, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 31,40 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 29-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xx.xx.2022-ci il tarixli DKM/016N05A01861822 №-li kredit müqaviləsi üzrə 926.28 manat məbləğində vaxtı keçmiş əsas borc, 116.24 manat faiz borcu, 20 manat məbləğində cərimə borcu olmaqla, cəmi 1062.52 (min altmış iki manat əlli iki qəpik) və dövlət rüsumu üçün ödənilmiş 31.40 (otuz bir manat qırx qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli
Məhkəmə qərarları › İş №e-2(027)-1906/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-1906/2025
12.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver