Məhkəmə qərarları › İş №e-2(027)-2016/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2016/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2016/2025 27.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X5, Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər X4 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, Müəyyənetdi: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və X2 cinayət əməlləri nəticəsində 25.001,94 manat məbləğində dəymiş ziyan məbləğinin cavabdehlərdən müştərək qaydada zərərçəkmiş LPO İddiaçı ASC-nin xeyrinə tutulması, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 166 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hazırki iş üzrə məhkəmə aidiyyatı məsələsinin müzakirə edilməsini zəruri hesab edir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X10 işin aidiyyatı üzə müvafiq kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddia məhkəmə aidiyyatı üzrə göndərilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, 14977,31 manat məbləğində əsas borcun, 3065,83 manat məbləğində faiz borcunun, 1023,49 manat məbləğində cərimənin və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Plenum Qərarına əsasən hesablanmış 2121,60 manat məbləğində faiz borcunun, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 208 manat məbləğində xərcin və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumun Cavabdeh2 Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh2 məxsus olan Quba rayonunun 2-ci Nügədi kəndində 0,09 ha torpaq sahəsində yerləşən bir otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh2 tutulması və ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin yaşayış sahəsinin boşaldılaraq, ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2-(119)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı Cavabdeh2 vəsatəti əsasında keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 21 aprel 2022-ci il tarixli 4/367 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə “borc alan” və “ipoteka qoyan” Cavabdeh2 arasında bağlanmış 29 iyun 2015-ci il tarixli 2661 nömrəli Kredit Müqaviləsində, 29 iyun 2015-ci il tarixli 2661 nömrəli Kredit Müqaviləsinə Əlavədə (Ödəniş Cədvəlində) və 29 iyun 2015-ci il tarixli Y09/2661 nömrəli İpoteka Müqaviləsində Cavabdeh2 adından olan (ona aid edilən) imzalar – Cavabdeh2 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Eyni zamanda Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-131/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri aşkar olunduğundan, həmin xüsusat üzrə cinayət işinin başlanması məsələsinin müzakirə edilməsi üçün Xüsusi Qərardad çıxarılaraq, müvafiq araşdırma aparılmasından ötrü ərazi aidiyyəti üzrə Quba rayon Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır. Daha sonra İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21.436,23 manat məbləğində dəymiş maddi ziyanın və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 155 manat dövlət rüsumunun cavabdehlər X6, X8 və X7 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Quba rayon Məhkəməsinin 08 may 2025-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Qanuni qüvvəyə minmiş sözügedən qətnamədə göstərilmişdir ki, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 09 sentyabr 2024-cü il tarixli qərarına əsasən X1 imza və xətt nümunələri götürülmüş və təkrar məhkəmə-xətşünaslıq ekspertizasının təyin olunaraq rəy alınmışdır. Məhkəmə-xətşünaslıq ekspertizasının 23 avqust 2024-cü il tarixli 3-16-16/2-4/933 nömrəli rəyindən görnür ki, ekspertizaya təqdim edilmiş, 11 sentyabr 2015-ci il tarixli 05 nömrəli, 30 oktyabr 2015-ci il tarixli 03 nömrəli, 19 fevral 2016-cı il tarixli 04 nömrəli, 07 aprel 2016-cı il tarixli 02 nömrəli, 05 may 2016-cı il tarixli 07 nömrəli, 06 iyun 2016-cı il tarixli 07 nömrəli, 11 iyul 2016-cı il tarixli 02 nömrəli ödəniş qəbzlərində “Ödəyənin imzası” qrafalarındakı imzalar - Cavabdeh2 tərəfindən icra olunmuşdur. Ekspertizya təqdim edilmiş, 08 oktyabr 2015-ci il tarixli 12 nömrəli, 13 oktyabr 2015-ci il tarixli 18 nömrəli ödəniş qəbzlərində “Ödəyənin imzası” qrafalarındakı imzalar - X4 tərəfindən icra olunmuşdur. Hazırda iddiaçı kredit müqaviləsi üzrə 25.001,94 təşkil edən borc məbləğinin dəymiş ziyan qismində cavabdehlər X4 və Cavabdeh2 tərəfindən ödənilməsi tələbi ilə çıxış edir. “Elektron Məhkəmə” İnformasiya sistemindən əldə edilmiş məlumatdan müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh2 vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmışdır və fərdi sahibkardır. (VÖEN:**********). Əlavə olaraq qeyd edilməlidir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Quba filialı ilə borc alan - hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə istiqamələnmişdir. Tərəflər arasında həmin kredit müqaviləsi üzrə borcla bağlı yaranmış mübahisəyə də bu səbəbsən aidiyyatı üzrə kommersiya məhkəməsində baxılmışdır. Hazırki tələb isə sözügedən kredit müqaviləsindən irəli gəlməklə dəymiş ziyanla bağlı qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyektləri qismində hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər. Kommersiya mübahisəsinin predmeti isə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11-ci bəndinə görə o da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir.

14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir. Belə ki, tərəflərdən birinin fərdi sahibkar statusuna malik olmasından asılı olmayaraq mübahisə həmin şəxsin sahibklarlıq fəaliyyətindən irəli gəlmirsə, işə aidiyyəti üzrə ümumi məhkəmədə baxılacaqdır.

25. Qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Məhkəmə yuxarıda sadalanan halları nəzərə alaraq hesab edir ki, İddiaçı ASC-nin cavabdehlər X4 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mübahisəyə baxılması ümumi məhkəmənin deyil, kommersiya məhkəməsinin səlahiyyətinə aiddir. Odur ki, iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Məhkəmə Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli qərarına əsasən Quba rayonu Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 31, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı:

İddiaçı ASC-nin cavabdehlər X4 və Cavabdeh2 qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Kamilli Günel

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar