Məhkəmə qərarları › İş №e-2(027)-2024/2025

Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(027)-2024/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2024/2025 22.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 5824 manat 70 qəpik əsas, 520 manat 49 qəpik faiz, 32 manat 68 qəpik cərimə, 0 manat komisyon haqqı, cəmi 6377 manat 87 qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 84 manat 18 qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2022-ci il tarixində müvafiq ərizəni imzalamaqla "xxxx" KB ASC-nin rəsmi internet səhifəsində (www.unibank.az) yerləşdirilmiş 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmişdir. Ümumi Ofertanın 19.1-ci bəndinə və təsdiq ərizəsinin 3-cü bəndinə uyğun olaraq iddiaçı tərəfindən cavabdehin cari hesabına xx.xx.2023-ci il tarixində xx.xx.2028-ci il tarixədədək illik 27,5% olmaqla istehlak məqsədləri üçün 7400 manat nağd kredit (komissiya 375 manat, aylıq ödəniş hər ayın 6-ı 229 manat) məbləği cavabdehin ödəniş kartına köçürülmüşdür. Kredit məbləğinin hesaba köçürülməsi, həmin vəsaitdən istifadə və ödənişlərin aparılması, o cümlədən aparılmış ödənişlərin silinmə qaydası hesabdan çıxarışda əks olunmuşdur. Ümumi Ofertanın 20.9-cu bəndinə əsasən “Müştəri“ kreditin və/və ya ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40 (qırx) %-i miqdarında cərimə (dəbbə pulu) tətbiq edə bilər. Cavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək, mülki işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə də məhkəməyə məlumat verməmişdir. Məhkəmənin elektron portalından əldə edilmiş məlumatdan müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə sərhədi keçərək ölkə xaricinə getmişdir. Qayıtması barədə məlumat yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə görə Qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. 241.2. Qətnaməni tərtib edərkən hakim bu Məcəllənin 16-cı fəslinin müddəalarını rəhbər tutur. 241.3. İşə qiyabi icraat qaydasında baxılarkən iddianın əsasları və ya predmeti dəyişdirilə və ya iddia tələblərinin məbləği artırıla bilməz. 241.4. İddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. 241.5. İddiaçının dəlilləri iddia tələblərini tamamilə və ya qismən təsdiq etməsə, məhkəmə iddianın və ya onun hissəsinin rədd olunmasına dair qətnamə çıxarır və belə qətnamə, cavabdehin gəlməməsinə baxmayaraq, qiyabi hesab edilmir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 01U/21 saylı xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinə dair ümumi oferta” müqaviləsindən görünür ki, cavabdehə xx.xx.2023-ci il tarixində xx.xx.2028-ci il tarixədədək illik 27,5% olmaqla istehlak məqsədləri üçün 7400 manat nağd kredit ayrılmış, həmin məbləğ cavabdehin ödəniş kartına köçürülmüşdür. Müqavilənin şərtlərinə görə cavabdeh hər ayın 6-ı 229 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2025-ci il tarixə 5824 manat 70 qəpik əsas, 520 manat 49 qəpik faiz, 32 manat 68 qəpik cərimə, 0 manat komisyon haqqı, cəmi 6377 manat 87 qəpik məbləğində qalıq borcu vardır; bildirişin surətindən görünür ki, Cavabdeh banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 84 manat 18 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətindən aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il Qərarında göstərilir ki, təcrübədə müqavilə öhdəliyinin müəyyən müddətə gecikdirildiyi halda bir çox banklar, bir qayda olaraq bütün krediti həmin günə yaranmış faizlər ilə birlikdə borcalandan tələb edir və bu, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilədən birtərəfli qaydada imtina kimi qəbul edilir. Belə ki, həmin maddəyə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Bu zaman əksər banklar müqavilənin ləğvi barədə ayrıca iddia tələbi irəli sürmədən bütün əsas borcun iddia verilən günə və ya qətnamə qəbul olunan günə yaranmış faiz və cərimə öhdəliyinin borcalandan tutulmasını tələb edir. Məhkəmə təcrübəsində artıq formalaşmış yanaşmaya əsasən öhdəliyin pozulmasına görə kredit müqaviləsi üzrə bütün borcu cavabdehdən tələb etməsi bankın müqavilədən birtərəfli imtinası kimi qəbul edilir və müqavilənin ləğv olunması barədə ayrıca tələbin irəli sürülməsi zəruri hesab edilmir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh onun risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli qərarında göstərilir ki, Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, Cavabdeh 5824 manat 70 qəpik əsas borc, 520 manat 49 qəpik faiz borcu, 32 manat 68 qəpik cərimə borcu olmaqla, cəmi 6377 manat 87 qəpik borc iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 84 manat 18 qəpik dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 243.1-ci maddəsində göstərilir ki, Qiyabi qətnamə çıxarıldıqdan sonra 10 gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir; 243.2-ci maddəsində göstərilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə hakim qiyabi qətnaməni elektron imzası ilə təsdiq etməklə qiyabi qətnamə çıxarıldığı vaxtdan 10 (on) gündən gec olmayan müddətdə işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərində yerləşdirilməsini təmin edir. 244-cü maddəsində qeyd olunur ki, cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır; 253.2.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllənin 241.5-ci və 251-ci maddələrində nəzərdə tutulmuş qaydada qətnamə qəbul edildikdə apellyasiya qaydasında şikayət verilə bilər; 253.2.2-ci maddəsinə əsasən cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə apellyasiya qaydasında şikayət verilə bilər; 253.3-ci maddəsinə əsasən, Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra şikayət verə bilərlər. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 241, 243, 244, 253-cü maddələrini rəhbər tutaraq QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5824 manat 70 qəpik əsas borc, 520 manat 49 qəpik faiz borcu, 32 manat 68 qəpik cərimə borcu olmaqla, cəmi 6377 manat 87 qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 84 manat 18 qəpik iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar