Məhkəmə qərarları › İş №e-2(027)-2047/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2047/2023

25.12.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2047/2023 25.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndə qismində vəkili Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi qismində vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı torpaq sahəsinə və əmlak kompleksi kimi müəssisəyə mülkiyyət hüququnun həyata keçirilməsində yaranmış maneələrin aradan qaldırılması, zəbt edilmiş əmlakdan çıxarılma, maddi və mənəvi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-12301 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu, Xucbala kəndində yerləşən ümumi sahəsi 462.0 kv.m olan əmlak kompleksi kimi müəssisəyə və həmin müəssisənin yerləşdiyi 1,0024 ha torpaq sahəsinə mülkiyyət hüququnun (sahiblik, istifadə) həyata keçirilməsinə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, onların və əşyalarının ona məxsus əmlak kompleksi kimi müəssisədən (binadan) və müəssisənin yerləşdiyi torpaq sahəsindən çıxarılması; mülkiyyətindən istifadəyə imkan verməməklə ona vurduqları maddi ziyana görə 20000 manat, mənəvi ziyana görə isə 30000 manat məbləğində pulun, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək üçün ödədiyi 240 manat məbləğində pulun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-12301 reyestr nömrəli çıxarışa əsasən Quba rayonu Xucbala kəndində yerləşən ümumi sahəsi 462.0 kv.m olan əmlak kompleksi kimi müəssisə və həmin əmlak kompleksinin yerləşdiyi 1,0024 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Həmin müəssisəni o xx.xx.2017-ci il tarixdə keçirilən hərrac vasitəsilə almışdır. Müəssisənin satın alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə xx.xx.2017-ci il tarixli, 3435 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müəssisəni alarkən onun içərisində 12 ədəd çən, 1 ədəd yanacaq çəni, 2 ədəd bişirici avtoklav, 10 tonluq sıxıcı pres, tərəzilər, həmçinin müəssisəyə aid olan bütün əşyalar olmuşdur. O hərrac vasitəsilə müəssisəni satın alarkən qeyd edilən əşyalarla birlikdə almışdır. Lakin aldığı müəssisəyə cavabdehlər qanunsuz olaraq daxil olaraq orada yaşamağa başlamışlar. Cavabdehlərin heç bir hüquqları olmadıqları halda onun mülkiyyətində olan əmlak kompleksi kimi müəssisədə yaşamaqları müəssisənin fəaliyətinə mane olmuş, nəticədə müəssisənin fəaliyyəti dayanmışdır. Həmçinin cavabdehlər onun mülkiyyətində olan müəssisənin bir hissəsində özlərinə yaşayış üçün otaq da düzəltmişlər. Bütün bunlarla yanaşı cavabdehlər əmlak kompleksi kimi müəssisənin içərisində olan və harrac zamanı ona satılan əşyaları, istehsal prosesində lazım olan avadanlıqları da onun razılığı və icazəsi olmadan satmışlar. Dəfələrlə cavabdehlərə ona məxsus müəssisədən çıxmalarını bildirsə də, buna əməl etməmişlər. Artıq cavabdehlərin təqsiri üzündən zavod illərdir ki, fəaliyyətini dayandırmışdır. Bu da ona külli miqdarda ziyan vurmuşdur. O cavabdehlərin ona vurduqları maddi ziyanı 20000 manat məbləğində, bu illər ərzində çəkdiyi əsəb və gərginliyi, iş qurmaq adı ilə aldığı müəssisədən gəlir əldə edə bilməməyin verdiyi iztirablara görə çəkdiyi mənəvi zərəri isə tam kompensasiya etməsə də, 30000 manat məbləğində qiymətləndirir. Hazırda cavabdehlər ona məxsus müəssisədən çıxmadıqları üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə cavabdehlərin nümayəndəsinin izahatına iradını bildirərək qeyd etmişdir ki, iddia tələbinin təmin olunmasını xahiş edir. Belə ki, iddiaçı tərəfin müəyyən məbləğ ödəmək təklifi razılaşma kimi deyil, halallıq baxımından olmuşdur. Bu məqsədlə əvvəlki məhkəmə iclaslarında onlar cavabdehlərə 5000 manat kompensasiya təklif etmiş, lakin onlar bu məbləğlə razı olmamışlar. Sonra 8000 manat tələb etsələr də, fikirlərini dəyişərək 50 000 manat tələb etmişlər. Əmlak iddiaçının mülkiyyətinə verilmiş və halhazırda onun əlində mülkiyyəti təsdiq edən çıxarışı vardır. Bununla belə o cavabdehlərə müəyyən əlavə xərclərlə bağlı maddi təminat təklif etmişdir. Məhkəmə iclasında cavabdehlərin nümayəndəsi qismində vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında qeyd etmişdir ki, 1991-ci ildən mübahisəli torpaq sahəsi "xxxx" MMC-nin balansında olub, sənaye təyinatlı torpaq olub. Buna baxmayaraq mübahisə predmeti olmasa da, iddiaçının adına yaşayış təyinatlı torpaq kimi çıxarış verilib. Cavabdehlər 91-ci ildən o müəssisədə çalışmış və ailə kimi yaşamışlar. Müəssisə 1995-ci ildə dağılıb, onlara söz verilib ki, torpaq sahəsi və içindəki əmlak adlarına özəlləşdiriləcək və mülkiyyətə veriləcək, bu barədə dəfələrlə özləri də müvafiq qurumlara müraciət etmiş, buna baxmayaraq heç bir cavab verilməmişdir. Artıq yaşlı adamlardır, getməyə başqa yerləri də yoxdur. Orada çox acınacaqlı vəziyyətdə yaşayırlar. Aralarındakı razılıq məsələsinə gəldikdə isə, onlara təklif olunan 5000 manatla razılaşmamışlar, bu halda o çalışıb onları 8-10 min manatla razı salmış və bu barədə o iddiaçının vəkiliylə əlaqə saxlayaraq fikrini bildirmişdir. Vəkil bu barədə iddiaçının özü ilə danışacağını və nəticəsi barədə ona məlumat verəcəyini bildirsə də, onlar bu təklifə fikir bildirməmişlər. Cavabdehlərin nümayəndəsi qismində vəkili Vəkil2 Əliağa oğlu həmçinin ərizə təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, mübahisəli əmlakla bağlı cavabdehlər tərəfindən heç bir hüquq pozuntusu olmamışdır, əksinə onların hüquqları pozulmuşdur. Cavabdehlər 1991-ci ildən "xxxx" Kiçik Sənayə müəssisəsində işləyiblər, bu günə qədər əmək müqavilələrinə xitam verilməmiş və 30 ildən çox olan əmək haqları ödənilməmişdir. ikinci məsələ ondan ibarətdir ki, müəssisənin fəaliyyəti 1995-ci ildə dayandırılmışdır və həmin tarixdən müəssisənin özəlləşdirmə prosesinə başlanılmışdır.Müəssisə ləğv olunan zaman qanunvericiliklə nəzərdə tutulan əmək kollektivinin müstəsna hüquqları pozulmuşdur. Belə ki, həm nizamnamədə, həm də özəlləşdirmə ilə bağlı qanunvericilikdə əmək kollektivinin müəssisənin əmlakının alqı-satqısında müstəsna hüquqları olmasına baxmayaraq, Əmlak Məsələləri üzrə Dövlət xidməti tərəfindən həmin hüquqların həyata keçirilməsi qanunsuz olaraq məhdudlaşdırılmış və cavabdehlərə əmlakın hərrac yolu ilə alqı-satqısı proseduru barəsində məlumat verilməmişdir. Qeyd edir ki, məhkəməyə təqdim edəcəyi sübutlardan da aydın görünür ki, cavabdehlər 1991-ci ildən Xucbala Kiçik müəssisənin (indiki Xucbala MMCnin) ərazisində yaşayırlar və vəzifə təlimatlarına uyğun olaraq həmin ərazi üzrə maddi məsul şəxslər olmuşlar. Məhkəməyə təqdim olunan aktlardan da aydın görünür ki, müəssisənin balansında olan bütün əmlaklar uzun müddətdir ki istifadəyə tam yararsız vəziyyətdə olmuşdur. Cavabdehlərin ümumiyyətlə, müəssisə əmlakının satılmasından xəbəri olmamışdır və orada yaşadıqları müddət ərzində heç kim onlara oranı tərk etməklə bağlı məlumat verməmişdir. Əksinə cavabdehlər özləri dəfələrlə müəssisənin ərazisinin özəlləşdirilməsi və onlardan qanunlar nəzrədə tutulmuş qaydada kompensassiya ödənilməklə təhvil alınması ilə bağlı müxtəlif dövlət qurumlarına müraciət etmişdilər. Sübutların həcmi böyük olduğundan elektron məhkəmə sisteminə yerləşdirmək mümkün olmamışdı, bu səbəbdən həmin sübutlar məhkəmə iclası zamanı təqdim olunacaqdır. Cavabdehlər həyatlarını həmin müəssisəyə həsr etmişlər. Səməd müəllim 91-ci ildən həmin müəssisənin direktoru vəzifəsində işləyib. Hətta MMC yaradılandan sonra da direktor səlahiyyəti onda olmuşdur. Bu müddət ərzində əmək haqqları ödənilmək vədi ilə həmin ərazini mühafizə etmişlər. İndi onların heç bir haqqı ödənilmədən oradan qovulması tələbi nə dərəcədə düzgündür. 32 ildir ki, onların əmək hüquqları, özəlləşdirmə ilə əlaqədar olan hüquqları pozulmuşdur. Müəssisənin alqı-satqısı, hərracın nəticələri və əmlakın iddiaçının mülkiyyətinə keçmə əsasları, həmçinin, hazırkı iş üzrə olan cavabdeh olan şəxslərin pozulmuş əmək hüquqları məhkəmə qaydasında mübahisələndiriləcəkdir. Bu səbəbdən iddia tələbinə bir daha etirazlarını bildirərək, təmin olunmamasını xahiş etmişdilər. Məhkəmə iclasında Cavabdeh1 izahatında bildirmişdir ki, iddianı qəbul etmir, belə ki, 50 ildir digər Cavabdeh2 ilə birlikdə mübahisəli kompleksdə yaşayır. Əmlak "xxxx" MMC-yə məxsus olmuşdur. Hansı yolla, hansı sənədlər əsasında iddiaçının mülkiyyətinə verilməsindən məlumatı olmamışdır. Onunla həmin əmlakla bağlı 2017-ci ildən müqavilə bağlansa da, sonradan ona heç bir məlumat verilməmişdir. Özəlləşdirilməsindən ötrü neçə dəfə müraciət etsə də, bu barədə ona müsbət rəy verilməmişdir və o bu günə kimi də sənədləşmə işini apara bilməmişdir. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etmədiyini bildirmiş və izahatında 1991-ci ildən müəssisənin ərazisində yaşadıqlarını, onları aldadaraq möhürü onlardan aldıqlarını bildirərək iddiaçının özünün məhkəmə iclasında iştirakının təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının vəkilinin, cavabdehlərin və cavabdehlərin vəkilinin izahatlarını dinləyib, iş matariallarını tədqiq etməklə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Xucbala kəndində yerləşən 1.0024 ha torpaq sahəsi və həmin torpaq sahəsində tikilmiş 462.0 kvm daşınmaz əmlak tam mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 105 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan xx.xx.2017-ci il tarixli, 345 nömrəli “Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə keçirilən hərracda Quba rayonu, Xucbala kəndində yerləşən "xxxx" MMC-ni və 1.0024 ha torpaq sahəsini satış qiymətiylə 36500 (otuz altı min beş yüz) manata almışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan göründüyü kimi, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********* qeydiyyat nömrəli, **********51-09301 reyestr nömrəli çıxarışa əsasən, Quba şəhəri, H.Əliyev prospekti,ev 227Q, 5 otaqlı 7 nömrəli mənzil tam mülkiyyət hüququ ilə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan göründüyü kimi, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********* qeydiyyat nömrəli, **********51-09301 reyestr nömrəli çıxarışa əsasən, X1 mülkiyyətndə Quba rayonu Xucbala kəndində 0.29 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Quba rayonu Xucbala kəndində yerləşən "xxxx" MMC-yə məxsus əmlak kompleksi kimi müəssisə və həmin əmlak kompleksinin yerləşdiyi torpaq sahəsini hərrac vasitəsilə almış, müəssisənin satın alınması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə alqı-satqı müqaviləsi bağlanmış və Daşınmaz əmlakın Dövlət reyestrindən mülkiyyəti təsdiq edən müvafiq çıxarış alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə huququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan Huquqları uzrə Avropa Məhkəməsi Marks Belçikaya qarşı iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Sporronq və Lonnrot İsveçə qarşı işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Avropa insan hüquqları məhkəməsi Sporrong və Lonnrotun İsvecrə qarşı məhkəmə işi üzrə qərarında (A 52(1982) və bundan sonra qəbul etdiyi digər qərarlarında belə mövqe nümayiş etdirmişdir ki, mulkiyyət hüququnun məzmununa mülkiyyətçinin öz mülkiyyətindən maneəsiz istifadə etməsi, mülkiyyətdən məhrum edilməsinin yolverilməzliyi; habelə mülkiyyətindən istifadəyə nəzarət səlahiyyətləri də daxildir, Azərbaycan Respublikasının Mülki qanunvericiliyinə və Avropa İnsan Hüquqları Konvensiyasına görə mülkiyyətçinin iradəsinə zidd onun mülkiyyətindən istifadəyə yol verilmir. Göründüyü kimi, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İddiaçı hal-hazırda həmin əmlakın yeganə mülkiyyətçisidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia cavabdehlər tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, onların və əşyalarının ona məxsus əmlak kompleksi kimi müəssisədən (binadan) və müəssisənin yerləşdiyi torpaq sahəsindən çıxarılmasına dair hissədə əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddianın bu hissədə əsaslı olmasına dair nəticəyə gələrkən Quba şəhəri, H.Əliyev prospekti,ev 227Q, 5 otaqlı 7 nömrəli mənzilin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus olmaqla cavabdehlərin ailə kimi yaşayış sahəsinə ehtiyaclarının həmin mənzillə aradan qaldırılması imkanını və mübahisə predmetinin əmlak kompleksi olmaqla istifadə hüququ baxımından dəyərləndirilmənin aparılmasının mümkünsüzlüyünü də nəzərə almışdır. İddiaçı həmçinin mülkiyyətindən istifadəyə imkan verməməklə ona vurduqları maddi ziyana görə 20000 manat pulun cavabdehlərdən tutularaq ona ödənilməsini tələb etmişdir. Sübut etmə yükü baxımından müəyyən edilmişdir ki, maddi və mənəvi ziyanla bağlı iddiaçı tərəfindən mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Halbuki, məhkəmə mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməli, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmalıdır. Qeyd olunanlara əsasən iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı həmçinin mənəvi ziyana görə isə 30000 manat cavabdehlərdən tutularaq ona ödənilməsini tələb etmişdir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Plenum qərarının 4-cü bəndində göstərilir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizliklə (mülki, cinayət, inzibati və s. hüquq pozuntularda) ifadə oluna bilər. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı ona mənəvi zərərin vurulduğuna görə 30000 manat məbləğin cavbdehlərdən onun xeyrinə tutulmasını tələb etsə də, məhkəmə araşdırması zamanı iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirinin olmasını təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi mənəvi zərər hissəsində əsassız olmaqla, təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 240 (iki yüz qırx) manat dövlət rüsumunun ödənilmiş tələblərin məbləğində münasib 100 manat hissəsi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 əşyaları ilə birlikdə İddiaçı məxsus Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********23-10301 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Xucbala kəndində 462.0 kvm daşınmaz əmlakın yerləşdiyi 1.0024 ha torpaq sahəsindən çıxarılsınlar. Ödənilmiş dövlət rüsumunun 100 (yüz) manat hissəsi Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 140 (yüz qırx) manat hissəsi iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar