Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2084/2023 21.11.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1, İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Quba Rayon Məhkəməsinin 2(027)- 274/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsiylə təyin olunmuş alimentin miqdarı artırılaraq birgə nikahdan olan 24 aprel 2010-cu il təvəllüdlü X2 və 15 iyun 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaqa görə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin, ilkin mediasiya prosesi zamanı 50 (əlli) manat məbləğində xidmət haqqı kimi ödədiyi pulun və hüquqi yardım haqqında müqaviləyə əsasən ödədiyi 400 (dörd yüz) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 30 iyul 2009-cu il tarixində el-adəti üzrə ailə qurmuş, birgə nikahdan24 aprel 2010- cu il təvəllüdlü X6 və 15 iyun 2016-cı il təvəllüdlü X7 adlı uşaqları doğulmuşdur. Cavabdehlə aralarında olan ailə münasibətlərinin pozulması səbəbindən Quba Rayon Məhkəməsinin 2(027)-274/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə aralarındakı nikah pozulmuş, nikah pozulan zaman birgə nikahdan olan 24 aprel 2010-cu il təvəllüdlü X6 və 15 iyun 2016-cı il təvəllüdlü X7 onun yanında saxlanılmış və saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin alınıb ona verilməsi qət edilmişdir. Hazırda qeyd edilən məbləğ bir uşağın bir aylıq təlabatını belə ödəmir. Qızları böyümüş, artıq məktəblidir. Özü qızlarının tələbatlarını ödəməyə çalışsa da, bu məsələdə çox çətinlik çəkir. Uşaqların məktəblə bağlı təminatlarını tək başına qarşılayır. Hazırkı vəziyyətdə cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuş aliment birgə nikahdan olan uşaqların qanunvericilikdə nəzərdə tutulmuş layiqli həyat şəraitində yaşamaq hüququnu təmin etmir. İlkin olaraq məhkəmədən kənar qaydada Cavabdeh ilə məsələnin həll edilməsi üçün mediasiyaya müraciət etsə də, Cavabdeh mediasiyanın keçirilməsi ilə bağlı görüşə gəlsə də, onunla razılığa gəlmədiyi üçün mənə 19 may 2023-cü il tarixdə X5 sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. Buna görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsilə müraciət edərək, etirazını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarında da qeyd edilmişdir ki, Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur; tərəflərin maddi və ailə vəziyyəti; diqqətəlayiq digər hallar; uşağın əvvəlki təminatının səviyyəsi. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Məlumat üçün bildirir ki, rəsmi olaraq heç yerdə işləmir. Dolanışığını günə muzd işlərdə işləməklə təmin edir. Quba Rayon Məhkəməsinin 2(027)-274/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimenti hər uşağa 120 manat olmaqla, cəmi 240 manat məbləğində aliment pulunu günəmuzd işlərdə işləməklə vaxtı-vaxtında ödəyir. İddiaçı isə məktəbdə direktor müavini vəzifəsində işləməklə, yüksək əmək haqqı alır. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub- qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Cavabdeh həmçinin izahatında bildirmişdir ki, o 2023-cü ilin mart ayında ailə qurub maddi durumu çoxda qənatəbəxş deyil. Əgər istəyirsə uşaqlardan birini ona versin, o şəraitinə uyğun onu saxlasın, belə də cəmi 280 manat aliment ödəyə bilər. cavabdeh qeyd etdi ki, iddiaçı uşaqları ona göstəmir, o istədiyi vaxt uşaqlarını görə bilmir. Göstərilənləri nəzərə alaraq iddianı qismən təmin edilməsini və qalan hissələrdə rədd edilməsin xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işdə olan sənədləri araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin 2(027)-274/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsinə əsasən, Nağıyeva (Qəhrəmanova) Sara Əskər qızı ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə bağlanmış nikahın pozulması, birgə nikahından doğulmuş birgə nikahdan olan 24 aprel 2010-cu il təvəllüdlü X6 və 15 iyun 2016-cı il təvəllüdlü X7 anaları-İddiaçı yanında saxlanılmış və saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin alınıb İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ 365950 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh ilə X8 arasında bağlanmış nikah pozulmuş, nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 88 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan AZ-İİ 353739 seriya və nömrəli “Doğum haqqında Şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 24 aprel 2010-cu il təvəllüdlü X6 anadan olmuş, ata qrafasında- Cavabdeh, anası qrafasında- Nağıyeva (Qəhrəmanova) Sara Əskər qızı qeyd edilmişdir. İş materiallarında olan AZ-İİ 353739 seriya və nömrəli “Doğum haqqında Şəhadətnamə”nin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından 15 iyun 2016-cı il təvəllüdlü X7 anadan olmuş, ata qrafasında- Cavabdeh, anası qrafasında- Nağıyeva (Qəhrəmanova) Sara Əskər qızı qeyd edilmişdir. İş materiallarında olan X5 sonra prossesin davam etdirilə bilməməsi barədə xx.xx.2023-cü il tarixli MŞQ-MT-027-2023-00604 saylı arayışına əsasən, Cavabdeh ilkin mediasiya sessiyasının davam etdirməyə razılıq verməmişdir. Mediasiya xərci üçün nəzərdə tutulan 50 manat vəsait İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan hüquqi yardımın göstərilməsi haqqıda müqavilədən və ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardımın göstərilməsinə görə 400 manat vəsait ödənilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Quba Rayon Məhkəməsinin qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə iki uşaq üçün hər ay 240 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. İddiaçı uşaqların gündəlik tələbatının artmasını əsas götürərək, aliment pulunun artırılaraq hər ay bir uşağın saxlanılması üçün 250 manat olmaqla cəmi 500 (beş yüz) manat Cavabdeh tutularaq ona vetilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Həmin Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 132.1.1 və 132.1.2-ci maddələrinin şərh edilməsinə dair” 5 oktyabr 2012-ci il tarixli qərarda formalaşdırdığı hüquqi mövqeyə əsasən, uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, onlarla birgə yaşamaq hüququna malikdir. Eyni zamanda, uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. «Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, məhkəmə araşdırması zamanı iddiaçı uşaqların aylıq xərcinin 250 manat olduğunu bildirsə də, məhkəməyə buna dair hər hansı sübut təqdim edə bilməmişdir. Bu halda, məhkəmə müvafiq məhkəmə qətnaməsi əsasında təyin edilmiş alimentin məbləğini hazırki halqa qanunvericiliklə müəyyən edilmiş yaşayış minimumu məbləği ilə müqayisə edərək, həmin dövrdən indiyədək uzun bir müddət keçməsi halının, bu halın isə uşaqların zəruri xərclərinin artmasına təsirinin real olmasının, habelə qeyd edilən məbləğ arasında olan fərqin uşaqların mənafeyinə əhəmiyyətli dərəcədə təsir etdiyini nəzərə alaraq, habelə hər bir halda, uşaqların üstün mənafeyini, onların daimi artan gündəlik xərclərinin, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsinin zəruriliyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə uşaqların saxlanılması üçün təyin edilmiş alimentin məbləği artırılmalıdır. Məhkəmə uşaqların maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, alimentin hər uşağa görə 170 manat məbləği həddində müəyyən edilməsini mümkün hesab edir. Beləliklə də məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İddia ilə həmçinin mediasiya prosesinin keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat rüsumunun və hüquqi yardımın göstərilməsinə görə 400 manat vəsaitin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia 68 faiz hissədə təmin olunduğundan, hüquqi yardımın göstərilməsinə görə 400 manat vəsaitin həmin faizə nisbətdə müəyyən olunmuş 272 məbləği cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmçinin, qeyd edilməlidir ki, “Dövlət rüsumu haqqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmçinin, qeyd olunan Qanunun 8.1.2-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1000 manatdan 10000 manatdək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qeyd olunan hüquq normalarını əsas götürərək, hesab edir ki, hazırki iş üzrə ödənilməli olan 32 (otuz iki) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Quba Rayon Məhkəməsinin Məhkəməsinin 2(027)-274/2021 nömrəli, 03 mart 2021-ci il tarixli qətnaməsi ilə təyin olunmuş alimentin miqdarı dəyişdirilsin. 24 aprel 2010-cu il təvəllüdlü X6 və 15 iyun 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilsin. İş üzrə ödənilmiş 50 (əlli) manat məbləğində mediasiya xərci və hüquqi yardımın göstərilməsinə görə 272 Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ödənilməli olan 32 (otuz iki) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-2084/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2084/2023
21.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver