Məhkəmə qərarları › İş №e-2(027)-2085/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2085/2022

21.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2085/2022 21.09.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “borc tələbi”nə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra BOKT "xxxx" MMC) Cavabdeh qarşı “borc tələbi”nə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu 593,47 (beş yüz doxsan üç manat qırx yeddi qəpik) manat, faiz borcu 126,67 (bir yüz iyirmi altı manat altmış yeddi qəpik) manat, cərimə borcu 89,02 (səksən doqquz manat iki qəpik) manat, həmçinin ərizəyə görə ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi, ümumilikdə 839,56 (səkkiz yüz otuz doqquz manat əlli altı qəpik) manat borcun iddiaçı BOKT "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC kiçik iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh oğlına 15 ay müddətinə qaytarmaq şərti ilə 835 (səkkiz yüz otuz beş) manat məbləğində kredit verilmiş və bununla bağlı BOKT "xxxx" QSC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 391-QZM-0483-21 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh BOKT "xxxx" MMC-yə xx.xx.2022-ci il tarixə əsas borcu 593,47 (beş yüz doxsan üç manat qırx yeddi qəpik) manat, faiz borcu 126,67 (bir yüz iyirmi altı manat altmış yeddi qəpik) manat cərimə borcu 89,02 (səksən doqquz manat iki qəpik) manat olmaqla, ümumi borcu 809,16 (səkkiz yüz doqquz manat on altı qəpik) manat təşkil edir. Cavabdeh müqaviləyə əsasən ödənişləri vaxtında ödəməyi öhdəsinə götürmüş, lakin üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmişdir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, kredit təşkilatı tərəfindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz),19 (otuz manat on doqquz qəpik) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - BOKT "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 391- QZM-0483-21 saylı kredit müqaviləsindən və ona əlavələrdən görünür ki, cəmiyyət tərəfindən Cavabdeh 15 ay müddətinə 835 (səkkiz yüz otuz beş) manat məbləğində kredit verilmişdir; - xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçının nümayəndəsi tərəfindən 30 (otuz),40 manat məbləğində dövlət rüsumu ödənilmişdir; - maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə əsas borcu 593,47 (beş yüz doxsan üç manat qırx yeddi qəpik) manat, faiz borcu 126,67 (bir yüz iyirmi altı manat altmış yeddi qəpik) manat cərimə borcu 89,02 (səksən doqquz manat iki qəpik) manat olmaqla, ümumi borcu 809,16 (səkkiz yüz doqquz manat on altı qəpik) manat məbləğində borcu yaranmışdır. Beləliklə, müəyyən olundu ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 391-QZM-0483-21 saylı müqaviləyə əsasən, cavabdehə 15 ay müddətinə 835 (səkkiz yüz otuz beş) manat məbləğində kredit ayrılmış və sonuncu krediti təyinatı üzrə istifadə etmək, kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan sənədlərdən aydın olduğu kimi, kredit məbləğindən istifadə nəticəsində borc vaxtında ödənilmədiyi üçün, cavabdehin icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etsə də, həmin müqavilədən irəli gələn vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər; 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 449.1-ci maddəsinə görə, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər; 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hesab edirəm ki, əsas borc 593,47 (beş yüz doxsan üç manat qırx yeddi qəpik) manat təşkil etdiyi halda, 89,02 (səksən doqquz manat iki qəpik) manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə azaldılmalı və 60 (altmış) manat müəyyən edilməlidir. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30,40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli 391-QZM-0483-21 saylı kredit müqaviləsi üzrə 593,47 (beş yüz doxsan üç manat qırx yeddi qəpik) manat əsas, 126,67 (bir yüz iyirmi altı manat altmış yeddi qəpik) manat faiz, 60 (altmış) manat cərimə borcu olmaqla, ümumilikdə 780,14 (yeddi yüz səksən manat on dörd qəpik) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat və 0,40 (qırx) qəpik xidmət haqqı olmaqla, ümumilikdə 810,54 (səkkiz yüz on manat əlli dörd qəpik) manat Cavabdeh iddiaçı BOKT "xxxx" QSCnin xeyrinə tutulsun. Qətnamədən, qəbul edildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar