Məhkəmə qərarları › İş №e-2(027)-2116/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2116/2025

01.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2116/2025 01.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı, İddiaçı “Finca Azərbaycan” MM QBKT-nın Cavabdeh qarşı “borc” tələbi barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı “Finca Azərbaycan” MM QBKT Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 471,10 AZN, faiz borcuna görə 0,00 AZN, cərimə borcuna görə 0,00 AZN, cəmi 471,10 AZN məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********6025 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min manat) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 166 AZN olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Kredit məbləği Kredit Alana nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, kredit kartında təqdim edilir. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən Kredit Alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2025-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh əsas borc üzrə 471,10 AZN, faiz borcuna görə 0,00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 471,10 AZN təşkil edir. Mübahisənin məhkəmədən kənar həll edilməsinin təmin edilməsi üçün tərəflərindən cavabdehə pretenziya məktubu göndərilmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. -İş materiallarından olan İddiaçı MM QBKT ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********6025 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərüffatının yaradılması, genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması məqsədi məqsədləri üçün illik 28.00% faiz dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min manat) AZN məbləğində kredit verilmişdir. -xx.xx.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MM QBKT-yə olan borcu əsas borc üzrə 471,10 manat, faiz borcu üzrə 0,00 manat, cərimə borcu 0,00 manat təşkil edir. Ərizəyə əlavə olunmuş xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq, qət etdim: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh əsas borc üzrə 471,10 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu İddiaçı MM QBKT-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nigar Xelilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar