Məhkəmə qərarları › İş №e-2(027)-2315/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2315/2024

20.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2315/2024 20.11.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxıb, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə Quba Rayon Məhkəməsinə müraciət edərək, “Toyota Prius” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobili istifadə edərək avtomobilin gündəlik icarə haqqı ödənişlərindən ödənilməmiş qalan borc məbləği – 310 manatın, icarə müqaviləsinin 3.3.19-cu yarım bəndinin şərtlərinə riayət etmədən avtomobili ona geri qaytardığı üçün cərimə olaraq 14 gün müddəti üçün gündəlik icarə haqqı məbləği olan – 350 manatın, avtomobilin qabaq buferinin rənglənməsi xərcinə görə təmir xərci – 65 manatın, cavabdehin təqsirli hərəkətlərinə görə EQ 21185303 saylı (40 AZN) və EQ21263413 saylı (20 AZN) protokollar üzrə inzibati tənbeh haqqında cərimələrin – 60 manatın, işə baxılması ilə əlaqədar məsrəf qismində yol xərci – 23 manat 60 qəpik manatın olmaqla ümumilikdə cəmi 808 manat 60 qəpik (səkkiz yüz səkkiz manat altmış qəpik) manatın Cavabdeh İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona məxsus olan buraxılış ili 2007-ci il tarixli, “Toyota” markalı, “Prius” model, ** DV *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi JTDKB20UX77615187 olan, açıq yaşıl metallik rəngli daşınar əmlak (minik avtomobili) tərəfindən xx.xx.2024-cü il tarixli “İcarə” müqaviləsi əsasında (gündəlik 25 AZN olmaqla) Cavabdeh (cavabdehə) icarəyə verilmişdir. Cavabdeh qeyd olunan “İcarə” müqaviləsinin bütün şərtlərini oxuyaraq razılaşmış və bütün səhifələrini şəxsən imzalamışdır. Cavabdeh ilk əvvəl müqavilə əsasında öz üzərinə götürdüyü öhdəlikləri lazımınca icra eləsə də, sonradan müvafiq öhdəliklərini yerinə yetirməmiş və hətta müqavilənin 3.3-cü bəndinin (3.3-cü maddənin məzmunu: “İcarəçi” hazırkı müqavilə qüvvədə olduğu müddətdə bu vəzifə və öhdəlikləri icra etməlidir:) 3.3.19-cu yarımbəndinin şərtlərinə riayət etmədən (3.3.19-cu maddənin məzmunu: Hazırkı müqaviləni xitam etmək qərarına gələrsə 2 həftə öncədən “İcarəyə verənə” yazılı məlumat verməlidir, əks təqdirdə 14 gün müddəti üçün gündəlik icarə haqqı məbləğini dərhal cərimə qismində “İcarəyə verənə” ödəməlidir) ona 2 həftə öncədən məlumat vermədən xx.xx.2024-cü il tarixdə yalnız “whatsapp” mobil tətbiqi vasitəsilə səs mesajı göndərərək “şəxsi problemləri ilə bağlı sabahdan maşını artıq istifadə edə bilməyəcəyini və maşını Ramin adlı tanışı vasitəsilə təhvil verəcəyini” ona bildirdi. 14 gün müddəti üçün gündəlik icarə haqqı məbləği isə 350 AZN (14 gün x 25 AZN = 350 AZN) eləyir. Cavabdeh tərəfindən isə ona 2 həftə öncədən hər hansı yazılı məlumat verilməmişdir. Bu isə o, deməkdir ki, o, müqavilə üzrə öz üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmuşdur. Onun bu mesajına cavab olaraq bildirəndə ki, sən bununla müqavilə şərtlərini yerinə yetirmiş olmursan və pozuntuya yol verirsən o, bunun cavabında ona bildirdi ki, “ürəyin nə cür istəyir helə də elə, dirəş necə istəyirsən, mənim pulum yoxdur və yalnız pulum olanda ödəyə bilərəm və s...” Daha sonra onunla “whatsapp” mobil tətbiqi vasitəsilə olan yazışmalarda və səs mesajlarında o hər dəfə ödənişləri edəcəyini vəd etsə də, hər dəfə yaşından və verdiyi sözlərdən xəcalət çəkməyərək onu aldatmağa başlamışdır. Halbuki, dəfələrlə ona bildirir ki, “Kənan sən düzgün yolda deyilsən və məni məcbur eləmə sənin barəndə aidiyyəti orqanlara müraciət edim.” Bütün bunlara baxmayaraq cavabdeh üçün yalan danışmaq adi bir hal olduğundan o, yenə də hər dəfə onu aldatmağa başladı və ödənişləri etmədi. 23 iyun 2024-cü il tarixdə ona atdığı səs mesajlarında 390 manat borclu olmasını açıq şəkildə etiraf etsə də, hazırkı vaxtadək həmin borcundan cavabdeh yalnız 09 iyul 2024-cü il tarixdə ona 20 manat ödəniş etmişdir. Buferin təmir xərci ilə bağlı isə əvvəllər söz vermişdi ki, onu başqa yaxın tanışına düzəltdirəcək, lakin sonradan bu məsələdə də yalançı oldu və maşının rənglənməsi ilə bağlı təmir xərcindən ona yalnız 65 manat ödəniş edildi. İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndrərək, iddianı müdafiə etdiyini, məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə hazırki mülki işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildikdə, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə, məhkəmə həmin işə baxmağa haqlıdır. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən gündəlik icarə haqqı 25 manat ödəməklə “Toyoto Prius” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili 1 (bir) il müddətinə icarəçinin istifadəsinə verilmişdir. İş materiallarından olan xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı vurulan ziyanın ödənilməsi ilə bağlı cavabdehə rəsmi qaydada xəbərdarlıq edilmişdir. İş materiallarında olan EQ 21185303, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 40 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan EQ 21263413, xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 346.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 20 manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli biletdən görünür ki, iddiaçı Bakı şəhərindən Quba şəhərinə gəlmək üçün 5.90 manat məbləğində ödəniş etmişdir. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli aktından görünür ki, “Toyoto Prius” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilinə 130 manat məbləğində ziyan dəymişdir. Azərbaycan Respublikası MPM-nin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ-hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə, yuxarda göstərilən qanun normalarının tələbinə əsasən xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə sənədin düzlüyü və tamlığı prezumpsiyası nöqteyi-nəzərindən hüquqi qiymət verərək, hesab edir ki, həmin müqavilənin düzlüyü və tamlığı heç bir şübhə doğurmadığı üçün tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsi mötəbər sübut kimi qəbul edilməlildir. Məhkəmə araşdırması zamanı işdəki sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2024-cü il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən İddiaçı Cavabdeh gündəlik icarə haqqı 25 manat ödəməklə “Toyoto Prius” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəyə vermişdir. Cavabdeh icarə haqqını ödəməkdən yayınmış və nəticədə icarə müqaviləsi əsasında 310 manat məbləğində borcu yanmışdır. Həmçinin, cavabdeh müqavilə üzrə öhdəliyini icra etməməklə, avtomobili qaytaracağı barədə məlumatı 14 gün əvvəldən iddiaçıya məlumat vermədən geri qaytarmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 3.3.19-cu bəndinə əsasən icarəçi hazırkı müqaviləni xitam etmək qərarına gələrsə 2 həftə öncədən “İcarəyə verənə” yazılı məlumat verməlidir, əks təqdirdə 14 gün müddəti üçün gündəlik icarə haqqı məbləğini dərhal cərimə qismində “İcarəyə verənə” ödəməlidir. İş materiallarından da göründüyü kimi, cavabdeh icarə müqaviləsinin 3.3.19-cu maddəsinin tələblərini pozmuşdur. Bununla da, cavabdehin iddiaçıya 350 manat məbləğində borcu yaranmışdır. Həmçinin, iddiaçının mülkiyyətində olan “Toyoto Prius” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin istifadəsində olan zaman ona 130 manat məbləğində maddi ziyan vurmuşdur. Həmin məbləğdən cavabdeh iddiaçıya 65 manat ödəniş etmiş, lakin qalan 65 manat məbləğində pul vəsaitini iddiaçıya ödəməmişdir. Bundan başqa, iddiaçının mülkiyyətində olan “Toyoto Prius” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili cavabdehin istifadəsində olan zaman yol hərəkəti qaydalarına riayət etməyərək müxtəlif tarixlərdə (EQ 21185303, xx.xx.2024-cü il tarixli qərarına əsasən 40 manat məbləğində və EQ 21263413, xx.xx.2024-cü il tarixli qərarına əsasən 20 manat məbləğində) ümumilikdə 60 manat məbləğində cərimə edilmişdir. Bundan başqa, iddiaçı yol xərci olaraq cavabdehdən 23,60 manat məbləğində pul tələb etsə də, məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Bakı şəhərindən Quba şəhərinə gəlmək üçün 5.90 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada, habelə tərəflərin razılığı ilə yol verilir. Tərəflərdən birinin müqavilə şərtlərini pozduğu hallarda o biri tərəfin tələbi ilə icarə müqaviləsi məhkəmənin qərarına əsasən pozula bilər. Azərbaycan Respublikası MPM-nın 119-cu maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 115.0.5 və 115.0.6-cı malddələrinə əsasən nümayəndəyə və vəkilə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, iş üzrə müəyyən edilmiş hallara tətbiq ediməli olan qanun normalarına uyğun hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan qismən təmin edilməli, “Toyota Prius” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobili istifadə edərək avtomobilin gündəlik icarə haqqı ödənişlərindən ödənilməmiş qalan borc məbləği – 310 manat, icarə müqaviləsinin 3.3.19-cu yarım bəndinin şərtlərinə riayət etmədən avtomobili ona geri qaytardığı üçün cərimə olaraq 14 gün müddəti üçün gündəlik icarə haqqı məbləği olan – 350 manat, avtomobilin qabaq buferinin rənglənməsi xərcinə görə təmir xərci – 65 manat, cavabdehin təqsirli hərəkətlərinə görə EQ 21185303 saylı (40 AZN) və EQ21263413 saylı (20 AZN) protokollar üzrə inzibati tənbeh haqqında cərimələrin – 60 manat, işə baxılması ilə əlaqədar məsrəf qismində yol xərci – 5,90 manat olmaqla ümumilikdə 790,90 manat məbləğində pul Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinə əsasən məhkəmə, q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh “Toyota Prius” markalı, ** DV *** dövlət qeydiyyat nişanlı avtomobili istifadə edərək avtomobilin gündəlik icarə haqqı ödənişlərindən ödənilməmiş qalan borc məbləği – 310 manat, icarə müqaviləsinin 3.3.19-cu yarım bəndinin şərtlərinə riayət etmədən avtomobili ona geri qaytardığı üçün cərimə olaraq 14 gün müddəti üçün gündəlik icarə haqqı məbləği olan – 350 manat, avtomobilin qabaq buferinin rənglənməsi xərcinə görə təmir xərci – 65 manat, cavabdehin təqsirli hərəkətlərinə görə EQ 21185303 saylı (40 AZN) və EQ21263413 saylı (20 AZN) protokollar üzrə inzibati tənbeh haqqında cərimələrin – 60 manat, işə baxılması ilə əlaqədar məsrəf qismində yol xərci – 5,90 manat olmaqla ümumilikdə 790,90 manat məbləğində pul alınaraq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar