Məhkəmə qərarları › İş №e-2(027)-2479/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2479/2021

17.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2479/2021 17.12.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.05.2019-cu il tarixli QUFS-3433 KMP saylı kredit müqaviləsi üzrə yaranmış əsas borc 1841,46 (bir min səkkiz yüz qırx bir manat qırx altı qəpik) manat, faiz borcuna görə 2,05 (iki manat beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 1843,51 (bir min səkkiz yüz qırx üç manat əlli bir qəpik) manat və dövlət büdcəsinə köçürülmüş rüsumunun əvəzi olan 38,41 (otuz səkkiz manat qırx bir qəpik) manat pulun Cavabdeh2 iddiaçı "Rabitəbank” ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Quba filialı ilə Cavabdeh2 arasında bağlanmış 17.05.2019-cu il tarixli QUFS-3433 KMP saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 1% faiz dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 2511,51 (iki min beş yüz on bir manat əlli bir qəpik) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 17.05.2019-cu il tarixdə İddiaçı ASC-nin Quba filialı ilə digər Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 17.05.2019-cu il tarixli QUFS-3433 KMP saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 17.05.2019-cu il tarixli QUFS-3433 KMP saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 17-dən gec olmayaraq hər ay 42,94 (qırx iki manat doxsan dörd qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışlar. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ASC-nin Quba filialı ilə Cavabdeh2 arasında bağlanmış 17.05.2019-cu il tarixli, QUFS-3433_KMP saylı kredit müqaviləsindən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 illik 1% dərəcəsi olmaqla 60 (altmış) ay müddətinə 2511,51 (iki min beş yüz on bir manat əlli bir qəpik) manat məbləğində kredit verilmiş, sonuncu hər ayın hər ayın 17dən gec olmayaraq hər ay 42,94 (qırx iki manat doxsan dörd qəpik) manat ödəniş etməyi öhdəsinə götürmüşdür; İddiaçı ASC-nin Quba filialı ilə Cavabdeh1 arasında bağlanmış 17.05.2019-cu il tarixli, QUFS-3433_KMP zaminlik müqaviləsindən görünür ki, müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 Cavabdeh2 zamin durmuşdur; 29.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 17.05.2019-cu il tarixli, QUFS-3433_KMP saylı kredit müqaviləsi üzrə 17.05.2019-cu il tarixə 1841,46 (bir min səkkiz yüz qırx bir manat qırx altı qəpik) manat, faiz borcuna görə 2,05 (iki manat beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 1843,51 (bir min səkkiz yüz qırx üç manat əlli bir qəpik) manat borcu yaranmışdır; 13.08.2021-ci il tarixli bildirişlərdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 banka olan borc ödənilmədiyi təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər; 04.11.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 38,41 (otuz səkkiz manat qırx bir qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, İddiaçı ASC-nin “Quba” filialı ilə Cavabdeh2 arasında 17.05.2019-cu il bağlanmış müqaviləyə əsasən, Cavabdeh2 bankdan 2511,51 (iki min beş yüz on bir manat əlli bir qəpik) manat məbləğində kredit götürmüş və krediti təyinatı üzrə istifadə etmək, kredit və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə qaytarmağı öhdəsinə götürmüşdür. Kredit ödənişinin təminatı məqsədilə digər Cavabdeh1 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İşdə olan sənədlərdən aydın olduğu kimi, kredit məbləğindən istifadə nəticəsində borc vaxtında ödənilmədiyi üçün, cavabdehlərin icra edilməmiş pul öhdəliyi yaranmışdır. Cavabdehlər müqavilə əsasında iddiaçıdan kredit almasına dair hüququndan istifadə etsə də, həmin müqavilədən irəli gələn vəzifələrini icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehlədən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 38,41 (otuz səkkiz manat qırx bir qəpik) manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 17.05.2019-cu il tarixli, QUFS-3433_KMP saylı kredit müqaviləsi üzrə əsas borca görə 1841,46 (bir min səkkiz yüz qırx bir manat qırx altı qəpik) manat, faiz borcuna görə 2,05 (iki manat beş qəpik) manat, dəbbə borcuna görə 0 (sıfır) manat olmaqla, cəmi 1843,51 (bir min səkkiz yüz qırx üç manat əlli bir qəpik) manat və dövlət büdcəsinə köçürülmüş rüsumunun əvəzi olan 38,41 (otuz səkkiz manat qırx bir qəpik) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar