Məhkəmə qərarları › İş №e-2(027)-254/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-254/2025

16.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-254/2025 16.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2,707 (iki min yeddi yüz yeddi) manat 18 (on səkkiz) qəpik məbləğində əsas borcun və eyni zamanda ödənilmiş 50 (əlli) manat mediasiya ödənişinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Oba Market” MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixli 341 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixində 55 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtıərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il və xx.xx.2022- ci il tarixlərində Oba –Yeni Yasamal 9 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş,“İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləğicəmi 4,432 (dörd min dörd yüz otuz iki) manat 69 (altımış doqquz) qəpik məbləğində zərər vurmasıməlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq müvafiq dövriyyə güzəşti edilmiş. Ümumi kənarlaşma məbləğindən bir hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, Cavabdeh yekun olaraq qalıq borcu 2,707 (iki min yeddi yüz yeddi) manat 18 (on səkkiz) qəpik təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarını hərtərəfli araşdıraraq hesab edirəm ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2019-cu il tarixli əmək müqaviləsinin surətindən görünür ki, 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə Cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdu. İş materiallarında olan tam maddi məsuliyyət haqqında müqaviləsinin surətindən görünür ki, Cəmiyyətin direktoru ilə Cavabdeh arasında maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətləri qorunub saxlanılması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürməsi barədə müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, xx.xx.2020-ci il tarixli 341 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və tam maddi məsuliyyət haqqında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixində 55 saylı əmrlə işdən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında, xx.xx.2021-ci il tarixində 3167,18 AZN, xx.xx.2022-ci il tarixində 1265,51 AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə müvafiq güzəştlər tətbiq edildikdən sonra ümumi olaraq 2707,18 AZN borc qalmışdır. Beləliklə, Cavabdeh 01 dekabr 2022-ci il tarixinə, İddiaçı MMC-ə olan ümumi borcu 2,707,18 (iki min yeddi yüz yeddi manat on səkkiz qəpik) AZN təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc məbləğinin ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MŞB/18/2023 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi bardə arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi ilkin mediasiya sessiyasında iştriak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 55 manat məbləğində mediasiyaya dair xərc ödədi. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 05 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verdikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçının ödənilməsini tələb etdiyi borcun məbləği onun tərəfindən məhkəməyə təqdim olunmuş “Arayışı” ilə təsdiq olunur. Həmin arayışdan görünür ki, Cavabdeh hazırda ödənilməmiş 2707,18 manat borcu qalmışdır. Cavabdeh irəli sürülən tələbə hər hansı əsasla etirazını bildirməmişdir. İddiaçının tələbi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 425, 427, 449.4, 470.1, 472.1, 472.2 və 739-cu maddələrinin göstərişinə uyğun olduğundan əsaslıdır. Mediasiya xərci 50 (əlli) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 29-cu maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, q ə t e t d i m: Kiçik iddiaya dair ərizə təmin olunsun. Cavadeh Cavabdeh iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq 2,707,18 (iki min yeddi yüz yeddi manat on səkkiz qəpik) manat məbləğində əsas borc və ödənilmiş 50 (əlli) manat mediasiya ödənişi tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar