Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2955/2025 23.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi, Xəlilova Nigar Nemət qızı, iddiaçı "xxxx" ASCnin Cavabdeh qarşı pul tələbinə dair dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan zərərçəkənlərə 2440 (iki min dörd yüz qırx) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 44,40 (qırx dörd,qırx) manat dövlət rüsumu, ümumilikdə 2484,40 (iki min dörd yüz səksən dörd,qırx) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Mercedes Benz ML320” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2025-cü il tarixində PME********** müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. xx.xx.2025-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Mercedes Benz ML320” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Quba-Qəçreş yolu 3km ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə “Vaz 2105” markalı, K507YA46 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər vurulmuş, həmçinin X3 yüngül xəsarət yetirilmişdir. Yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan qərara əsasən “Mercedes Benz ML320” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı nəqəliyyat vasitəsinin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsini etibarnamə olmadan idarə etmişdir. Qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənlərə 2440 (iki min dörd yüz qırx) manat məbləğində maddi zərər dəymişdir. Beləliklə, "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərçəkənə 2440 (iki min dörd yüz qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Bildirmək istəyirik ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsində Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi sığortaçının subroqasiya hüququnu yaradan əsas kimi təsbit olunmuşdur. Bildiririk ki, AR Mülki Məcəlləsinin 936-cı maddəsinə (subroqasiya hüququ) əsasən sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququ mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə (ətrafdakılar üçün yüksək təhlükə yaradan fəaliyyətlə törədilmiş zərərə görə məsuliyyət) əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Buna görə də “Mercedes Benz ML320” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia rədd edilməlidir. Belə ki, mülki işin materiallarından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə “Mercedes Benz ML320” markalı, **-DR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba-Qəçrəş yolu 3 km ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində “VAZ 2105” markalı, K507YA46 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuş, həmçinin X3 yüngül xəsarət yetirilmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 2440 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Sığorta aktından görünür ki, həmin aktda sığorta hadisəsinin xx.xx.2025-ci il tarixdə Quba-Qəççrəş yolu ərazisində, yol nəqliyyat hadisəsi nəticəsində baş verməsi, “VAZ 2105” markalı, K507YA46 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulması, "xxxx" ASC tərəfindən 1690 manat məbləğində sığorta ödənişi həyata keçirilməsi göstərilmişdir. İş materiallarında olan Sığorta aktından görünür ki, həmin aktda sığorta hadisəsinin xx.xx.2025-ci il tarixdə Quba-Qəççrəş yolu ərazisində, yol nəqliyyat hadisəsi nəticəsində baş verməsi, X2 yüngül xəsarət alması, "xxxx" ASC tərəfindən 750 manat məbləğində sığorta ödənişi həyata keçirilməsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X1 1690 manat pul ödənilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 750 manat pul ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2025-ci il tarixli məktubu ilə sonuncuya nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyi üçün hadisə ilə əlaqəli subroqasiya hüququnun yarandığını qeyd etmiş və 10 gün ərzində ödəniş edilməsi tələb edilmişdir. İş materiallarında olan Quba RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 may 2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 44,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiaçı) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbayan Respublikasının Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Azərbaycan Respubikası Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə “Mercedes Benz ML320” markalı, ** DR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba-Qəçreş yolu 3-cü km ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və hadisə nəticəsində “VAZ 2105” markalı, K507YA46 dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuş, həmçinin X3 yüngül xəsarət yetirilmiş, Quba RPŞ-nin TB-nin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 may 2025-ci il tarixli qərarla Cavabdeh barəsində cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində AR İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Quba RPŞ-nin DYPB-nə göndərilməsi qərara alınmışdır. İddiaçı subroqasiya tələbinin əsası olaraq Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsinə istinad etmişdir. Hesab edirəm ki, Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Qanunvericilik normalarının təfsir etsək görərik ki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ (sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmaması sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aid məsələ deyildir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir. Etibarnamə olmadan avtomobilin idarə edilməsi inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. İstifadə müqaviləsinin isə forma tələbi yoxdur. Şifahi şəkildədə bağlana bilər. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir. Ona görə də iddiaçının cavabdehə qarşı mövcud subroqasiya tələbi əsassızdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddia tələbi rədd edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 44,40 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin olunmasın. "xxxx" ASC tərəfindən ödənilmiş 44,40 manat məbləğində dövlət rüsmumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №e-2(027)-2955/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2955/2025
23.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver