Məhkəmə qərarları › İş №e-2(027)-3053/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-3053/2025

27.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-3053/2025 27.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, X1, İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İ İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Xaçmaz rayon Məhkəməsinin 2(067)-2036/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Xaçmaz rayonu, Suxtaqalaqışlaq kəndində yaşayan Cavabdeh hər uşağa görə ölkə üzrə müəyyən edilmiş mininmum əmək haqqının 0,43 misli miqdarında xeyrinə tutulan alimentin miqdarının artırılaraq, iddia ərizəsinin məhkəməyə daxil olduğu tarixdən başlayaraq, hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,65 misli həddində müəyyən edilərək ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-cü il tarixində rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur, birgə nikahdan olan uşaqları – xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 onun himayəsində saxlanılmış, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Xaçmaz rayon Məhkəməsinin 8(067)- 658/2025 saylı qərardadı ilə alimentin miqdarı indeksasiya edilərək Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hamin qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment onsuz da iki uşağın ən zəruri tələbatlarını belə ödəmir. Uşaqlar üçün müəyyən edilmiş minimum yaşayış həddindən çax az olan bu məbləğlə uşağın qida xərclərini belə ödəmək mümkün deyildir. Qətnamə müəyyən edilən tarixdən sonra onun əmək haqqının miqdarı azalmışdır. Cavabdeh isə bu ərəfədə işə düzəlib, işləyir. Fərdi təsərrüfatından əldə edilən gəlirdən əlavə olaraq hazırda əmək haqqı da alır. Həmçinin uşaqlarından xx.xx.2020- ci il təvəllüdlü X8 2025-ci ilin sentyabr ayından məktəbə gedir. Artıq iki məktəblinin də hələ ən zəruri olan məktəbə gediş-gəliş haqqı, məktəb ləvazimatı, kurs xərclərini və s. ödməlidir. Göstərilən hallar təsdiq edir ki, onların maddi vəziyyətində diqqətəlayiq dəyişikliklər olmuşdur. Hal-hazırda cavabdehin daha yuxarı məbləğdə aliment ödəməyə imkanı vardır. Qeyd etdiyi kimi əmək qabiliyyətlidir, işləyir, meyvə bağı, fərdi təsərrüfatı vardır. O, isə iş təyinatı ilə əlaqədar Bakı şəhərində kirayədə yaşayır. Kirayə ödəməklə yanaşı belə bir maddi durumda iki uşağı saxlamağın onun üçün nə qədər ağır olduğunu təsəvvür etmək çətin deyildir. Ona görə də hesab edir ki, müəyyən edilən alimetin miqdarının artırılması üçün zəmin vardır. Qanunvericiliyin tələbinə əsasən alimentin miqdarının artırılması üçün mediasiya təşkilatına müraciət etmişdir. Amma bununla əlaqədar cavabdehlə razılığa gələ bilməmişlər, uşaqların saxlanılması üçün onun tərəfindən Əlavə heç bir köməklik göstərilmir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməyi üçün zərurət yaranmışdır. İİ. Tərəflərin mövqeləri: Məhkəmə iclasında İddiaçı və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı əlavə olaraq qeyd etmişdir ki, hazırda ikinci övladı məktəbdə dərsə başlamışdır. Aldığı alimentin miqdarı kifayət qədər azdır. Özünün aldığı məvacib uşaqların saxlanılması üçün kifayət etmir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X6 izahatında bildirmişdir ki, oğlunun rəsmi iş yeri yoxdur. Fəhləliklə məşğuldur. Nikah pozulanda hansı işlə məşğul idisə, yenə də həmin işlə məğuldur. İmkanları olsa, daha artıq ödəniş həyata keçirə bilərlər. Lakin maddi imkanları yaxşı deyildir. Bundan əlavə oğlunun səhhətində də müəyyən problemlər mövcuddur. İİİ. İşin faktiki halları: Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur, birgə nikahdan olan uşaqları – xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2020ci il təvəllüdlü X8 onun himayəsində saxlanılmış, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 150 manat alimentin alınaraq ona ödənilməsi qət edilmişdir. Xaçmaz rayon Məhkəməsinin 8(067)-658/2025 saylı qərardadı ilə alimentin miqdarı indeksasiya edilərək Cavabdeh onun xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hamin qərardad qanuni qüvvəsini aldığı tarixdən başlayaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının 0,43 misli həddində sabit pul məbləğində müəyyən edilməsi qərara alınmışdır. AZ-T seriyalı, 269529 nömrəli doğum haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə İddiaçı birgə nikahından 09 noyabr 2013-cü il təvəllüdlü X7 anadan olmuşdur. AZ-İV seriyalı, 419362 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh ilə İddiaçı birgə nikahından 24 aprel 2020-ci il təvəllüdlü X8 anadan olmuşdur. Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəb tərəfindən verilmiş 25 dekabr 2025-ci il tarixli, 318 nömrəli arayışa əsasən X8 həqiqətən Nəsimi rayonundakı Abdulla Şaiq adına 54 nömrəli tam orta məktəbin sıfırncı sinfində oxuyur. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə hər uşaq üçün hər ay 150 manat sabit pul məbləğində alimentin tutulması qət edilmiş, daha sonra həmin məhkəmənin 8(067)-658/2025 saylı qərardadı ilə alimentin miqdarı indeksasiya edilərək, 0,43 misli həddində sabit pul məbləğində müəyyən edilmişdir. İddiaçı uşağın gündəlik tələbatının artmasını, eyni zamanda xx.xx.2020-ci il təvəllüdlü X5 məktəbə başlamasını əsas götürərək, aliment məbləğinin artırılaraq hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,65 misli həddində müəyyən edilməsinə dair iddia tələbi irəli sürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının : Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Maddə 17. Vİ. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin :

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsi : 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq Hüquqları haqqında” Qanun : Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman), bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

19. Uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşaqların əvvəlki təminatının səviyyəsinə də qiymət verilməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.13. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

Məhkəmə qeyd edir ki, hazırki iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi çıxış edir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun üçün ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, Xaçmaz rayon Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli qətnaməsi qəbul edildikdən sonra mövcud olan dəyişiklik tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X5 bu ildən məktəbə başlaması ilə bağlı olmuşdur. Bununla bağlı iddiaçı tərəfindən məhkəməyə müvafiq arayış təqdim edilmişdir. İddiaçı iddia ərizəsində hazırki dövrdə aldığı məvacibin azaldığını, lakin cavabdehin gəlirlərinin artmasını iddia etməklə, aliment məbləğinin artırılmasını tələb etsə də, Xaçmaz rayon Məhkəməsinin qətnaməsinə nəzər yetirilkdikdə iddiaçının əmək haqqının 781 manat olaraq qeyd edildiyi müəyyən olunur. Hansı ki, hazırda “Elektron məhkəmə” İnformasiya sistemində şəxsin rəsmi gəlirinin məbləği ilə eynilik təşkil edir. Cavabdehin maddi vəziyyətində olan dəyişikliklə bağlı isə məhkəmə bildirir ki, “Elektron məhkəmə” informasiya sistemində cavabdehin rəsmi gəliri barədə məlumat mövcud deyildir. İddiaçı onun gəlirlənin artmasını iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Lakin qeyd edilməlidir ki, hazırda müəyyən edilmiş 172 manat məbləğində alimentin uşaqların maddi ehtiyaclarının ödənilməsi üçün kifayət etməməsi real olan haldır. Belə ki, «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat müəyyən edilmişdir. Məhkəmə işin yuxarıda sadalanan hallarına istinad edərək hazırki mülki iş üzrə tərəflərin maddi vəziyyətini, uşaqların maddi tələbatlarını qarşılamaq öhdəliklərinin valideynlərin hər ikisinə aid olmasını nəzərə alaraq, aliment məbləğinin hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,48 misli həddində müəyyən edilməsini mümkün hesab edir. Məhkəmə qeyd edilən nəticəyə gələrkən Xaçmaz rayon Məhkəməsi tərəfindən alimentin təyin edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli qətnaməsindən sonra tərəflərin ailə və maddi vəziyyətində ciddi dəyişikliklərin olmaması, lakin müəyyən olunmuş aliment məbləğinin az olması ilə əlaqələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

V Nəticə

qət etdi: İddia qismən təmin edilsin. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(067)-2036/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,48 misli həddində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar