Məhkəmə qərarları › İş №e-2(027)-315/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-315/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-315/2023 08.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 fevral 2022-ci il tarixli 340903-1-32452 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 6.066,65 (altı min altmış altı, 65) manat məbləğində əsas borc, 512,54 (beş yüz on iki, 54) manat məbləğində faiz borcu, 305,70 (üç yüz beş, 70) manat məbləğində cərimə borcu, ümumilikdə isə 6.884,89 (altı min səkkiz yüz səksən dörd, 89) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 88,85 (səksən səkkiz, 85) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 16 fevral 2022-ci il tarixli 340903-1-32452 saylı “Yenidən maliyyələşdirilən kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə müraciət edərək ona istehlak məqsədilə illik 24,9 (iyirmi dörd, 90) faiz hesablanması (kredit alan tərəfindən kredit müqaviləsinin şərtlərinə əməl edildiyi halda, faiz dərəcəsi 5 faiz endirilir) şərti ilə 60 (altmış) ay müddətinə 6.247 (altı min iki yüz qırx yeddi) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2022-ci il tarixə Banka 6.066,65 (altı min altmış altı, 65) manat məbləğində əsas borc, 512,54 (beş yüz on iki, 54) manat məbləğində faiz borcu, 305,70 (üç yüz beş, 70) manat məbləğində cərimə borcu, ümumilikdə isə 6.884,89 (altı min səkkiz yüz səksən dörd, 89) manat məbləğində borcu qalmışdır İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. İddiaçı ASC məhkəməyə ərizə təqdim edərək, işə iddiaçının iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf və iddianı qəbul edərək, maddi imkanın olmadığı üçün kredit borcunu ödəyə bilmədiyini bildirərək, iddia tələbinin təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə cavabdehin izahatını dinləyib hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə Cavabdeh arasında bağlanmış 16 fevral 2022-ci il tarixli kredit müqaviləsinə əsasən bank borcluya 60 ay müddətinə, illik 24,9 % olmaqla 6.247 manat məbləğində kredit vermişdir. İddiaçı tərəfin təqdim etdiyi maliyyə arayışına əsasən borcalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmişdir, onun iddiaçının qarşısında 6.066,65 manat əsas, 512,54 manat faiz borcu və 305,70 manat cərimə borcu olmaqla, cəmi 6.884,89 manat məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəf isə iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, borc tələbinə dair iddianın hüquqi əsası aşağıdakı normalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-739.2-ci maddəsinə əsasən Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun bank qarşısında borcları yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh 16 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 6.066,65 manat məbləğində əsas və 512,54 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 3 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 88,85 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6.066,65 manat əsas, 512,54 manat faiz, 3 manat cərimə olmaqla, cəmi 6.582,19 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 71 manat məbləğində vəsait İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar