Məhkəmə qərarları › İş №e-2(027)-316/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-316/2023

13.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-316/2023 13.01.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Həsənov Rahim Təşəkkül oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli 345479-CNS-35159 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 2.420 (iki min dörd yüz iyirmi) manat məbləğində əsas borc, 346,31 (üç yüz qırx altı, 31) manat məbləğində faiz borcu, 225,90 (iki yüz iyirmi beş, 90) manat məbləğində cərimə, ümumilikdə isə 2.992,21 (iki min doqquz yüz doxsan iki, 21) manat pul məbləğinin; - xx.xx.2022-ci il tarixli 345479-CNS-35161 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 334 (üç yüz otuz dörd) manat məbləğində əsas borc, 47,89 (qırx yeddi, 89) manat məbləğində faiz borcu, 35,05 (otuz beş, 05) manat məbləğində cərimə, ümumilikdə 416,94 (dörd yüz on altı, 94) manat pul məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 54,09 (əlli dörd, 09) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh (bundan sonra mətndə Cavabdeh) xx.xx.2022-ci il tarixli “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 17 may 2022-ci il tarixli 345479-CNS-35159 saylı“Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-nə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona istehlak məqsədilə illik 29 (iyirmi doqquz) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 2.420 (iki min dörd yüz iyirmi) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Eyni zamanda, Cavabdeh 17 may 2022-ci il tarixli 345479-CNS-35161 saylı “Nağd pul kreditinin əsas şərtlərinə dair müştəri ərizəsi ilə Banka müraciət etmiş və ona istehlak məqsədilə illik 29 (iyirmi doqquz) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 334 (üç yüz otuz dörd) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqavilələrə əsasən Cavabdeh ərizələrində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğlərdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtləri”nin 7.25.3-cü bəndinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin xx.xx.2022-ciil tarixli 345479-CNS- 35159 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 2.420 (iki min dörd yüz iyirmi) manat məbləğində əsas borc, 346,31 (üç yüz qırx altı, 31) manat məbləğində faiz borcu, 225,90 (iki yüz iyirmi beş, 90) manat məbləğində cərimə, ümumilikdə isə 2.992,21 (iki min doqquz yüz doxsan iki, 21) manat məbləğində borcu və xx.xx.2022-ci il tarixli 345479-CNS35161 saylı kredit müqaviləsi üzrə üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2022-ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin Banka 334 (üç yüz otuz dörd) manat məbləğində əsas borc, 47,89 (qırx yeddi, 89) manat məbləğində faiz borcu, 35,05 (otuz beş, 05) manat məbləğində cərimə, ümumilikdə 416,94 (dörd yüz on altı, 94) manat məbləğində borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC-nin Cavabdeh arasında bağlanmış 17 may 2022-ci il tarixli 345479-CNS-35159 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə illik 29 (iyirmi doqquz) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 2.420 (iki min dörd yüz iyirmi) manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarından görünür ki, İddiaçı ASC-nin Cavabdeh arasında bağlanmış 17 may 2022-ci il tarixli 345479-CNS-35161 saylı “ kredit müqsviləsinə əsasən ona istehlak məqsədilə illik 29 (iyirmi doqquz) faiz hesablanması şərti ilə 36 (otuz altı) ay müddətinə 334 (üç yüz otuz dörd) manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışlarından görünür ki, 17 may 2022-ci il tarixli 345479-CNS-35159 saylı kredit müqaviləsi üzrə Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə olan əsas borcu 2420 manat, faiz borcuna görə 346,31 manat, cərimə borcuna görə 225,90 manat olmaqla, cəmi 2992,21 manat və 17 may 2022-ci il tarixli 345479-CNS- 35161 saylı Cavabdeh İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixə olan əsas borcu 334 manat, faiz borcuna görə 47,89 manat, cərimə borcuna görə 35,05 manat olmaqla, cəmi 416,94 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 54,09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək xx.xx.2022-ci il tarixli 345479-CNS-35159 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 2.420 (iki min dörd yüz iyirmi) manat məbləğində əsas borc, 346,31 (üç yüz qırx altı manat otuz qəpik) manat məbləğində faiz borcu və xx.xx.2022-ci il tarixli 345479-CNS- 35161 saylı kredit müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixə Banka borclu olduğu 334 (üç yüz otuz dörd) manat məbləğində əsas borc, 47,89 (qırx yeddi, 89) manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, dəbbə pulunun məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə xx.xx.2022-ci il tarixli 345479-CNS-35159 saylı kredit müqaviləsinə əsasən borcluya hesablanmış dəbbə pulunu 25 manat məbləğində, .05.2022-ci il tarixli 345479-CNS-35161 saylı kredit müqaviləsinə əsasən borcluya hesablanmış dəbbə pulunu 3 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdim: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh xx.xx.2022-ci il tarixli 345479-CNS-35159 saylı kredit müqaviləsinə əsasən 2.420 (iki min dörd yüz iyirmi) manat məbləğində əsas borc, 346,31 (üç yüz qırx altı manat otuz bir qəpik) manat məbləğində faiz borcu, 25 (iyirmi beş) manat məbləğində cərimə, xx.xx.2022-ci il tarixli 345479-CNS-35161 saylı kredit müqaviləsinə əsasən 334 (üç yüz otuz dörd) manat məbləğində əsas borc, 47,89 (qırx yeddi manat səksən doqquz qəpik) manat məbləğində faiz borcu, 3 (üç) manat məbləğində cərimə və 54,09 (əlli dörd manat doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar