Məhkəmə qərarları › İş №e-2(027)-3221/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-3221/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-3221/2025 15.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 9.415 (doqquz min dörd yüz on beş) manat pulun, 115 (bir yüz on beş) manat dövlət rüsumunun və vəkilə xidmət haqqı olaraq ödədiyi 330 (üç yüz otuz) manat pulun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində göstərilmişdi ki, aralarında bağlanmış müqaviləyə əsasən Cavabdeh ondan xx.xx.2022-ci il tarixdə 9.415 (doqquz min dörd yüz on beş) manat məbləğində borc pul almış və borcunu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin 2 il keçməsinə baxmayaraq iş üzrə cavabdeh bu günə kimi borcundan ödəniş etməmişdir. Onun maddi maddi vəziyyəti pisləşib və həmin pula ehtiyacı vardır. Cavabdeh aralarında olan müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Borcun qaytarılması üçün cavabdehə rəsmi qaydada müraciət etmiş, lakin müsbət nəticə əldə edə bilməmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə ərizə təqdim edərək, üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, məhkəmə baxış iclasını iştirakı olmadan keçirib iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, İddiaçı Cavabdeh pretenziya qaydasında mürcaiət edərək, borclu olduğu 9.415 (doqquz min dörd yüz on beş) manat məbləğində pulu 5 gün ərzində qaytarmasını, əks halda məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, sonuncu məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin ərizəsini nəzərə alıb, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, İddiaçı Cavabdeh 9.415 (doqquz min dörd yüz on beş) manat məbləğində borc pul vermiş və cavabdeh borcunu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir ki, tərəflər arasında olan müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 9.415 (doqquz min dörd yüz on beş) manat məbləğində borc verilmiş, cavabdeh isə həmin pulu xx.xx.2023-cü il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi icra etdiyi halda, cavabdeh həmin müqavilə üzrə öz öhdəliklərinin icrası üçün müəyyən olunmuş son tarixdən indiyədək tam və vaxtında icra etməmiş və nəticədə iddiaçı qarşısında aldığı borc məbləği həddində məsuliyyəti yaranmışdır. İddiaçı pulunu tələb etməkdə haqlıdır. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Odur ki, iddia təmin edilməli, Cavabdeh 9.415 (doqquz min dörd yüz on beş) manat məbləğində vəsait İddiaçı xeyrinə tutulmalıdır. İddiaçı həmçinin 115 (bir yüz on beş) manat ödənilmiş dövlət rüsumunun və vəkilə xidmət haqqı olaraq ödədiyi 330 (üç yüz otuz) manat pulun alınıb cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1-cu maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli mədaxil qəbzin surətindən görünür ki, İddiaçı məhkəməyə iddia ərizəsinin verilməsi üçün 115 (bir yüz on beş) manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan hüquqi yardım göstərilməsinə dair xx.xx.2025-ci il tarixli müqavilənin surətlərindən görünür ki, İddiaçı hüquqi yardıma görə Pro Bono vəkil bürosunun hesabına 330 (üç yüz otuz) manat köçürmüşdür. Belə ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi 115 (bir yüz on beş) manat və hüquqi yardıma görə vəkil bürosunun hesabına köçürülmüş 330 (üç yüz otuz) manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasan və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227. 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 9.415 (doqquz min dörd yüz on beş) manat məbləğində vəsait İddiaçı xeyrinə tutulsun. İddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 115 (bir yüz on beş) manat və hüquqi yardıma görə vəkil bürosunun hesabına köçürülmüş 330 (üç yüz otuz) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar