Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-331/2023 08.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 14227.85 manat məbləğində əsas borcun, 1423.41 manat məbləğində faiz borcunun, cəmi 15651,26 manat borcun və 138 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2021-ci il tarixli Nağd pul lahiyəsi müqaviləsinə əsasən bank Borcluya 36 ay müddətinə, illik 24% olmaqla 17000 manat məbləğində kredit vermişdir. Hazırda borclu “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. İddia ərizəsinə tələbinin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir. Cavabdeh2 (zamin) həmin müqaviləyə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməlidir. İddiaçı ASC-nin nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək, məhkəmə prosesində iştirak edə bilməyəcəklərini nəzərə alaraq məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 nümayəndəsi X2 iddianı qəbul edərək bildirmişdir ki, İddiaçı ASC-dən 26 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 17000 manat məbləğində kredit almışdır. Borcundan 6-7 ay ödənişlər etmişlər, Kredit müqaviləsinin şərtlərinə görə hər 700 manat ödəniş etməli olmuşlar. Aldığı kreditə görə banka ödəməli olduğu kredit borcunu işdən çıxdığına görə maddi vəziyyəti ilə əlaqədar ödəyə bilməmişdir. Hazırda banka olan borcunu ödəməyə imkanı yoxdur, ancaq iddiaçıdan aldığı kredit pulunu qaytarmağa heç bir etirazı olmadığını, həmin pulu ödəməli olduğunu aylıq 200-250 manat məbləğində ödəniş edə biləcəyini bildirmişdir. İş üzrə digər Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Cavabdeh2 nümayəndəsinin izahatını dinləyib iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 26 iyul 2021-ci il tarixli MK/90630/81/15 saylı kredit sazişindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 kredit illik dərəcəsi 24 faiz olmaqla 36 ay müddətinə 17000 manat məbləğində kredit verilmişdir. «Borc alan» Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışıdan görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli müqavilə üzrə 14227,85 manat məbləğində əsas, 1423,41 manat məbləğində faiz borcu yaranmışdır. İş materiallarında olan bildirişlərin surətlərindən görünür ki, Cavabdeh1 banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarından görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 138 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh1 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də iddiaçı tərəf qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 739-cu maddəsinə əsasən müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 14227,85 manat məbləğində əsas və 1423,41 manat məbləğində hesablanmış faiz borcu olmaqla, cəmi 15651,26 manat məbləğində kredit borcu və 138 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 14227,85 manat məbləğində əsas və 1423,41 manat məbləğində hesablanmış faiz borcu olmaqla, cəmi 15651,26 manat məbləğində kredit borcu və 138 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-331/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-331/2023
08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver