Məhkəmə qərarları › İş №e-2(027)-332/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-332/2024

07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-332/2024 07.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə İddiaçı QSC "xxxx" KB-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan QSC "xxxx" KB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ləğv prosesində olan QSC "xxxx" KB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış 12 iyun 2015-ci il tarixli 1xx/xx/111470/15 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4062 (dörd min altmış iki) dollar 89 (səksən doqquz) sent məbləğində əsas borc, 395 (üç yüz doxsan beş) dollar 41(qırx bir) sent məbləğində faiz borcu, 411 (dörd yüz on bir) dollar 51 (əlli bir) sent məbləğində cərimə borcu, 1086 (bir min səksən altı) dollar 40 (qırx) sent məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 5956 (beş min doqquz yüz əlli altı) dollar 21 (iyirmi bir) sent məbləğində pulun, 120 (yüz iyirmi) manat 38 (otuz səkkiz) qəpik manat dövlət rüsumunun ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında 12 iyun 2015-ci il tarixli 1xx/xx/111470/15 saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 4770 (dörd min yeddi yüz yetmiş) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 12 iyun 2015-ci il tarixli 1xx/xx/111470/15 saylı zaminlik müqaviləsi əsasında Kredit Müqaviləsinin borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində ümumilikdə Banka 5956.21 (beş min doqquz yüz əlli altı, 21) ABŞ dolları məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 izahatında bildirmişdir ki, cavabdehə müraciət olunmuş, dəfələrlə faiz və cərimələrə güzəşt olunması barədə təkliflər verilmişdir. Cavabdehə 2 il güzəşt müddəti verilmiş, lakin 2023-cü ildə cəmi iki dəfə ödəniş edilmişdir. Məhkəməyə müraciət olunandan sonra da cavabdehlə söhbət aparılsa da, razılığa gəlinmədiyindən, iddianın təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh1 izahatında bildirmişdi ki, o səhhətinə görə ödənişləri edə bilməmişdir. Buna baxmayaraq bank ona 2 il güzəşt müddəti vermişdir. Faiz məbləğindən heç bir güzəşt olunmamışdır, hətta restrukzasiya olunan kreditlərə də şamil olunmamışdır. Noyabr ayına kimi hissə-hissə ödəniş edə bilər və o vaxta kimi ona möhlət verilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş sənədlərini tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 12 iyun 2015-ci il tarixli 1xx/xx/111470/15 saylı kredit müqaviləsindən görünür ki, QSC “Bank Standard” KB tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 26% olmaqla 4770 (dörd min yeddi yüz yetmiş) ABŞ dolları məbləğində məbləğində kredit verilmişdir. 12 iyun 2015-ci il tarixli 1xx/xx/111470/15 saylı zaminlik müqaviləsinə əsasən, Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 borclu tərəfindən icra edilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 QSC “Bank Standard” KB-na 12 iyun 2015-ci il tarixli 1xx/xx/111470/15 saylı kredit meqaviləsi üzrə 4062 (dörd min altmış iki) dollar 89 (səksən doqquz) sent məbləğində əsas borc, 395 (üç yüz doxsan beş) dollar 41(qırx bir) sent məbləğində faiz borcu, 411 (dörd yüz on bir) dollar 51 (əlli bir) sent məbləğində cərimə borcu, 1086 (bir min səksən altı) dollar 40 (qırx) sent məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği, ümumilikdə isə 5956 (beş min doqquz yüz əlli altı) dollar 21 (iyirmi bir) sen məbləğində borcu yaranmışdır. İş materiallarında olan bildirişlərdən görünür ki, Cavabdeh1 banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarında olan elektron ərizədən görünür ki, “AsanPay” vasitəsilə xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinə görə 120 (bir yüz iyirmi) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı QSC “Bank Standard” KB ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, iddiaçı kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, cavabdeh müqavilə üzrə öz üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmişdir. Bununla da müqavilə şərtlərini pozmuşdur. Nəticədə iddiaçı bank qarşısında cavabdehin kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin iddaçı bank qarşısında hazırda əsas borcu 4062 (dörd min altmış iki) dollar 89 (səksən doqquz) sent məbləğində, faiz borcu 395 (üç yüz doxsan beş) dollar 41(qırx bir) sent təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun Cavabdeh1 tutulması hissəsində təmin edilməlidir. Kredit müqaviləsinin təminatı kimi bağlanmış 12 iyun 2015-ci il tarixli 1xx/xx/111470/15 saylı zaminlik müqaviləsinə əsasən, Kredit Müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 əsas borclu ilə birlikdə məsuliyyəti üzərinə götürmüşdür. İddiaçı borcun müştərək qaydada cavabdehdən və zamindən tutulmasını xahiş etmişdir. İddianın cavabdeh (zamin) Cavabdeh2 qarşı olan hissədə təmin edilməməsi ilə bağlı məhkəmə aşağıdakıları bildirir. İş materiallarından göründüyü kimi, iddiaçı öhdəliyin icrası vaxtının başa çatdığı vaxtdan 5 ildən çox müddət ərzində, zaminə qarşı iddia tələbi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” 04 sentyabr 2012-ci il tarixli Qəranından göründüyü kimi, zaminlik müqaviləsinin aksessor xarakterli olduğunu və mövcud olmayan öhdəliyin icra edilməsinin mümkün olmamasını nəzərə alaraq, gələcəkdə yaranacaq öhdəliyi təmin edən zaminlik müqaviləsinin tərəflərinin qarşılıqlı hüquq və vəzifələri belə müqavilənin bağlandığı andan deyil, zaminliklə təmin olunmalı əsas öhdəliyin yarandığı andan əmələ gəlir. Borclu tərəfindən zaminliklə təmin olunmuş öhdəliyin pozulmasına dair kreditorun zaminə qarşı tələbi yalnız MM-in 472.1-ci maddəsində göstərilən hallarda irəli sürülə bilər. Zaminlik müqaviləsinin 8.1-ci bəndində “bu müqavilə borc alanın kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yertirilməsinə qədər qüvvədədir” kimi göstərilən şərtini məhkəmə cavabdeh (zamin) tərəfi əlverişsiz vəziyyətə salan etibarsız şərt kimi qiymətləndir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 420.2-ci maddəsində göstərilmişdir ki, müqavilənin standart şərti müqaviləyə daxil edilmiş olsa da, etimad və vicdanlılıq prinsiplərinə zidd olaraq müqavilənin digər tərəfi üçün zərərlidirsə, etibarsızdır. Bu zaman həmin şərtlərin müqaviləyə daxil edildiyi şərait, tərəflərin qarşılıqlı maraqları və sair nəzərə alınmalıdır. İddia ilə həmçinin 1086 (bir min səksən altı) dollar 40 (qırx) sent məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləğinin tutulması tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014cü il qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Məhkəmə qeyd edir ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş şərtlər nəzərə alınmaqla qeyd edilən müddətdə öhdəliyin icra olunmamasını nəzərə almaqla icranı tələb etməli olduğu halda, bu barədə iddia ilə uzun müddət sonra məhkəməyə müraciət etməsinin və 1086 (bir min səksən altı) dollar 40 (qırx) sent məbləğin gecikdirilmiş hansı müddət üçün hesablanma əsasına dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, habelə gecikmə üzrə tələb olunan zərərin qeyd edilən həcmdə artmasına iddiçının şərait yaratması halı istisna olmadığından, məhməkə iddianın qeyd edilən hissədə də təmin olunmaması qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Qeyd edilən Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İddia ilə həmçinin 411 (dörd yüz on bir) dollar 51 (əlli bir) sent məbləğində cərimə borcunun tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 411 (dörd yüz on bir) dollar 51 (əlli bir) sent cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 11 (on bir) dollar 51 (əlli bir) sent məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 120 (bir yüz iyirmi) manat 38 (otuz səkkiz) qəpik məbləğində dövlət rüsumunun ödənilmiş tələblərin məbləğinə mütənasib 90 manat hissəsi Cavabdeh1 tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 12 iyun 2015-ci il tarixli 1xx/xx/111470/15 saylı kredit müqaviləsi üzrə 4062 (dörd min altmış iki) dollar 89 (səksən doqquz) sent əsas borc, 395 (üç yüz doxsan beş) dollar 41 (qırx bir) sent faiz borcu, 11 (on bir) dollar 51 (əlli bir) sent cərimə, ümumilikdə isə 4469 (dörd min dörd yüz altımış doqquz) dollar 81 (səksən bir) sent icra gününə Azərbaycan manatı məzənnəsilə və dövlət rüsumu üçün ödənilmiş məbləğdən 90 (doxsan) manat tutularaq iddiaçı ləğv prosesində olan QSC “Bank Standard” KB -nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar