Məhkəmə qərarları › İş №e-2(027)-334/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-334/2024

13.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-334/2024 13.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı maddiz zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1150,00 (min yüz əlli) manat sığorta ödənişi məbləğinin və 31(otuz bir) manat 50 (əlli) qəpik dövlət rüsumunun, cəmi 1181 (min yüz səksən bir) manat 50 (əlli) qəpik məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh arasında xx.xx.2020-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21063” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2020-ci il tarixdə “VAZ 21063” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Xaçmaz rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “BMW 325” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC 1150,00 (min yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Xaçmaz RPŞ DYPB-nin qərarında Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.4-cü maddələri ilə təqsirli bilinərək barəsində inzibati tənbeh tədbiri görülməsi qərara alınmışdır. Xaçmaz RPŞ DYPB-nin "xxxx" ASC-yə təqdim etdiyi Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21063” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbi üzrə keçiriləcək məhkəmə iclaslarında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyini, iş üzrə məhkəmənin hazırlıq və baxış iclaslarının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə cavabdеh Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan icbari sığorta müqaviləsinə “VAZ 21063” markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan 20-05044/10/AA-3927/20 “Sığorta Aktı”ndan görünür ki, xx.xx.2020-ci il tarixində X3 1150 manat məbləğində sığorta ödənişi icra edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Ödəniş tapşırığı”ndan görünür ki, "xxxx" ASC tərəfindən X2 adına "xxxx" ASC-nin Şhimal filialı vasitəsilə 1150 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan “Hesablama Aktı”ndan görünür ki, “BMW 325” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün 1150 manat vəsait hesablanmışdır. DİN-in BPQMİ-nin MAPS şöbəsi tərəfindən verilmiş arayışdan məlum olur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan geriyə tələb məktubunun surətindən göründüyü kimi, Cavabdeh borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Nəqliyyat vasitəsinin qeydiyyat vəsiqəsinin surətindən görünür ki, “VAZ 21063” markalı, **-CB-*** dövlət nömrə nişanlı avtomobilin sahibi Masallı rayonu, Meşəkənarı kəndi nvanında qeydiyyatda olan X4r. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən göründüyü kimi, iddia qaldırılması üçün 31(otuz bir) manat 50 (əlli) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, inzibati xata törətməsinə görə Cavabdeh İXM-nin müvafiq maddələrilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o inibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, “VAZ 21063” markalı, **- CB-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də icbari sığorta müqaviləsi ilə sığortalanmış və Cavabdeh etibarnamə olmadan idarə etdiyi həmin avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş və BMW 325” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Cavabdeh barəsində İXM-nin müvafiq maddələrilə inzibati xəta haqqında protokol tərtib edilmiş və o inibati məsuliyyətə cəlb edilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 56.1.1-ci maddəsinə əsasən bir fiziki şəxsin sağlamlığına dəyən zərər üzrə 1150 manat sığorta məbləği müəyyən edilmişdir. İddiaçı xx.xx.2020-ci il tarixində 1150 manat məbləği yol-nəqliyyat hadisəsi nəticəsində zərər dəymiş BMW 325” markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil eibarnamə ilə idarə edən X3 ödəmişdir. «Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1 və 936.2-ci maddələrinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən icbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə ilk öncə onu qeyd edir ki, Cavabdeh avtomobili idarə etmək hüququ olmadığı halda yol nəqliyyat hadisəsi baş vermiş, yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə dəymiş zərər iddiaçı tərəfindən sığorta ödənişləri həyata keçirilməklə aradan qaldırılmışdır. Mülki Məcəllənin 1108-ci maddəsinin və “icbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinin tələbi baxımından subroqasiya hüququ məhz həmin anda idarə etmək hüququ olmadan avtomobili idarə edən və hadisəni törədən şəxs Cavabdeh qarşı yaranmışdır. Məhkəmə hesab edir ki, əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq sığortaçıya subroqasiya qaydasında verdiyi sığorta ödənişi məbləğində keçdiyindən, ödənilmiş 1150 (min yüz əlli) manat cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən sığorta ödənişi qismində zərəçəkənə məbləğ üzrə subroqasiya hüququ əsasında tələb etmək hüququ mövcud olduğundan, iddia tələbi təmin edilməlidir. Həmçinin, iş materiallarından görünür ki, iddiaçı tərəfindən 31.5 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdеh Cavabdeh müştərək qaydada 1150,00 (min yüz əlli) manat məbləğində vurulmuş zərər və 31(otuz bir) manat 50 (əlli) qəpik məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin hеsabına ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar