Məhkəmə qərarları › İş №e-2(027)-352/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-352/2024

31.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-352/2024 31.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi, ləğv prosesində olan QSC "xxxx" Kommersiya bankının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə iddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya bankının Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya bankı Cavabdeh qarşı "xxxx" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2015-ci il tarixli 1xx/xx/113511/15 saylı kredit müqaviləsi üzrə cavabdehdən 814,51 manat məbləğində əsas borc, 69,64 manat məbləğində faiz borcu, 135,72 manat məbləğində cərimə borcu, 272,14 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1292,01 manat məbləğində pulun, 32,93 manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya bankı iddia ərizəsini onunla əsaslandırmışdır ki, QSC "xxxx" KB ilə Cavabdeh arasında 25 iyun 2015-ci il tarixli 1xx/xx/113511/15 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən bank tərəfindən cavabdehə 18 ay müddətinə illik 23 faiz ilə 900 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin banka 814,51 manat məbləğində əsas borc, 69,64 manat məbləğində faiz borcu, 135,72 manat məbləğində cərimə borcu, 272,14 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu, ümumilikdə isə 1292,01 manat məbləğində borcu qalmışdır. Məhkəmə iclasında iddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya bankının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia müddətinin tətbiqinə dair Cavabdeh ərizəsinə münasibətdə iddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya bankının nümayəndəsi həmin ərizənin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirdi ki, QSC "xxxx" Kommersiya bankından 25 iyun 2015-ci il tarixdə kredit almış, lakin maddi çətinlikləri olduğu üçün krediti ödəyə bilməmişdir. Hazırda da maddi vəziyyəti çox çətindir. Bundan başqa iddia tələbi üzrə iddia müddətinin keçməsini nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş etdi. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi üzrə iddia müddətini tətbiq etməklə, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: QSC "xxxx" Kommersiya bankı ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2015-ci il tarixli 1xx/xx/113511/15 saylı müqavilənin surətindən görünür ki, illik 23 faiz ödənilməsi şərti ilə 18 ay müddətinə 900 manat məbləğində kredit verilmişdir; ləğv prosesində olan QSC "xxxx" Kommersiya bankının xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə əsas borc üzrə 814,51 manat, faiz borcu üzrə 69,64 manat, cərimə borcu üzrə 135,72 manat, 272,14 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 1292,01 manat məbləğində borcu vardır; bildirişin surətindən görünür ki, Cavabdeh banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; mədaxil qəbzinin surətindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün ləğv prosesində olan QSC "xxxx" Kommersiya bankı tərəfindən 33,93 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, QSC "xxxx" Kommersiya bankı ilə Cavabdeh arasında bağlanmış 25 iyun 2015-ci il tarixli 1xx/xx/113511/15 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 18 ay müddətinə illik 23 faiz ilə 900 manat məbləğində kredit verilmişdir. Ləğv prosesində olan QSC "xxxx" Kommersiya bankının xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh həmin tarixə əsas borc üzrə əsas borc üzrə 814,51 manat, faiz borcu üzrə 69,64 manat, cərimə borcu üzrə 135,72 manat, 272,14 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu olmaqla, ümumilikdə 1292,01 manat məbləğində borcu vardır. Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia müddətinin keçməsinə görə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə məhkəmə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 554.1 və 554.4-cü maddələrinə əsasən-müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Öhdəlik müddətin keçdiyini bilmədən icra olunduqda belə, müddətin keçməsinə görə qüvvəsini itirmiş tələbin ödənilməsi üçün icra olunmuşları geri istəmək olmaz. Əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. Müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsində göstərlir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 03 aprel 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 oktyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarına düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. “E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 06 noyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra-Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Məhkəmə qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Eyni zamanda, qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi-hüquqi mübahisə üzrə qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, kredit öhdəliyi kimi icra müddəti əvvəlcədən müəyyən edilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. İşin faktiki hallarından görünür ki, müvafiq kredit müqaviləsi tərəflər arasında 25 iyun 2015-ci il tarixdə 18 ay müddətinə bağlanılmış, kreditin bitmə tarixi 25 dekabr 2016-cı il müəyyən edilmişdir. Göründyü kimi kredit öhdəliyi üzrə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər sırasına daxildir. Məhkəmə hesab edir ki, kredit öhdəliyinin icra müddəti 25 dekabr 2016-cı il tarixdə başa çatdığından və həmin müddət başa çatanadək cavabdeh tərəfindən yalnız bir dəfə xx.xx.2015-ci il tarixdə ödəniş həyata keçirildiyindən, icra müddəti başa çatandan sonra cavabdehin əsas, faiz və cərimə borclarının olması müəyyən edilərək hesablandığından, iddiaçı tərəf öz hüquqlarının pozulmasından vaxtında xəbərdar olmuş, lakin pozulmuş hüquqlarını vaxtında müdafiə etməmiş, nəticədə iddia müddətini ötürərək cavabdehə qarşı məhkəmə qarşısında borcun ödənilməsinə dair iddia qaldırmışdır. Beləliklə də, iddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya bankının Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə təqdim edildiyindən və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən iddia tələbi təmin edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə iddianın rədd edilməsi nəticəsinə gəlir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddiaçı tərəfindən ödənilmiş 32,93 manat məbləğində dövlət rüsumu iddia tələbi rədd edildiyindən iddiaçıya aid edilməlidir. Qeyd olununlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddiaçı ləğv prosesində olan QSC "xxxx" Kommersiya bankının Cavabdeh qarşı "xxxx" tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə rədd edilsin. İddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar