Məhkəmə qərarları › İş №e-2(027)-377/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-377/2025

05.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-377/2025 05.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, Muradov Əli Şakir oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat sığorta ödənişi məbləğinin və 70 manat dövlət rüsumunun, cəmi 5070 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X2 arasında xx.xx.2018-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21214” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2018-ci il tarixdə “VAZ 21214” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və X4 ölümünə səbəb olmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Quba Rayon Məhkəməsinin hökmünə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmin hökmə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21214” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə göndərdiyi ərizəsində, iddianın müdafiə etdiyini nəzərə alaraq, mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxıb qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia tərəfinin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN Quba RPŞ-nin avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisə hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə “VAZ 21214” markalı, **- TO-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba rayonu ərazisində yolnəqliyyat hadisəsi törətmiş və X4 ölümünə səbəb olmuşdur. AC 682048 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21214” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil X3 mükiyyətindədir; ƏN-Vİ № 159816 nömrəli etibarnamənin surətindən görünür ki, X5 mülkiyyətində olan “VAZ 21214” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobili X1 1 (bir) il müddətinə etibar etmişdir; AF 320460 nöməli sürücülük vəsiqəsindən görünür ki, X1 xx.xx.2018-ci il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; AC 206970 nöməli sürücülük vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il tarixdə BC kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X3 mülkiyyətində olan “VAZ 21214” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci il tarixdə 01 (bir) il müddətinə, xx.xx.2019-cu il tarixədək sığortalanmışdır; sığorta aktından görünür ki, xx.xx.2018-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 21214” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə 5000 manat məbləğində ziyan dəymiş, PAA********** saylı sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən 5000 manat sığorta ödənişi həyata keçirilmişdir; Quba Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(027)-144/2018 saylı hökmünə əsasən Cavabdeh Əu oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli geriyə tələb (subroqasiya) məktubundan görünür ki, "xxxx" ASC sözügedən zərərin aradan qaldırılması üçün ödədiyi 5000 manat sığorta ödənişi məbləğində pul vəsaitini 10 (on) gün müddətində “AtaSığorta'' ASC-və ödənilməsini Cavabdeh xahiş etmiş, qeyd olunan məbləğ ödənilmədiyi təqdirdə Cavabdeh 5000 manat sığorta ödənişi məbləği, 500,00 (beş yüz) manat işlərin görülməsi xərci olmaqla, cəmi 5500 manat məbləğində pul vəsaitinin tutulması tələbi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh yol vərəqəsi və sürücülük vəsiqəsi əsasında idarə etdiyi “VAZ 21214” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2018-ci il tarixdə Quba rayonu ərazisində hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində “VAZ 21214” markalı, **-TO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın aradan qaldırılması məqsədilə 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunduğu kimi subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. İş materiallarından aydın olduğu kimi, Cavabdeh xx.xx.2018-ci il tarixdə törətdiyi yolnəqliyyat hadisəsində təqsirli bilinmişmir. “Sığorta haqqında“ Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Sadalanan qanunvericilik normalarının tələbinə əsasən, Cavabdeh yol nəqliyyat hadisəsi törətdiyindən və bu hadisənin törədilməsində təqsirli bilindiyindən, bununla da əlaqədar sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərərə görə mülki məsuliyyət daşıdığından, "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişi ilə bağlı cavabdehə qarşı reqress qaydasında iddiası əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək, Cavabdeh sığorta ödənişi olan 5000 manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 70 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişi olan 5000 manat məbləğində pul iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi 70 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar