Məhkəmə qərarları › İş №e-2(027)-397/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-397/2025

19.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-397/2025 19.08.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının subroqasiya hüququnun olduğunu nəzərə alaraq iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq, 5105.00 manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun (71.05 manat) Cavabdeh tutularaq, iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 21:00 radələrində Quba rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “QAZ 3302” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “LADA Granta” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil və X2 idarə etdiyi “VAZ 21214” markalı, 10-ZZ455 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonunculara maddi ziyan dəymiş, X7 az ağır dərəcəli xəsarət almışdır. “QAZ 3302” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər PXA ********** saylı icbari sığorta şəhadətnaməsi ilə avtonəqliyyat sahiblərinin mülkiməsuliyyətinin icbari sığortası üzrə sığortalanmışdır. xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “VAZ 21214” markalı, **-ZZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1805 manat zərər dəymişdir. xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “LADA Granta” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1800 manat zərər dəymişdir. AR Səhiyyə Nazirliyinin tibbiekspertiza və patolojianatomiya MTE və PA ETT birliyinin ekspert rəyinə əsasən X7 azağır dərəcəli xəsarət almışdır. xx.xx.2023-cü il tarixli ödəniş sənədinə əsasən, 1500.00 manat iddiaçı tərəfindən X3 bank hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş sənədinə əsasən, 1805.00 manat iddiaçı tərəfindən X4 bank hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş sənədinə əsasən, 1800.00 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Quba şəhəri DYP-nin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından və bunun əsasında tərtib olunmuş YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Cavabdeh İnzibati Xətalar Məcəlləsinin, 32.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmiş, barəsində 40 manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. İş materiallarından aydın olur ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etmişdir. İş üzrə Cavabdeh iddiaya etiraz verərək, iddianı qəbul etmədiyini, "xxxx" ASC-nin ona qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələb edilməsi barədə iddiasının rədd edilməsini xahiş etmişdir. II. Tərəflərin mövqeləri: İddiaçı "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, özünün sürücülk vəsiqəsi olduğunu, “Qaz-3302” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşının sahibinin Səxavət Talıbov olduğunu, maşını ondan icazə alıb sürdüyünü, ona qarşı olan iddianın əsassız olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, Səxavət Talıbov qardaşıdır, Nərimanı tanıyır, uzaq qohumdurlar. Səxavət Talıbovun hazırda psixoloji problemləri vardır, səhhəti yaxşı olduğu vaxtlarda maşını idarə etmək üçün Cavabdeh vermişdir. Həmçinin maşının istifadə edilməsinə atasınında razılığı olmuşdur. İİİ. İşin faktiki halları: Mülki işin materiallarında olan Sığorta aktlarından görünür ki, həmin aktlarda sığorta hadisəsinin xx.xx.2022-ci il tarixdə Quba rayonu ərazisində, yol nəqliyyat hadisəsi nəticəsində baş verməsi, Cavabdeh xx.xx.2022-ci il tarixdə “Qaz 3302” markalı, ** BK *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətməsi və hadisə nəticəsində X1 idarə etdiyi “LADA Granta” markalı, **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobil və X2 idarə etdiyi “VAZ 21214” markalı, 10-ZZ455 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə sonunculara maddi ziyan dəyməsi, X7 az ağır dərəcəli xəsarət alması, xx.xx.2023-cü il tarixli ödəniş sənədinə əsasən, 1500.00 manat iddiaçı tərəfindən X3 bank hesabına ödənilmişdir. xx.xx.2023-cü il tarixli ödəniş sənədinə əsasən, 1805.00 manat iddiaçı tərəfindən X4 bank hesabına ödənilməsi, xx.xx.2023-cü il tarixli ödəniş sənədinə əsasən, 1800.00 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilməsi, "xxxx" ASC tərəfindən cəmi 5105.00 manat məbləğində sığorta ödənişi həyata keçirilməsi göstərilmişdir. İş matreriallarında olan 14 yanvar 2023-cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraatın aparılmasına dair toplanmış HK-1/3100 nömrəli material üzrə xx xxxxx 1991-ci il tarixdə Quba rayonunda anadan olmuş, evli, orla təhsilli, sürücü fəaliyyəti ilə məşğul olan, Quba rayonu Timiryazev qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda taktiki yaşayan Azərbaycan Respublikası vətəndaşı Cavabdeh barəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməklə o, cinayət məsuliyyətindən azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli məktubu ilə sonuncuya nəqliyyat vasitəsini etibarnaməsiz idarə etdiyi üçün hadisə ilə əlaqəli subroqasiya hüququnun yarandığını qeyd etmiş və 7 gün ərzində ödəniş edilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli AsanPay-ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 71,05 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə cavabdehi və şahidi dinləyib, iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 922.2-ci maddəsinə əsasən sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiaçı) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbayan Respublikasının Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Həmin Qanunun 53.1-ci maddəsinə əsasən Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Azərbaycan Respubikası Mülki-Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə “QAZ 3302” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Quba rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 40 manat məbləğində cərimə edilmişdir. İddiaçı subroqasiya tələbinin əsası olaraq Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsinə istinad etmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh avtomobili etibarnamə olmadan idarə etməsi onun avtomobili istifadəyə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs kimi qəbul etməyə əsas vermir və buna görə də sığorta şirkətinin bu əsasla subroqasiya hüququ yarana bilməz. Qanunvericilik normalarının təfsir etsək görərik ki, “hüququ olmayan şəxs” dedikdə nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan, başqa sözlə sürücülük vəsiqəsi olmayan şəxs nəzərdə tutulur. Sürücülük hüququ olmadan avtomobili idarə etmə ilə, etibarnamə olmadan avtomobili idarəetmə fərqli anlayışlarıdır. Yəni, etibarnamə olmadan avtomobili idarə edən şəxs sürücülük hüququ olmayan şəxs demək deyil, yetər ki, etibarnamə ilə avtomobili idarə edənin sürücülük hüququ (sürücülük vəsiqəsi) olsun. Etibarnamənin olmaması sığorta şirkətlərinə, o cümlədən iddiaçıya aid məsələ deyildir. Kifayətdir ki, avtomobili idarə etmək üçün qanuni əsas olsun. Qanuni əsas isə “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsində nəzərdə tutulub. Həmin maddədə qeyd olunur ki, mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. Göründüyü kimi, bu qanunda avtomobili yalnız etibarnamə əsasında idarə edən deyil, həm də icarə yaxud digər əşya hüquqlarına dair müqavilə və ya digər qanuni əsaslarla idarə edən şəxs məhz bu qanunun məqsədləri üçün avtomobilin sahibi hesab olunurlar. Ona görə də etibarnamə olmadan avtomobilin idarə edilməsi hələ onun hüququ olmayan şəxs tərəfindən idarə edilməsi demək deyildir. Etibarnamə olmadan avtomobilin idarə edilməsi inzibati hüququn məqsədlərinə xidmət edir. Buna görə də İnzibati Xətalar Məcəlləsində bu cür idarəetməyə görə məsuliyyət də müəyyən edilib. Sığorta münasibəti inzibati deyil, mülki hüquqi münasibətdir və mülki hüquq normaları ilə tənzimlənir. Yəni, mülki hüquqa görə avtomobil əşyadır və bu əşyanın istifadəyə verilməsi üçün tərəflər arasında istifadə müqaviləsi də bağlana bilər. İstifadə müqaviləsinin isə forma tələbi yoxdur. Şifahi şəkildədə bağlana bilər. Bunun üçün məcburi forma şərti müəyyən edilməmişdir. “İcbari sığortalar haqqında” Qanunun 53.1-ci maddəsinin məzmunu da bunu təsdiq edir. Ona görə də iddiaçının cavabdehə qarşı mövcud subroqasiya tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 71.05 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. V. Nəticə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair iddia ərizəsi rədd edilsin. İddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 71.05 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar