Məhkəmə qərarları › İş №e-2(027)-470/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-470/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-470/2022 18.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 622 (altı yüz iyirmi iki) manat əsas, 63 (altmış üç) manat cərimə borcu, 30 (otuz) manat məbləğində dövlət rüsumu, cəmi 715 (yeddi yüz on beş) manat məbləğində pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Vorld Telekom" MMC ilə Cavabdeh arasında bağlanmış R0008654 nömrəli 02.02.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 934 manat dəyərində olan Samsung / 00470 Samsung A715 128 DS (R) markalı əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 0 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 934 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 312 manat ödəniş etmişdir. Borcun ödənilməsi ilə əlaqədar olaraq borcluya dəfələrlə şifahi, 25.11.2021-ci il tarixdə isə yazılı xəbərdarlıq edilmişdir. Lakin borclu yenə də borc öhdəliyinin icrasına dair heç bir addım atmamışdır. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 1.3-cü bəndinə əsasən ödəniş 30 gündən başlayaraq gecikdirildikdə satıcı tərəfindən hər gün üçün gecikdirilmiş borc məbləğinin 0,3 faizi həcmində cərimə (dəbbə pulu) ödənilməsi tələb edilə bilər. Cavabdeh müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyindən İddiaçı MMC tərəfindən ona 21.10.2021 -ci il tarixə 63 manat məbləğində cərimə hesablanmışdır. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı “Vorld Telekom" MMC ilə Cavabdeh arasında bağlanmış R0008654 nömrəli 02.02.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən satıcı alıcıya 12 ay müddətinə 934 manat dəyərində olan Samsung / 00470 Samsung A715 128 DS (R) markalı əşyanı satmışdır. Cavabdeh aldığı əşyaya görə 0 manat ilkin ödəniş etmiş və borclu olduğu qalıq 934 manat məbləğində pulu müqaviləyə əlavə edilən ödəniş cədvəlinə əsasən kreditora hissə-hissə ödəməyi öhdəsinə götürsə də, alğı-satqı müqaviləsində nəzərə tutulmuş öhdəlikləri qismən yerinə yetirmiş və 312 manat ödəniş etmişdir. Cavabdeh İddiaçı MMC-yə 622 manat əsas və 63 manat borcu vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi 21.10.2021-ci il tarixli maliyyə arayışından görünür ki, R0008654 nömrəli 02.02.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə Cavabdeh İddiaçı MMC-yə 622 manat əsas və 63 manat cərimə borcu qalmışdır. Ərizəyə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında R0008654 nömrəli 02.02.2021-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, satıcı alıcıya 12 ay müddətinə 934 manat dəyərində olan Samsung / 00470 Samsung A715 128 DS (R) markalı əşyanı satmışdır. Ərizəyə əlavə olunmuş 25.11.2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında icra etmədiyindən borc məbləğinə əlavə cərimə hesablandığı və bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddiaçı tərəfindən iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır. Ərizəyə əlavə olunmuş 04.01.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30,40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun İddiaçı MMC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən R0008654 nömrəli 02.02.2021-ci il tarixli alğı-satqı müqaviləsi üzrə 622 manat əsas borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 6 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30,40 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 622 (altı yüz iyirmi iki) manat əsas borc, 6 (altı) manat cərimə olmaqla, cəmi 628 (altı yüz iyirmi səkkiz) manat borc və 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar