Məhkəmə qərarları › İş №e-2(027)-480/2023

Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(027)-480/2023

15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-480/2023 15.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2447 manat məbləğində əsas borcun, əsas borca görə hesablanmış 1101,15 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 3548,15 manat vəsaitin və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 55,50 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X1 iddianı müdafiə edərək tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 2650 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği 8 ay müddətinə hər ay 331,25 manat olmaqla hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı MMC-yə yekun olaraq 2447 manat əsas və 1101,15 manat məbləğində dəbbə borcu olmaqla, cəmi 3548,15 manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmiş və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “borcun etirafı və ödəniş qaydası naqqında” xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İddiaçı MMC-nə 2650 manat məbləğində borcun olduğunu tam etiraf edir. Tərəflər arasında razılaşdırılmış şərtə əsasən Cavabdeh borc məbləğini 8 ay müddətinə hər ay 331,25 manat olmaqla tam olaraq "borcverən”ə ödəməyi öhdəsinə götürür. Ödəniş 2 dəfə gecikdirildiyi təqdirdə hər gecikdirilən gün üçün umimi məbləğin 0,5 %-i həcmində dəbbə pulu hesablanacaqdır. Ödəniş ardıcıl olaraq 2 dəfə edilmədiyi təqdirdə “borcverən” məhkəməyə müraciət edəcək və hesablanmış dəbbə pulu əsas borc məbləğinin üzərinə əlavə ediləcək. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh güzəştlər nəzərə alındıqdan sonra xx.xx.2022-ci il tarixinə "VEYSƏLOĞLU” MMC-ə olan borcu 2447 manat məbləğində əsas və əsas borca görə hesablanmış 1101,15 manat məbləğində dəbbə borcu olmaqla, ümumilikdə 3548,15 manat təşkil edir. İş materiallarında olan pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, Cavabdeh borc məbləğinin ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 55,50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçı "VEYSƏLOĞLU” MMC-nə 2712 manat məbləğində ziyan vurmuş və yazılı şəkildə ziyanı etiraf etmişdir. "VEYSƏLOĞLU” MMC tərəfindən güzəş tətbiq edilərək 2447 manat məbləğində əsas və 1101,15 manat məbləğində dəbbə borcu olmaqla, ümumi 3548,15 manat hesablanmışdır. Cavabdeh isə "VEYSƏLOĞLU” MMC-nə olan borcu etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulması; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 882.2-ci maddəsinə görə Mülki Məcəllədə szərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə biməz. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə hesab edir ki, əsas borc 2447 manat təşkil etdiyi halda, 1101,15 manat məbləğində cərimə hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə dəbbə borcu 240 manata qədər azaldılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, dəymiş ziyana görə hesablanmış 2447 manat məbləğində əsas və 240 manat məbləğində dəbbə borcu olmaqla, ümumi 2687 manat Cavabdeh "VEYSƏLOĞLU” MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 55,50 manat məbləğində pul məbləğində pulun 16 manatı iddiaçıya aid edilməli, 39,50 manat isə cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. Dəymiş ziyana görə hesablanmış 2447 manat məbləğində əsas və 240 manat məbləğində dəbbə borcu olmaqla, ümumi 2687 manat Cavabdeh "VEYSƏLOĞLU” MMCnin xeyrinə xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 55,50 manat məbləğində pul məbləğində pulun 16 manatı iddiaçıya aid edilsin, 39,50 manat isə cavabdehdən alınaraq iddiaçıya verilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan (rəsmi qaydada verildikdən) sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Quba Rayon Məhkəməsinə ərizə verə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar