Məhkəmə qərarları › İş №e-2(027)-491/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-491/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-491/2023 22.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2670,13 manat məbləğində əsas borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 47 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 iddianı müdafiə edərək tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882-ci maddəsinə uyğun olaraq İddiaçı MMC ilə Cavabdeh arasında “borcun etirafı və ödəniş qaydası haqqında” müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 2712 manat borcunun olduğunu etiraf etmiş və həmin məbləği tam olaraq ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixinə İddiaçı MMC-yə yekun olaraq 2670,13 manat borcu qalmaqdadır. Cavabdeh tərəfindən həmin borcdan hazırki tarixədək heç bir məbləğ ödənilməmiş və borc məbləği ödənilməmiş vəziyyətdə qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, cavabdeh heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “borcun etirafı və ödəniş qaydası haqqında” xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, OBA Köhnə Quba-4 mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh 2712 məbləğdə zərər vurması müəyyən edilmiş, tərəflər arasında tam maddi məsuliyyət haqqında müqavilənin bağlandığını nəzərə alaraq borclu (zərər vuran) 2712 manat məbləğində cəmiyyətə zərər vurduğunu tam etiraf etmişdir. Cavabdeh 2712 manat məbləğində borcun olduğunu tam etiraf edir. Tərəflər arasında razılaşdırılmış şərtə əsasən Cavabdeh borc məbləğini xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay 226 manat 12 ay ərzində tam olaraq "borcverən”ə ödəməyi öhdəsinə götürür. Ödəniş 2 dəfə gecikdirildiyi təqdirdə hər gecikdirilən gün üçün umimi məbləğin 0,5 %-i həcmində dəbbə pulu hesablanacaqdır. Ödəniş ardıcıl olaraq 2 dəfə edilmədiyi təqdirdə “borcverən” məhkəməyə müraciət edəcək və hesablanmış dəbbə pulu əsas borc məbləğinin üzərinə əlavə ediləcək. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh ilə xx.xx.2021-ci il tarixində "borcun etirafı və ödəniş qaydası haqqında müqavilə" bağlanmış və 2712 manat borcu olduğunu etiraf etmişdir. Cavabdeh güzəştlər nəzərə alındıqdan sonra 01 dekabr 2022-ci il tarixinə "xxxx" MMC-ə olan ümumi borcu 2670,13 manat təşkil edir. İş materiallarında olan pretenziya (xəbərdarlıq) məktubundan görünür ki, Cavabdeh borc məbləğinin ödənilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh iddiaçı "xxxx" MMC-yə 2712 manat məbləğində ziyan vurmuş və yazılı şəkildə ziyanı etiraf etmişdir. "xxxx" MMC tərəfindən güzəş tətbiq edilərək ümumi borcu 2670,13 manat hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulması; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 882.2-ci maddəsinə görə Mülki Məcəllədə szərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə biməz. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, dəymiş ziyana görə hesablanmış 2670,13 manat Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş 47 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Dəymiş ziyana görə hesablanmış 2670,13 manat Cavabdeh "xxxx" MMC-nin xeyrinə xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 47 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar