Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-511/2022 25.02.2022 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 818,93 manat qalıq borcu və 250,10 manat cərimə borcu olmaqla, ümumilikdə 1069,03 manat borcun və 30,69 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.10.2018-ci il tarixli QBK0044 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, borcluya 1015,43 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, öhdəliyini yerinə yetirməmişdir. Cavabdehin iddiaçı qarşısında müqavilə üzrə qalıq borcu 818,93 manat təşkil edir. Cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 2501,01 manat təşkil edir. Hazırda cavabdehə qarşı güzəşt siyasəti tətbiq etdikləri üçün hesablanmış cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edirlər. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 250,10 manat təşkil edir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.10.2018-ci il tarixli QBK0044 saylı nisyə alğı-satqı müqaviləsinə əsasən, borcluya 1015,43 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə satılmışdır və məhsul cavabdehə təhvil verilmişdir. Müqavilənin və tərəflər arasında tərtib edilmiş “ödəniş qrafiki”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, o, borcun qaytarılmasına dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin alğı-satqı müqaviləsi üzrə borcu 818,93 manat qalıq borcu və 250,10 manat cərimə borcu olmaqla, cəmi 1069,03 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ərizəyə əlavə olunmuş İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 29.10.2018-ci il tarixli QBK0044 saylı alğı-satqı müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 1015,43 manat (borclu tərəfindən edilmiş ilkin ödəniş məbləği daxil olmaqla) dəyərində məişət məhsulu nisyə almışdır. Ərizəyə əlavə olunmuş 22.10.2021-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh gecikdirdiyi borcunu xəbərdarlığı aldığı tarixdən 3 gün müddətindən gec olmayaraq banka ödəməli olduğu barədə xəbərdar edilmişdir. Ərizəyə əlavə olunmuş 12 oktyabr 2021-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 29.10.2018-ci il tarixli QBK0044 saylı alğı-satqı müqaviləsinə əsasən İddiaçı MMC-yə 818,93 manat qalıq borcu və 2501,01 manat cərimə borcu yaranmış, İddiaçı MMC isə cərimə məbləğinin yalnız 10%-ni ödəməyi borcludan tələb edir. Belə olan halda, hesablanmış cərimə məbləğinin 10%-i 250,10 manat təşkil edir. İş materiallarında olan 06.01.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30,69 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 529,8). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 296,2.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun İddiaçı MMC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 818,93 manat məbləğində qalıq borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 10 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30,69 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. Cavabdeh 818,93 (səkkiz yüz on səkkiz manat doxsan üç qəpik) manat qalıq borcu və 10 (on) manat cərimə borcu olmaqla, ümumilikdə 828,93 (səkkiz yüz iyirmi səkkiz manat doxsan üç qəpik) manat borc və 30,69 (otuz manat altmış doqquz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-511/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-511/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver