Məhkəmə qərarları › İş №e-2(027)-574/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-574/2024

04.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-574/2024 04.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Həsənov Rahim Təşəkkül oğlu, İddiaçı MMCnin Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı MMC Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh vəzifə səlahiyyətlərindən suiistifadə etməsi nəticəsində dəymiş zərərə görə İddiaçı MMC-yə ümumilikdə 2699,08 (iki min altı yüz doxsan doqquz manat, 08 qəpik) AZN məbləğin və 47,40 AZN (qırx yeddi manat, 40 qəpik) məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 14 iyun 2021-ci il tarixdən 15 iyul 2022-ci il tarixədək olan müddət ərzində İddiaçı MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsində poçt xidmətləri, digər xidmətlər və maliyyə xidmətləri olmaqla şöbənin adından bütün mədaxil və məxaric əməliyyatlarını icra etmək, xəzinə əməliyyatları formalaşdırmaq, nağd pulun və digər qiymətlilərin qorunmasını təmin etmək, şöbənin adından rəsmi sənədləri imzalamaq və möhürləmək kimi səlahiyyətlərə malik təşkilati, sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını həyata keçirən şöbə müdiri - rəhbər vəzifəli şəxs vəzifəsini icra etmişdir. 01 aprel 2022-ci il tarixdən 13 aprel 2022-ci il tarixədək, həmçinin 13 aprel 2022-ci il tarixdən 19 aprel 2022-ci il tarixədək xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edərək "xxxx" ASC ilə İddiaçı MMC arasında həyata keçirilən əməkdaşlıq çərçivəsində ona etibar edilmiş lotereya biletlərindən bir qisminin guya ayrı-ayrı fiziki şəxslərə satılmasına dair bütün mədaxil və məxaric əməliyyatlarının həyata keçirildiyi “Colvir” informasiya resursuna İddiaçı MMC-nin Quba poçt filialının Qonaqkənd poçt şöbəsinin inzibati binasında tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək, həmin biletləri mənimsəyərək, ştrixlənmiş xanaları pozmaqla "xxxx" ASC-nin təşkil etdiyi lotereyalardan istifadə etmiş, eyni zamanda həmin dövr ərzində digər poçt xidmətlərindən şöbənin daxili kassasına daxil olan müxtəlif məbləğlərdə nağd pul vəsaitlərini mənimsəyərək talamış, İddiaçı MMC-nin əmlakının və pul vəsaitinin qorunub saxlanılması ilə əlaqədar Cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Nəticədə İddiaçı MMC-nin Quba poçt filialının sabiq şöbə müdiri Cavabdeh dövlətə vurduğu zərər ümumilikdə 3729,08 (üç min yeddi yüz iyirmi doqquz manat, 08 qəpik) AZN məbləğində müəyyən olmuşdur. Qeyd olunan faktlar Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixdə çıxardığı hökmdə də öz əksini tapmışdır. Əlavə olaraq Quba Rayon Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixində hökmdə yaranmış anlaşılmazlığın aradan qaldırılması ilə bağlı məsələyə baxaraq Cavabdeh tərəfindən ödənilmiş və Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan pul vəsaiti barədə göstəriş müəyyən olunmadığından, hökmün icrası zamanı həmin vəsaitin dövlət nəfinə alınması və ya aidiyyəti üzrə təhvil verilməsini təmin etmək mümkün olmadığından, hökmün icrası zamanı yaranacaq anlaşılmazlığın aradan qaldırılmasının zərurəti yaranmışdır. Belə ki, hökmün təsviri əsaslandırıcı hissəsində müəyyən edilmişdir ki, Cavabdeh 15 may 2023-cü il və 22 iyun 2023-cü il tarixli ərizələrindən, ərizələrə əlavə, olunmuş qəbzlərdən və həmin tarixli vəsaitin depozit hesabda saxlanılması haqqında qərarlardan görünür ki, ibtidai istintaq zamanı Cavabdeh dəymiş maddi ziyanın müvafiq olaraq 330 və 200 manatını Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödəmişdir. Həmçinin xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qəbzlərdən göründüyü kimi, Cavabdeh məhkəmə istintaqı dövründə maddi ziyanın müvafiq olaraq 200, 220 və 80 manat hissəsini Azərbaycan Respublikası Baş Prokurorluğunun depozit hesabına ödəmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 518-520-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara almışdır ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)-126/2023 saylı hökmünün nəticə hissəsində 10-cu abzas: “Cavabdeh tərəfindən ödənilmiş və Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 1030 (min otuz) manat məbləğ İddiaçı MMC-nin hesabına keçirilsin” kimi qeyd edilərək oxunmaqla anlaşılmazlıq aradan qaldırılmışdır. Həmin bu dəyişiklikdən sonra yekun məbləğ kimi Cavabdeh həmin vəzifədə işləyərkən özü üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edərək əldə etdiyi ümumilikdə 3729,08 (üç min yeddi yüz iyirmi doqquz manat, 08 qəpik) AZN məbləğində pul vəsaitindən 2699,08 (iki min altı yüz doxsan doqquz manat, 08 qəpik) AZN İddiaçı MMC-yə ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarını hərtərəfli araşdıraraq hesab edirəm ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)-126/2023 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CMnin 179.2.2-ci və 179.2.3-cü maddələrilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh Azərbaycan Respublikası CMnin 313-cü maddəsilə nəzrədə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Təyin edilmiş 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 04 (dörd) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası, qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətinə islah işləri cəzasının Azərbaycan Respublikası CM-nin 68.3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir gününə islah işlərinin iki günü bərabər tutulmaqla müəyyən olunan 09 (doqquz) ay azadlığın məhdudlaşdırılması cəzası ilə Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaq yolu, Cavabdeh qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh üzərinə Quba rayonu inzibati hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:30-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuşdur. İş materiallarında olan Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)- 126/2023 saylı qərarından görünür ki, Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)-126/2023 saylı hökmünün nəticə hissəsində 10-cu abzas: “Cavabdeh tərəfindən ödənilmiş və Azərbaycan Respublikasının Baş Prokurorluğunun depozit hesabında saxlanılan 1030 (min otuz) manat məbləğ İddiaçı MMC-nin hesabına keçirilsin” kimi qeyd edilərək oxunmaqla anlaşılmazlıq aradan qaldırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 47 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Eyni Məcəllənin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarında göstərilmişdir ki, qanunverici məhkəmənin icraatında olan mülki iş üzrə yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmünün, qərarının, qətnaməsinin, qərardadının preyudisial əhəmiyyəti olduğunu göstərmişdir. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1091.1-1091.2-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı, cavabdehin iddiaçıya vurduğu zərərin Quba Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(027)-126/2023 saylı hökmü ilə öz təsdiqini tapması qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində dəymiş zərərə görə 2699,08 (iki min altı yüz doxsan doqquz manat, səkkiz qəpik) AZN pul vəsaiti və 47,40 AZN (qırx yeddi manat, qırx qəpik) məbləğində dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar