Məhkəmə qərarları › İş №e-2(027)-671/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-671/2023

17.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-671/2023 17.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi, Həsənov Rahim Təşəkkül oğlu, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı borc tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7 Aprel 2021-ci il tarixli, QBNPU- 02126 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 783,85 (yeddi yüz səksən üç manat 85 qəpik) manat, faiz borcuna görə 42,68 (qırx iki manat 68 qəpik) manat, dəbbə borcuna görə 173,66 (bir yüz yetmiş üç manat 66 qəpik) manat, cəmi 1000,19 (bir min manat 19 qəpik) manat məbləğində pulun və 30.01 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçıASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin Quba filialı ilə cavabdeh – Cavabdeh arasında bağlanmış 07 Aprel 2021-ci il tarixli, QBNPU-02126 saylı kredit müqaviləsinə əsasən illik 20 % (iyirmi) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. 07 Aprel 2021-ci il tarixli, QBNPU-02126 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 07 Aprel 2021-ci il tarixli, QBNPU-02126 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 7-dan gec olmayaraq hər ay 127,24 (bir yüz iyirmi yeddi manat 24 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 07 Aprel 2021-ci il tarixli, QBNPU-02126 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 783,85 (yeddi yüz səksən üç manat 85 qəpik) manat, faiz borcuna görə 42,68 (qırx iki manat 68 qəpik) manat, dəbbə borcuna görə 173,66 (bir yüz yetmiş üç manat 66 qəpik) manat, borcun cəmi məbləği 1000,19 (bir min manat 19 qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı "xxxx" ASC-nin Sumqayıt filialı ilə Cavabdeh arasında bağlanmış 07 Aprel 2021-ci il tarixli, QBNPU-02126 saylı kredit müqaviləsinə əsasən illik 20 % (iyirmi) faiz dərəcəsi olmaqla 24 (iyirmi dörd) ay müddətinə 2500 (iki min beş yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan arayışdan görünür ki, Cavabdeh "xxxx" ASC-yə xx.xx.2023-cü il tarixə olan borcu 783,85 manat, faiz borcuna görə 42,68 manat, cərimə borcuna görə 173,66 manat, cəmi 1000,19 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30.01 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni 7 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30,01 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdim: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh 783,85 manat, faiz borcuna görə 42,68 manat, cərimə borcuna görə 7 manat, cəmi 833,53 manat məbləğində pul və 30,01 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı “Rabitəbank ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar