Məhkəmə qərarları › İş №e-2(027)-757/2021

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-757/2021

29.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-757/2021 29.04.2021 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 6918.40 (altı min doqquz yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6948.40 (altı min doqquz yüz qırx səkkiz manat, qırx qəpik) manat məbləğində pulun iddiaçı “xxxx” MMC-in xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” MMC (bundan sonra iddiaçı) ilə Cavabdeh (bundan sonra cavabdeh) arasında bağlanmış 04.04.2013-cü il tarixli SS-125 saylı malların alqı-satqı müqaviləsi əsasında iddiaçı cavabdehə müəyyən çeşiddə mallar satmışdır. Cavabdeh malların alqı-satqısı ilə bağlı üzərinə düşən öhdəliklərini bu günə qədər tam icra etməmişdir. Belə ki, ümumi dəyəri 16071.60 (on altı min yetmiş bir manat, altmiş qəpik) manat olan satılmış mallar iddiaçı tərəfindən cavbdehə qaimə-fakturalarla çatdırılmış və cavabdeh tərəfindən qəbul olunmuşdur. Lakin, iddiaçı tərəfindən cavabdehə müvafiq ödəniş sənədləri təqdim olunsada, cavabdeh iddiaçıya bir sıra fakturalar üzrə yalnız 9153.20 (doqquz min yüz əlli üç manat, iyirmi qəpik) manat məbləğində pul ödəmişdir. Nəticədə, cavabdeh iddiaçıya müqavilə üzrə 6918.40 (altı min doqquz yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində borcu yaranmışdır. Cavabdehə 28.01.2021-ci il tarixli pretenziyanın göndərilməsinə baxmayaraq, cavabdeh tərəfindən borcun ödənilməsinə yönəlmiş hər hansı əməli tədbir görülməmişdir. 01 aprel 2021-ci il və 21 aprel 2021-ci il tarixlərdə məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, sözü gedən müqaviləni bağlamamış və həmin müqavilədə olan imza ona məxsus deyildir. Lakin iddiaçı “xxxx” MMC-dən 2013-cü ildə müxtəlif çeşiddə mallar almış və həmin malların pullarını da nəğd şəkildə ödəmişdir və iddiaçıya heç bir borcu qalmamışdır. 2013-cü ildən bu günə kimi iddiaçı ondan nə rəsmi qaydada nədə ki qeyrirəsmi qaydada heç bir pul tələb etməmişdir. İddiaçı 8 il keçdikdən sonra pul tələb edir. Qeyd edilənlərə əsasən, cavabdeh hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə olunmuş 04 aprel 2013-cü il tarixli, SS-125 saylı malların alqısatqısına dair müqaviləsindən görünür ki, “Sumqayıt Texnologiyalar Parkı” MMC ilə Cavabdeh arasında qaimə-fakturaya müvafiq miqdarda, keyfiyyətdə, çeşiddə, qiymətdə və müvafiq şərtlərələ mallar satmışdır. İş materiallarında olan 28 yanvar 2021-ci il tarixli pretenziyadan görünür ki, iddiaçı “xxxx” MMC tərəfindən cavabdehə 5 iş günü müddətində borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarına olan iş üzrə Cavabdeh ərizəsindən görünür ki, o, “xxxx” MMC-nin ona qarşı pul tələbinə dair iddiasını qəbul etmir, iddia müddətinin tətbiq edilməklə iddianın əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001ci il tarixli Qərarında göstərilmişdir ki, iddia müddəti institutu hüquq münasibətləri iştirakçılarının intizamlandırmaq, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur etmək, müqavilə və ya maliyyə intizamının nizamlanmasına kömək etmək; mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərmək, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaratmaq baxımından əhəmiyyətlidir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikincisi, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncüsü iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisəni obyektiv əsaslarla həll etmək imkanı yaradır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Göründüyü kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Göstərilən hüquq normalarının tələblərinə əsasən məhkəmə qeyd edir ki, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. İşdə olan, 04.04.2013-ci il tarixli, malların alqı-satqı müqaviləsinin 10.1-ci bəndinə əsasən müqavilə 31.12.2013-cü ilə qədər qüvvədədir. Müqavilə üzrə sonuncu ödəniş edilməsi barədə qaimə-fakturalar iddiaçının nümayəndəsini izahatına görə 2013-cü il tarixdə cavabdehə təqdim edilmişdir (iş materiallarına əlavə olunmuş 04.04.2013-cü il tarixli, 706472 saylı qaimə-faktura, 13.06.2013-cü il tarixli, 743331 saylı qaimə-faktura və 13.06.2013-cü il tarixli, 743332 saylı qaimə-faktura). Məhz müqavilənin qüvvədə olma müddəti bitən vaxtdan yəni, 31.12.2013-cü il tarixdən etibarən müvafiq iddia müddətinin axımı başlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarına əsasən də kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Göründüyü kimi, müqavilə münasibətlərindən yaranan mübahisələrə üç illik iddia müddəti tətbiq edillir. Qeyd edilən müddət hazırki mübahisəyə tətbiq edildikdə, o zaman iddiaçı hazırki tələblə iddia müddətinin bitməsindən 8 il keçdikdən sonra məhkəməyə müraciət etmişdir. “Stanyo Belçikaya qarşı” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 7 iyul 2009-cu il tarixli Qərarındakı hüquqi mövqeyinə görə qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Eləcə də, Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq göstərmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və 7 qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilmədiyi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı cavabdehdən 6918.40 (altı min doqquz yüz on səkkiz manat, qırx qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6948.40 (altı min doqquz yüz qırx səkkiz manat, qırx qəpik) manat məbləğində pulun iddiaçı “xxxx” MMC-in xeyrinə tutulması barədə iddia tələbi təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar