Məhkəmə qərarları › İş №e-2(027)-762/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-762/2024

31.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-762/2024 31.07.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, Cavabdehlər X1 və Akbayır Mansurun iştirakı ilə, İddiaçı Rafiq qızının cavabdehlər X3 və Akbayır Mansura qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Rafiq qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X3 və Akbayır Mansurdan müştərək qaydada 5800 (beş min səkkiz yüz) manat məbləğində pulun və dövlət rüsumu kimi ödədiyi 78 (yetmiş səkkiz) manat pulun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə o cavabdeh Akbayır Mansur ondan 5800 (beş min səkkiz yüz) manat məbləğində borc pul vermiş və o həmin pulu 2 aya qaytarmağa söz versə də pulu tam olaraq qaytarmamışdır. Bundan başqa onun həyat yoldaşı olan Cavabdeh1 xx.xx.2023-cü il tarixdə ondan 2000 (iki min) manat məbləğində borc pul almış və ümumilikdə bu şəxslərin ona olan 7800 manat borclarından 2023-cü ilin avqust ayına kimi 2120 manat qarytarmış və onların qalan borcları 5680 (beş min altı yüz səksən) manat olmuşdur. Halbuki onlar həmin pulları ondan alarkən 2 aya qaytaracaqlarına söz vermiş, lakin həmin vədlərinə əməl etməmişlər. O hər iki cavabdehə pretenziya qaydasında poçt vasitəsi ilə məktub göndərmiş, lakin onlar bu borcu qaytarmaq əvəzinə onun barəsində şantaj xarakterli ərizələrlə polisə şikayət etmişlər Məhkəmə iclasında İddiaçı Rafiq qızı ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. İddiaçı Rafiq qızı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixə təyin edilmiş məhkəmə prosesini onun iştirakı olmadan kecirməklə onun vəsatətinin təmin olunması və iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizasının kecirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş və onda olan sənədlərin ekspertizaya təqdim olunacağını qeyd etmişdir. Həmçinin ərizə ilə bərabər vəsatətdə göstərmişdir ki, iddia ərizəsini məhkəməyə elektron məhkəmə sistemi vasitəsi ilə göndərmiş və sonradan- xx.xx.2024-cü ildə xəbərnaməli – sifarişli məktubla Quba rayon məhkəməsinə vacib məhkəmə sənədlərini (2 ədəd əlyazma qəbzlərin əslini,o cümlədən də mübahisələndirilən xx.xx.2022-ci il tarixli və Akbayr Mansurun xətti ilə yazılmış qəbzi) məhkəməyə poçt vasitəsi ilə göndərmiş (poçt qəbzi № SX014321756AZ), lakin ona məktubun çatdırılması barədə bildiriş gəlməmiş, sənədlər məhkəməyə təqdim olunmamışdır. O, məktubun məhkəməyə hansı səbəbdən daxil oldmaması ilə maraqlandıqda ona bildirilmişdir ki, həmin məktub poçt əməkdaşının səhlənkarlığı üzündən itmişdir. Cavabdehlər X3 və Akbayır Mansur məhkəmə iclasında izahatlarında bildirmişlər ki, iddiaçının 5800 manat ondan borc götürdükləri barədə iddiası və iddia tələbinə əlavə edilmiş həmin məbləğin götürülməsini təsdiq edən əlyazma qəbz sonradan saxtalaşdırılmış, ondan xx.xx.2022-ci ildə 300 manat pul borc götürdükləri halda, iddiaçı həmin 300 manatı 5800 manat kimi saxtalaşdıraraq, ona 5800 manat borc olduğu bildirilmişdir. Halbuki onlar iddiaçıdan əvvəlcə 2000 manat, sonra da xx.xx.2022-ci ildə 300 manat pul götürmüş. Hətta bu barədə səs yazıları da vardır, sonradan həmin pulları hissə-hissə qaytarmışlar. İddiaçı qəbzin əslini təqdim edəcəyini söz verdiyi halda, bu günə kimi də həmin qəbzi məhkəməyə təqdim etməmişdir. Göstərilənləri nəzərə alaraq, iddianın rədd edilməsini xahiş etmişlər. Məhkəmə cavabdehlərin izahatlarını dinləyib, iddiaçının ərizə və vəsatətini, iş üzrə sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli əlyazma iltizamın surətindən göründüyü kimi, Akbayır Mansur İddiaçı pul götürmüş, həmin məbləği 3 aya qaytaracağını söz vermişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əlyazma iltizamdan görünür ki, Cavabdeh1 İddiaçı öz xahişilə 2000 manat məbləğində pul götürmüş, həmin pulu 1 il müddətində qaytarmasına söz vermişdir. Quba Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(027)-762/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Akbayır Mansur oğluna qarşı pul və dəymiş ziyan tələbinə dair mülki iş üzrə məhkəmə məhkəmə-xətşünaslıq ekspertizası təyin olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan məlum olur ki, e-2(027)-762/2024 saylı iş üzrə ekspertizanın aparılması və rəy verilməsi xx.xx.2022-ci il tarixli əlyazma qəbzin əslinin təqdim edilməsi barədə verilmiş xx.xx.2024-cü il tarixli vəsatəti təmin olunmadığından məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddiaçı qızı cavabdehlər X3 və Akbayır Mansur ilə aralarında borcla bağlı xx.xx.2022-ci il tarixli əlyazma iltizamın surətini idda ərizəsinə əlavə etsə də, iş üzrə ekspertizanın aparılması və rəy verilməsi xx.xx.2022-ci il tarixli əlyazma qəbzin əslinin təqdim edilməsi barədə verilmiş xx.xx.2024-cü il tarixli vəsatəti təmin olunmadığından məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmədə ilk öncə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Başqa sözlə, məhz iddiaçı iddia tələbinin əsası kimi istinad edilən halları sübut etmək öhdəliyi daşıyır. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə borc məbləğinin yalnız xüsusi bilik əsasında mütəxəssis (ekspert) rəyi əsasında müəyyən edilməsi mümkün olduğundan, iddiaçı tərəfindən isə müvafiq ekspertizanın keçririlməsi üçün zəruri olan sənəd (əlyazma qəbzin əsli) təqdim edilmədiyindən, hazırki iş üzrə MPM-nin 97.5-ci maddəsinin tələbi nəzərə alınmaqla nəticə əldə edilməsi üçün əsas vardır. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddiaçı tərəfindən iddia tələbi təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM, maddə 14.2, 77.1 və 88 maddələri). İddiaçının iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Şərh edilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, İddiaçı Rafiq qızının cavabdehlər X3 və Akbayır Mansura qarşı pul tələbi barədə iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Rafiq qızının cavabdehlər X3 və Akbayır Mansura qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar