Məhkəmə qərarları › İş №e-2(027)-766/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-766/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-766/2025 13.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı BOKT ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə kredit müqaviləsinə əsasən 567,64 manat məbləğində qalıq, ona hesablanmış 197,10 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 980 manat məbləğində dəbbə pulu, cəmi 1744,74 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 38 manat məbləğində pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00337-01EX№-li İstehlak Krеditi Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 32% hesablanmaq şərti ilə 4000 AZN məbləğində krеdit vеrilmişdir. Kredit məbləğinin borcalanın hesabına köçürülməsinə dair köçürmə sifarişinin surətindən də göründüyü kimi, müqavilə ilə müəyyən edilən məbləğ cavabdehin bank hesabına köçürülmüşdür. Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tariхli, 2022/00337-01EXZ №-li Zaminlik müqaviləsi bağlanmışdır. Ödəniş cədvəli, hesabdan çıxarış və borc haqqında arayışdan da göründüyü kimi,cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. İddiaçı BOKTASC cavabdehə dəfələrlə müraciət edərək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişlər. Bu səbəbdən İddiaçı BOKT ASC tərəfindən сavabdehlərə poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə“borcun qaytarılması” tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Krеdit müqаviləsi üzrə öhdəliklərini yеrinə yеtirməsi üçün cаvаbdеhə dəfələrlə şifаhi və yаzılı хəbərdаrlıq оlunmаsınа bахmаyаrаq cаvаbdеh krеdit bоrcu və оnа hеsаblаnmış fаizləri qаytаrmаmışdır. İddianın qiyməti: xx.xx.2024-cü il tarixinə kreditin əsas borcu üzrə 567,64 manat məbləğində qalıq, ona hesablanmış 197,10 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 980 manat məbləğində dəbbə pulu,cəmi 1744,74 manat məbləğində borc yaranmışdır. Azərbaycan Respubikası Mülki-Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: 15 aprel 2022-ci il tarixdə, 2022/00337-01EX №-li Kredit müqaviləsindən, faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, İddiaçı BOKT ASC tərəfindən təsdiq edilmiş əsasnamə əsasında fəaliyyət göstərən “Ekspress Xaçmaz” filalı tərəfindən 24 ay müddətinə illik 32% dərəcəsi ilə Cavabdeh2 4000 (dörd min) AZN məbləğində kredit verilmişdir; 15 aprel 2022-ci il tarixli, 2022/00337-01EXZ saylı saylı zaminlik müqaviləsindən görünür ki, İddiaçı BOKT ASC-dən kredit götürmüş Cavabdeh2 İddiaçı BOKT ASC qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zamin Cavabdeh1 öz üzərinə götürmüşdür. xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli kredit müqaviləsi üzrə borcu xx.xx.2024-cü il tarixə 567,64 manat məbləğində əsas, 197,10 manat məbləğində faiz, 980 manat məbləğində dəbbə, cəmi 1744,74 manat təşkil edir; xx.xx.2024-cü il tarixli bildirişlərdən görünür ki, Cavabdeh2 və Cavabdeh1 banka olan borc ödənilmədiyi təqdirdə barələrində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər; xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 38 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, müəyyən olundu ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 2022/00337-01EX №-li İstehlak Krеditi Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə illik 32% hesablanmaq şərti ilə 4000 AZN məbləğində krеdit verilmiş, Krеdit müqaviləsi üzrə öhdəliklərin təminatı оlaraq İddiaçı BOKT ASC ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tariхli, 2022/00337-01EXZ №-li Zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdehlər üzərinə düşən öhdəlikləri icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirilməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla,onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. 449.4-cü maddəsinə əsasən özgə vəsaitdən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh2 kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda, göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etsə də, kredit vəsaitini, həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı verdiyi krediti və həmin kreditə hesablanmış faizləri və digər ödənişləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hesab edirəm ki, əsas borc 567,64 manat, faiz borcu 197,10 manat təşkil etdiyi halda, 980 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 56 manata qədər azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 38 manat dövlət rüsumu cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284, 284-5, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı BOKT ASC-nin xeyrinə Kredit Müqaviləsinə əsasən 567,64 manat məbləğində əsas, 197,10 manat məbləğində faiz borc, 56 manat məbləğində dəbbə pulu, cəmi 820,74 manat borc və 38 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar