Məhkəmə qərarları › İş №e-2(027)-767/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-767/2024

25.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-767/2024 25.04.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Hacıyev Əmiraslan Arif oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 9786 (doqquz min yeddi yüz səksən altı) manat 88 (səksən səkkiz) qəpik əsas borc, 813 (səkkiz yüz on üç) manat 28 (iyirmi səkkiz) qəpik faiz borcu, 88 (səksən səkkiz) mənat 09 (doqquz) qəpik dəbbə borcu olmaqla, cəmi 10 688 (on min altı yüz səksən səkkiz) manat 25 (iyirmi beş) qəpik məbləğində kredit borcunun və ödənilmiş 122 (yüz iyirmi iki) manat 07 (yeddi) qəpik dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Xaçmaz filialı ilə cavabdeh – Cavabdeh1 arasında bağlanmış 5 iyul 2023-cü il tarixli, XF-4258 saylı kredit müqaviləsinə əsasən illik 22 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 10200 (on min iki yüz) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 5 iyul 2023cü il tarixdə İddiaçı ASC-nin Xaçmaz filialı ilə digər cavabdeh(lər) Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 5 iyul 2023-cü il tarixli, XF-4258 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 5 iyul 2023-cü il tarixli, XF-4258 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 5 iyul 2023-cü il tarixli, XF-4258 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 5- dən gec olmayaraq hər ay 389,55 (üç yüz səksən doqquz manat 55 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. İddiaçı ASC-nin nümayəndəsi elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın təmin olunması xahiş etmişdir. İş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki iş üzrə sənədləri tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 05 iyul 2023-cü il tarixli, XF-4258 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 22 % faiz dərəcəsi olmaqla 36 ay müddətinə 10200 (on min iki yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 05 iyul 2023-cü il tarixli, XF-4258 saylı zaminlik müqaviləsindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq, zamin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin yerinə yetirilməsində borclu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 05 iyul 2023-cü il tarixli, XF-4258 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-nə 9786 (doqquz min yeddi yüz səksən altı) manat 88 (səksən səkkiz) qəpik əsas borc, 813 (səkkiz yüz on üç) manat 28 (iyirmi səkkiz) qəpik faiz borcu, 88 (səksən səkkiz) mənat 09 (doqquz) qəpik dəbbə borcu olmaqla, cəmi 10 688 (on min altı yüz səksən səkkiz) manat 25 (iyirmi beş) qəpik məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh1 və Cavabdeh2 banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İşə əlavə olunan xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən iddia ərizəsinə görə 122 (yüz iyirmi iki) manat 07 (yeddi) qəpik dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 427.4-cü maddəsinə əsasən ağlabatan müddətdə icra edilməmiş öhdəliyi, eləcə də icra müddəti tələbetmə anı ilə müəyyənləşdirilmiş öhdəliyi borclu kreditorun icra tələbini irəli sürdüyü gündən yeddi gün müddətində icra etməyə borcludur, bu şərtlə ki, bu Məcəllədən, öhdəliyin şərtlərindən, işgüzar adətlərdən və ya öhdəliyin mahiyyətindən icranı başqa müddətdə həyata keçirmək vəzifəsi irəli gəlməsin. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən ona kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı bank kredit müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyi halda, cavabdehlər müqavilə üzrə öz üzərinə götürdükləri öhdəlikləri lazımi qaydada və vaxtında icra etməmişlər. Bununla da müqavilə şərtlərini pozmuşlar. Nəticədə iddiaçı bank qarşısında cavabdehlərin kredit müqaviləsi üzrə yaranan borc öhdəliklərinin vaxtında və lazımi qaydada icra olunmasına görə birgə məsuliyyəti yaranmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdehin ididaçı bank qarşısında hazırda 9786 (doqquz min yeddi yüz səksən altı) manat 88 (səksən səkkiz) qəpik əsas borc, 813 (səkkiz yüz on üç) manat 28 (iyirmi səkkiz) qəpik faiz borcu təşkil edir. Məhkəmə hesab edir ki, iddia tələbi əsas və faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 88 (səksən səkkiz) mənat 09 (doqquz) qəpik cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 2 (iki) manat 09 (doqquz) qəpik məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 122 (yüz iyirmi iki) manat 07 (yeddi) qəpik məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 05 iyul 2023-cü il tarixli, XF-4258 saylı kredit müqaviləsi üzrə 9786 (doqquz min yeddi yüz səksən altı) manat 88 (səksən səkkiz) qəpik əsas borc, 813 (səkkiz yüz on üç) manat 28 (iyirmi səkkiz) qəpik faiz borcu, 2 (iki) manat 09 (doqquz) qəpik dəbbə borcu olmaqla, cəmi 10 602 (on min altı yüz iki) manat 25 (iyirmi beş) qəpik borc və dövlət rüsumu üçün ödənilmiş 122 (yüz iyirmi iki) manat 07 (yeddi) qəpik tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar