Məhkəmə qərarları › İş №e-2(027)-853/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-853/2022

27.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-853/2022 27.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinin (bundan sonra İddiaçı BOKT MMC) nümayəndəsi Nümayəndə1 və Cavabdeh Fərhad oğlunun iştirakı ilə, İddiaçı BOKT MMC-nin Cavabdeh Fərhad oğluna qarşı “borcun tutulması tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2019-cu il tarixli 493/3 saylı kredit müqaviləsinin ləğv edilməsi; 15.02.2022-ci il tarixə hesablanmış kreditin əsas məbləğindən 3500 (üç min beş yüz) manat; əsas məbləğə hesablanmış faiz borcu 1730 (bir min yeddi yüz otuz) manat; cərimə faizi 1061.50 (bir min altmış bir manat əlli qəpik); dəbbə pulu cəmi 1900 (bir min doqquz yüz) manat; cəmi 8191,50 (səkkiz min yüz doxsan bir manat əlli qəpik) manat; məbləğdə borcun, həmçinin iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 101.91 (bir yüz bir manat doxsan bir qəpik) AZN dövlət rüsumu borclu Cavabdeh alınaraq, İddiaçı BOKT MMC-nin xeyrinə ödənilməsi barədə Qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı BOKT MMC Quba filialı ilə borcalan Cavabdeh arasında 05 aprel 2019-cu il tarixli 493/3 saylı kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh İddiaçı BOKT MMC-nin Quba filialı tərəfindən məişət avadanlıqlarının alınması üçün 3500 (üç min beş yüz) manat məbləğində pul ayrılmışdır. Borclu Cavabdeh illik 28% faiz olmaqla, 24 ay müddətinə kreditin əsas məbləğini və ona hesablanmış faizləri kredit müqaviləsinə əlavə olunan ödəniş cədvəlindəki qrafik üzrə aylıq ödəniş 192.11 (bir yüz doxsan iki manat on bir qəpik) manat ödəməli olduğu halda, ödənişi qrafikə uyğun yerinə yetirməmişdir. İddiaçı BOKT MMC -nin Quba filialı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi tam surətdə icra etmiş və kredit məbləğini Cavabdeh vermişdir. Lakin borclu Kredit Müqaviləsinin şərtələrini pozaraq aldığı məbləğdən və ona hesablanmış faizlərdən ödənişi qrafik üzrə aparmamış, onunla dəfələrlə görüşlərin keçirilməsinə şifahi və yazılı xəbərdarlıqların edilməsinə baxmayaraq, öhdəliyini tam icra etməmişdir. Nəticədə Cavabdeh 15.02.2022-ci il tarixinə İddiaçı BOKT Məhdud Məsuliyyətli Cəmiyyətinin Quba filialına olan borcu aşağıdakı kimi təşkil etmişdir: əsas məbləğindən qalan borc: 3500 (üç min beş yüz) manat; əsas məbləğə hesablanmış faiz borcu 1730 (bir min yeddi yüz otuz) manat; cərimə faizi 1061.50 (bir min altmış bir manat əlli qəpik); dəbbə pulu cəmi 1900 (bir min doqquz yüz) manat; cəmi 8191,50 (səkkiz min yüz doxsan bir manat əlli qəpik) manat; Məhkəmə rüsumu 101.91 (bir yüz bir manat doxsan bir qəpik) AZN. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək, kredit borcundan 1700 manat ödədiyini, iddia ərizəsində göstərilən əsas və faiz borc üzrə iddianın təmin olunmasına etirazının olmadığını bildirərək, cərimə məbləğinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan 05 aprel 2019-cu il tarixli, 493/3 saylı Kredit müqaviləsindən, faizlər və ödəmələr üzrə cədvəldən görünür ki, İddiaçı BOKT MMC tərəfindən 24 ay müddətinə illik 28% dərəcəsi ilə Cavabdeh 3500 (üç min beş yüz) manat məbləğində kredit verilmişdir; bildiriş və xəbəradrlıq məktublarından görünür ki, PSG FİNANS» BOKT MMC tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur; İddiaçı BOKT MMC-nin 15 fevral 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 15 fevral 2022-ci il tarixə İddiaçı BOKT MMC-yə olan Kreditin əsas məbləğindən qalan borc; 3500 (üç min beş yüz); əsas məbləğə hesablanmış faiz borcu 1730 (bir min yeddi yüz otuz) manat; cərimə faizi 1061.50 (bir min altmış bir manat əlli qəpik); dəbbə pulu cəmi 1900 (bir min doqquz yüz) manat; cəmi 8191,50 (səkkiz min yüz doxsan bir manat əlli qəpik) manat; Məhkəmə rüsumu 101.91 (bir yüz bir manat doxsan bir qəpik) AZN təşkil edir. İş materiallarında olan 15 fevral 2018-ci il tarixli ödəniş tapşırığlarından görünür ki, iddiaçı hazırki iddianın qaldırılması ilə əlaqədar 101,91 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Həmin Məcəllənin 449.4-cü maddəsinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikası Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımı qaydada yerinə yetirməmişdir. Bu baxımdan, iddia tələbi əsas borcun və faiz borcunun ödənilməsi hissəsində təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən kredit müqaviləsi vaxtında və lazımi qaydada icra edilmədiyindən, müqavilənin tələblərinə əsasən, tərəflər arasında bağlanmış 05.04.2019-cu il tarixli krediti müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə əsas borcun 3500 manat və faiz borcun 1730 manat məbləğində müəyyən olunduğu halda cavabdeh tərəfindən ödənişi gecikdirməyə görə hesablanmış 1061.50 manat cərimə faizi və 1900 manat dəbbə pulu məbləğini tənasübsüz surətdə yüksək məbləğ hesab edir və həmin tələb edilən dəbbə pulunu azaldaraq 300 manat müəyyən edilməsini cavabdehin mənafeyi baxımından daha məqsədəuyğun olması nəticəsinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 101,91 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı BOKT MMC-nin Quba filialı ilə Cavabdeh arasında bağlanmış 05 aprel 2019-cu il tarixli 493/3 saylı kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 3500 (üç min beş yüz) manat əsas, 1730 (bir min yeddi yüz otuz) manat faiz, 300 manat cərimə olmaqla, cəmi 5530 (beş min beş yüz otuz) manat məbləğində pul və 101,91 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı BOKT MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Quba rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar