Məhkəmə qərarları › İş №e-2(027)-899/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-899/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-899/2022 02.11.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli 013CASA193390002 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 15927,73 manat əsas, 42,81 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 15970,54 manat borcun və 137,91 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "Bank Respublika” ASC ilə bağlanmış 013CASA193390002 saylı xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsinə əsasən Cavabdeh2 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1% kreditdən istifadəyə görə haqq ödəmək şərtilə 15933,82 manat məbləğində kredit verilmişdir. Digər Cavabdeh1 ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli 013FİZAM46479902 zaminlik müqaviləsi imzalanmış və Cavabdeh1 həmin müqavilə üzrə öhdəlikləri öz üzərinə götürmüşdür. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən cavabdehlərin İddiaçı ASC-yə xx.xx.2022-ci il tarixinə 15927,73 manat əsas kredit borcu, 42,81 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 15970,54 manat borcu yaranmışdır. İddiaçı "Bank Respublika” ASC-nin nümayəndəsi X2 ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qismən qəbul edərək bildirdi ki, kredit borcu üzrə 10000 manata yaxın ödəniş etmiş, faiz borcu hissəsində isə iddianı qəbul etmir. Belə ki, krdit borcu dolların kursunun artması nəticəsində yaranmışdır. İş üzrə Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclas iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2019-cu il tarixli 013CASA193390002 saylı güzəştli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh2 12 ay güzəşt müddəti olmaqla 60 ay müddətinə illik 1% ödəmək şərtilə 15933,82 manat məbləğində kredit verilmişdir; xx.xx.2019-cu il tarixli 013FİZAM46479902 zaminlik müqaviləsindən görünür ki, xx.xx.2019-cu il tarixli 013CASA193390002 saylı güzəştli kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada icrasını təmin etmək məqsədi ilə Cavabdeh1 zamin durmuşdur; xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2019-cu il tarixli 013CASA193390002 saylı kredit müqaviləsi üzrə 15927,73 manat məbləğində əsas, 42,81 manat məbləğində faiz, 0 (sıfır) manat məbləğində cərimə, 15970,54 manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu yaranmışdır; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/6499 saylı rəyindən görünür ki, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 013CASA19330002 saylı kredit müqaviləsinə əsasən Cavabdeh2 İddiaçı ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: - xx.xx.2022-ci il tarixinə əsas borc üzrə 15927,17 manat, faiz borcu üzrə 108,58 manat; - 28.01 2022-ci il tarixinə əsas borc üzrə 15927,17 manat, faiz borcu üzrə 9,02 manat. xx.xx.2022-ci il tarixli pretenziyanın surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişlər; iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 137,91 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, Cavabdeh2 əşyanın nisyə alınıbsatılması barədə razılığa gəlmişlər. Digər Cavabdeh1 Cavabdeh2 zamin durmuşdur. Cavabdeh2 müqaviləyə əsasən krediti hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 739-cu maddəsinə əsasən müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslı olduğuna görə qismən təmin edilərək, xx.xx.2019-cu il tarixli 013CASA193390002 saylı güzəştli kredit müqaviləsi ləğv edilməli, müqavilə üzrə hesablanmış 15927,17 manat əsas, 9,02 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 15936,19 manat və köçürülmüş dövlət rüsumunun əvəzi 137,91 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 sentyabr 2022-ci il tarixli, 9/6499 saylı ekspertiza xərclərinə dair bildirişindən görünür ki, hazırki iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 100,0 (yüz) manatdır. Azərbaycan Respublikası MPM-nin 115.0.1-ci maddəsinə əsasən o cümlədən ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərci olan 100,0 (yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595 hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia qismən təmin edilsin. xx.xx.2019-cu il tarixli 013CASA193390002 saylı güzəştli kredit müqaviləsi ləğv edilsin. xx.xx.2019-cu il tarixli 013CASA193390002 saylı güzəştli kredit müqaviləsi üzrə hesablanmış 15927,17 manat əsas, 9,02 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 15936,19 manat və köçürülmüş dövlət rüsumunun əvəzi 137,91 manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə ekspertiza xərci olan 100,0 (yüz) manat cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu:142595 hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına (elektron qaydada) apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar