Məhkəmə qərarları › İş №e-2(027)-995/2022

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-995/2022

10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-995/2022 10.05.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2 oğlu və Cavabdeh1 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh3, Cavabdeh2 oğlu və Cavabdeh1 qarşı “kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi və kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh3 arasında bağlanmış 30.12.2019-cu il tarixli İK № 7986/F-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi; TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh3 arasında bağlanmış 30.12.2019-cu il tarixli İK №7986/F-19 saylı kredit müqaviləsi üzrə Banka 4 399 AZN (dörd min üç yüz doxsan doqquz manat 00 qəp.) əsas, 56.16 AZN (əlli altı manat 16 qəp.) faiz, 9.43 AZN (doqquz, manat 43 qəp.) cərimə olmaqla, ümumilikdə 4 464.59 AZN (dörd min dörd yüz altmış dörd manat 59 qəp.) məbləğində borcun və tərəflərindən ödənilmiş 64.65 AZN məbləğində dövlət rüsumunun cavabdehdən (borclu - Cavabdeh3, zaminlər - Cavabdeh2, Cavabdeh1) birgə qayda da tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin “Xaçmaz’ filialı ilə Cavabdeh3 Abdulnıanaf oğlu arasında bağlanmış 30.12.2019-cu il tarixli İK № 7986/F-19 saylı kredit müqaviləsinə əsasən faiz dərəcəsi 1% olmaqla 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə qaytarmaq şərti ilə 4 399 AZN (dörd min üç yüz doxsan doqquz manat 00 qəp.) məbləğində kredit verilmişdir. Yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə Cavabdeh3 Abdulnmanaf oğlu (borcalan) öhdəliklərinin icrasının təminatı kimi TuranBank ASC ilə Cavabdeh1 Abdulnıanaf qızı arasında 30.12.2019-cu il tarixli № 7986/F-19-01 saylı, Cavabdeh2 arasında 30.12.2019-cu il tarixli JS№ 7986/F-19-02 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh3 Abdulnıanaf oğlu 30.12.2019- cu il tarixli İK № 7986/F-19 saylı kredit müqaviləsinə əsasən borcalanın Banka olan borcu 4 399 AZN (dörd min üç yüz doxsan doqquz manat 00 qəp.) əsas, 56.16 AZN (əlli altı manat 16 qəp.) faiz, 9.43 AZN (doqquz manat 43 qəpik) cərimə olmaqla, ümumilikdə 464,59 AZN (dörd min dörd yüz almış dörd manat 59 qəp.) təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh2 oğlu və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.12.2019-cu il tarixli İK № 7986/F-19 saylı güzəştli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh3 kredit illik dərəcəsi 1 faiz olmaqla 12 ay güzəşt edilməklə 60 ay müddətinə 4399 (dörd min üç yüz doxsan doqquz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 30.12.2019-cu il tarixli Zaminlik müqavilələrindən görünür ki, Cavabdeh3 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi üçün birgə məsuliyyəti zaminlər Cavabdeh2 və Cavabdeh1 öz üzərinə götürmüşlər. İş materiallarında olan xəbərdarlıq məktublarının surətlərindən görünür ki, Cavabdeh3 oğluna banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh3 30.12.2019-cu il tarixli kredit müqviləsi üzrə 4399 manat əsas, 56,16 manat faiz, 9,43 manat cərimə olmaqla, cəmi borcu 4464,59 manat təşkil edir. İş materiallarında olan 24.02.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 64,65 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Qeyd olunanlara əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçı tərəfindən Cavabdeh3 kredit məbləği verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişlər. Bu səbəbdən də iddiaçı tərəf qalıq qalmış kredit borcunun ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır; 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 449.1-ci maddəsinə əsasən özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir; 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur; 739-cu maddəsinə əsasən müqavilə iştirakçılarından bir tərəfi (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyi, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o, kredit müqaviləsi adlandırılır. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsindcə kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğuna görə təmin edilərək, İddiaçı ASC-nin Xaçmaz filialı ilə Cavabdeh3 arasında bağlanmış 30.12.2019-cu il tarixli İK№7986/F-19 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh2 oğlu və Cavabdeh1 birgə qaydada 4399 manat məbləğində əsas, 56,16 manat məbləğində hesablanmış faiz borcu, 9,43 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 4464,59 (dörd min dörd yüz altmış dörd manat əlli doqquz qəpik) manat məbləğində kredit borcu və 64,65 manat dövlət rüsumu İddiaçı ASCnin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. İddiaçı ASC-nin Xaçmaz filialı ilə Cavabdeh3 arasında bağlanmış 30.12.2019-cu il tarixli İK№7986/F-19 saylı kredit müqaviləsi vaxtından əvvəl ləğv edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 birgə qaydada 4399 manat məbləğində əsas, 56,16 manat məbləğində hesablanmış faiz borcu, 9,43 manat məbləğində dəbbə pulu olmaqla, cəmi 4464,59 (dörd min dörd yüz altmış dörd manat əlli doqquz qəpik) manat məbləğində kredit borcu və 64,65 manat dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar