Məhkəmə qərarları › İş №e-2(028)-125/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-125/2024

08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-125/2024 08.05.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xeyrinə 5396 manat borclu olduğu pulun və ödənilmiş dövlət rüsumunun əvəzi 74 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən hazırki iş üzrə 2846,56 manat məbləğində pulu tələb edir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, üzrlü səbəblə əlaqədar olaraq işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdir ki, iddiaçının cavabdehlə münasibəti olduğundan "xxxx" ASC-dən kredit götürəndə zamin durmuşdur. Kredit borcunu ödəmədiyinə görə iddiaçının əmək haqqından cavabdehin kredit borcuna görə tutulmalar olub. Sumqayıt Şəhər İcra Probasiya şöbəsinin məktubuna görə iddiaçıdan ümumilikdə cavabdehin borcuna görə 2846,56 manat pul tutulmuşdur. Həmin borcun iddiaçıya qaytarılmasının həlli kimi ondan əlavə olaraq 2550 manat pul aldı ki, banka borcu var. Həmin vəsaiti ödəsə, böyük məbləğdə kredit götürəcəyini, bu kreditlə də onun borclarını ödəyəcəyini dedi. Cavabdehin səmimiyətinə inandığı üçün, eyni zamanda ona olan borcunu qaytaracağı ümidi ilə həmin vəsaiti verdi. Hazırda dəfələrlə ona borclu olduğu 5397 manat pulu qaytarmasını desə də, heç bir nəticə olmayıb. Odur ki, məhkəməyə müraciət etməli olmuşdur. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçıya ancaq bank borcu var. O, iddiaçıdan banka ödədiyi puldan başqa pul almamışdır. Məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Qubadlı Rayon Məhkəməsinin 2(028)-453/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, Cavabdeh və İddiaçı "xxxx" ASC-nin xeyrinə 2231,9 manat əsas borc, 348,44 manat faiz borcu, 50 manat cərimə borcu, cəmi 2630,34 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması qət edilmişdir. İş materiallarında olan Sumqayıt şəhəri üzrə İcra İdarəsinin 254/40 saylı xx.xx.2021ci il tarixli məktubundan görünür ki, Qubadlı Rayon Məhkəməsinin 2(028)-453/2019 saylı xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Cavabdeh və İddiaçı "xxxx" ASC-nin xeyrinə 2231,9 manat əsas borc, 348,44 manat faiz borcu, 50 manat cərimə borcu, cəmi 2630,34 manatın və ödənilmiş 30 manat dövlət rüsumunun tutulmalıdır. Təklif olunur ki, tələb olunan məbləği borclu İddiaçı əmək haqqından icra sənədi üzrə 2660,34 manat tutulub "xxxx" ASC-nin bank hesabına, borc tam ödənildikdən sonra “İcra ödənişinin tutulması haqqında” qərar üzrə 7% icra ödənişi birdəfəlik tutulub Kapital Bankın 1 saylı Sumqayıt şəhər filialında Sumqayıt şəhər İcra İdarəsinin xüsusi fondunun depozit hesabına köçürülməsinin təmin edilsin. İş materiallarında olan Elm və Təhsil Nazirliyi Abşeron-Xızı Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sumqayıt şəhəri 54 saylı körpələr evi-uşaq bağçasının işçisi İddiaçı əmək haqqısından xx.xx.2021-ci il tarixli 254/40 nömrəli icra məktubuna əsasən 2846,56 manat cərimə tutularaq 2660,34 manatı "xxxx" ASC-nin hesabına, 186,22 manatı isə Sumqayıt şəhəri üzrə İcra İdarəsinin hesabına köçürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.3-cü maddəsinə əsasən birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 2846,56 manat borc pulu tutularaq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar