Məhkəmə qərarları › İş №e-2(028)-133/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-133/2024

23.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-133/2024 23.09.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Xoşbəxt oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASCnin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakları ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada xeyirlərinə 1972,59 manat məbləğində əsas kredit borcu, 2260,37 manat məbləğində faiz borcu, 688,99 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 284,58 manat faiz borcu, cəmi 5206,53 manatın və 72,07 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümyəndəsi iddia tələbini müdafiə edərək bildirdi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 05 oktyabr 2017-ci il tarixli 002104 nömrəli Bank Xidmətləri Müqaviləsi bağlanmışdır.05 oktyabr 2017-ci il tarixli 002104 nömrəli Bank Xidmətləri Müqaviləsinə 05 oktyabr 2017-ci il tarixində 5 saylı Əlavə saziş bağlanaraq Cavabdeh1 40 ay müddətinə illik 30% dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında 05 oktyabr 2017-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-cı bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin müvafiq bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********350 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh1 xx.xx.2023-cü il tarixə kredit üzrə cəmi borcu 5206,53 manat təşkil edir. Bundan 1972,59 manat əsas, 2260,37 manat faiz, 688,99 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 284,58 manat faiz borcu təşkil edir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edərək bildirdi ki, 2017-ci ilin noyabr ayında 400 manat, növbəti aylarda 2 dəfə də 400 manat, sonra 8700 manat ödəniş etmişdir. Borcun tam bağlanması üçün banka yaxınlaşmışdır, lakin ona bank bağlanıldığı üçün ödənişlər qəbul olunmadığı bildirilmişdir. Hesab edir ki, bugünə banka çox az məbləğdə borcu qalmış olmalıdır. Cavabdeh2 qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümyəndəsini və Cavabdeh1 dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 002104 saylı Bank xidmətləri müqaviləsindən (fiziki şəxslərə dair) görünür ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bank xidmətlərinə dair razılığa gəlmişdirlər. xx.xx.2017-ci il tarixli 002104 nömrəli Bank Xidmətləri Müqaviləsinə xx.xx.2017-ci il tarixli 5 saylı əlavədən (kredit KM012T********) görünür ki, İddiaçı ASC Cavabdeh1 10000 (on min) manat məbləğində kredit açır. Kredit 40 ay müddətinə verilir. Borcalan kreditora kreditdən istifadəyə görə illik 30% ödəyir. xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, xx.xx.2017-ci il tarixli 002104 nömrəli Bank Xidmətləri Müqaviləsinə xx.xx.2017-ci il tarixli 5 saylı əlavəsinə əsasən bankdan kredit götürmüş Cavabdeh1 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürür. İş materiallarında olan maliyyə arayışdan görünür ki, Cavabdeh1 İddiaçı ASC-yə KM012T10170006 saylı kredit müqaviləsi üzrə 1972,59 manat məbləğində əsas kredit borcu, 2260,37 manat məbləğində faiz borcu, 688,99 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 284,58 manat faiz borcu, cəmi 5206,53 manat borcu vardır. İş materiallarında olan ləğv prosesində olan İddiaçı ASC-nin xx.xx.2024-cü il tarixli məktubunda bildirilir ki, İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli 002104 nömrəli Kredit müqaviləsinə əsasən bankdan 10 000 manat məbləğində kredit verilmişdir. Bildirilir ki, sözügedən kredit müqaviləsi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının icrası ilə əlaqədar restrukturizasiya olunması tövsiyyə olunan kreditlər kateqoriyasına şamil edilməmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-9/3107/2024 saylı xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesbadan çıxarış məlumatları və tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 002104 saylı əlavə sazişdə qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh1 İddiaçı ASC-yə borcu bu kimi müəyyən edilir: müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2021-ci il tarixə əsas borc üzrə 1950,07 manat, faiz borcu üzrə 1660,81 manat. Sualda qeyd edilən tarixə, yəni xx.xx.2024-cü il tarixə illik 5% hesablanmaqla əsas borc üzrə 1950,07 manat, faiz borcu üzrə 1660,81 manat, faiz borcu 5% ilə 291,43 manat. Azərbaycan Respublikası MM-in 739-cu maddəsinə müvafiq olaraq, borc müqaviləsinə görə iştirakçılardan biri(borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə gədər tutulur. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi). Hazırda iddia tələbinin təmin edilən hissəsi 3895,46 manat olduğundan (1950,07 əsas borc + 1660,81 manat faiz borcu + Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 284,58 manat faiz borcu) iddiaçı tərəfindən ödənilmiş 72,07 manat dövlət rüsumunun 58,95 manat hissəsi cavabdehlərdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 13,12 manat iddiaçının özünə aid edilməlidir. Eyni zamanda Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə aparılmış tədqiqatın 100 manat dəyəri də cavabdehlərdən tutulub Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər aiddir. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1950,07 manat məbləğində əsas kredit borcu, 1660,81 manat məbləğində faiz borcu, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 284,58 manat faiz borcu, cəmi 3895,46 manat və 58,95 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 13,12 manatı iddiaçının özünə aid edilsin. Məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə görə aparılmış tədqiqatın 100 manat dəyəri cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulub Dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar