Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-185/2025 26.05.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X14 Mübariz oğlunun sədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18960 manat məbləğində pulun, həmçinin dövlət rüsumu kimi ödədiyi 147 manat və hüquqi yardım üçün ödədiyi 325 manat pulun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının cavabdehlə 2016-cı ildən dostluq münasibəti olmuşdur. O, təxminən 2 ildir ki, Günelin istəyi ilə dəfələrlə müxtəlif qızıl mağazalarından öz adına qızıl-zinət əşyaları alaraq ona vermiş, Günel həmin qızılların pulunu hissə-hissə olaraq ödəmişdir. 2024-cü ilin aprel ayında Cavabdeh onun üçün 6 nəfərdən aldığı qızılların dəyəri olan 39500 manat pulu ödəməkdə çətinlik çəkdiyi üçün o, Günelin əvəzinə 3000 manat ödəniş etmişdir. 2024-cü ilin iyun ayından sonra Günel ödənişləri ödəməkdən yayındığı üçün o, xx.xx.2024-cü ildə Günelin xalası Pərvanə ilə görüşmüş, sonuncu ona 2024-cü ilin noyabr ayına kimi Günelin borclarını ödəyəcəyini bildirmişdir. Xalası Günelin borclarının bir qismini ödəsə də, sonuncunun ona 18960 manat borcu qalmışdır. Cavabdeh Sumqayıt ŞPİ-nin 4-cü PB-də ona olan borcunu qismən etiraf etmişdir. Belə ki, Cavabdeh qızıl-zinət əşyalarına görə ona 8694 manat, qızıl borclarından əlavə olaraq 4750 manat borcunun olduğunu bildirmişdir (8694+4750 = 13444 manat). Cavabdehin iddiaçıya 18960 manat borcu olması aralarında olan whatsapp yazışmaları ilə də öz təsdiqini tapır. Lakin cavabdeh polis bölməsində borcunu qismən etiraf etmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-dən ona izah olunmuşdu ki, iş mülki xarakterli olduğundan məhkəməyə müraciət edilməlidir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili məhkəməyə xx.xx.2025-ci il tarixdə sübutların təqdim olunmasına dair ərizə ünvanlayaraq, cavabdeh tərəf olaraq iddianı qəbul etmədiyini bildirmişdir. Qeyd edilir ki, Cavabdeh 2024-cü ilin avqust ayından 2024-cü ilin dekabr ayınadək olan müddətdə iddiaçıya 34962 manat məbləğində pul ödəmiş və bu ödənişlərin bir qismi iddiaçının adına və onun tərəfindən təqdim olunan kart hesabına, bir qismi Milli ön aparatı vasitəsi ilə, bir qismi də iddiaçının özünə ödənilmişdir. Az bir müddət ərzində yüksək məbləğdə pul vəsaitinin ödənilməsi iddiaçının cavabdehin ona olan borcuna görə yüksək məbləğdə faiz tələb etməsi olmuşdur. Vəkil ərizədə onu da qeyd etmişdir ki, iddiaçı ondan hər 4000 manat pula görə həftəlik 700 manat faiz hesablandığını bildirmiş və cavabdeh tərəfindən ödənilmiş pulları faizə çıxmışdır. Hətta faizi iddiaçının tələb etdiyi vaxtda ödəyə bilmədikdə iddiaçı guya bahalı qızılları dəyər-dəyməzinə satıb həmin faizi ödədiyini cavabdehə bildirməklə onun guya qızıl-zinət əşyalarına görə əsas borcunun artdığını demiş və yenidən həmin qızılların dəyərini də hesablamaqla ondan daha yüksək məbləğdə faiz və borc tələb etmişdir. Bundan başqa ərizədə göstərilmişdir k, Polis bölməsində aparılan araşdırma zamanı cavabdehin adından yazılan izahatda qeyd olunan məbləğlər iddiaçının hesablaması əsasında aparılmış və cavabdeh həmin məbləğdə borcunu qeyd edərkən iddiaçıya ödədiyi pullardan çıxılan faizlər barədə bildirməmiş və həmin məbləğləri çıxmamışdır. Halbuki iddiaçının hər 4000 manata görə cavabdehdən həftəlik aldığı 700 manat pulları hesabladıqda aydın olur ki, iddiaçıya cavabdeh borclu olduğu puldan dəfələrlə artıq pul ödəmişdir. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-də aparılan araşdırma zamanı cavabdeh iddiaçının 2025-ci ilin yanvar ayına kimi ona verdiyi pula görə hesabladığı faizləri də nəzərə alaraq guya qızıl-zinət əşyalarına görə 8694 manat, qızıl borclarından əlavə olaraq 4750 manat məbləğində borcunun olması barədə izahat vermişdir. Halbuki 2024-cü ilin avqust ayından 2024-cü ilin dekabr ayına kimi cavabdeh iddiaçının təqdim etdiyi kart hesablarına mütəmadi olaraq ödənişlər etmiş və bu ödənişlərin ümumi məbləği 30962 manat təşkil etmişdir. Tərəflər arasında yaranmmış mübahisəyə aydınlıq gətirilməsi üçün cavabdeh tərəfindən ödəmələrin aparıldığı və iddiaçının adına olan 4098XXXXXXX8291 və 4169XXXXXX9857 nömrəli kartlara cavabdehə məxsus 4127XXXXXXXX1245 saylı kart hesabından 2024-cü ilin iyul ayından 2024-cü ilin dekabr ayına kimi aparılmış ödəmələr də iddiaçının kart hesablarının açıldığı bankdan tələb olunmalıdır. İddiaçı cavabdehə iddia etdiyi məbləğdə qızıl-zinət əşyalarını verməsi və cavabdehin ona borcunun olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, yalnız polis idarəsində cavabdehin verdiyi izahata istinad etməklə ona qarşı hazırki iddianı qaldırmış və hətta əlavə məbləği də həmin pulun üstünə gəlmişdir. Cavabdehə bununla bağlı bildirmişdir ki, polisdə olan araşdırmadan sonra məhkəməyə müraciət etdiyi vaxta qədər həftəlik faizləri də həmin məbləğin üstünə gələrək ona qarşı 18960 manat məbləğində pul tələbinə dair iddianı qaldırmışdır. Hazırda isə iddiaçı cavabdehə zəng vuraraq məhkəmə prosesinin uzanmasını əsas gətirməklə ondan iddia etdiyi puldan əlavə də həftəlik faiz verməli olduğunu bildirmişdir. Məhkəməyə təqdim etdiyi hesabdan çıxarış və ödəmələr təsdiq edir ki, iddiaçıya cavabdeh tərəfindən təkcə 2024-cü ilin avqust ayından 2024-cü ilin dekabr ayına kimi iddia etdiyi məbləğdən də artıq pul vəsaitləri ödənilmiş və həmin ödəmələri nəzərə aldıqda əksinə iddiaçının cavabdehə borcunun olması aydın görünür. Məhkəmə iclasında Vəkil2 ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi Cavabdeh PB-də izahat verərkən ona qarşı polis əməkdaşı tərəfindən hər hansı fiziki və ya psixi təsir edilməmiş, sonuncu qeyri-insani rəftara məruz qalmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək eyni zamanda bildirmişdir ki, cavabdeh “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan sonra ümumi borcdan 300 manat ödəniş etmişdir. İddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı nümayəndəsi və vəkilinin ifadəsinə uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək, iddiaçı tərəfindən borc məbləğinə faizlər hesablanılmaqla şişirdilmiş borc hesablanıldığını bildirmişdir. Qeyd etmişdir ki, cavabdeh tərəfindən pul artıqlaması ilə ödənilmiş, bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında şahid Əliyul-X6 bildirdi ki, iddiaçı bacısıdır. Günel və onun xalası Pərvanənin onun bacısına 18000 (on səkkiz min) manata yaxın borcu vardır. Bacısı və özü həmin borcların qaytarılmasında hazırda əziyyət çəkirlər. Cavabdehin hərəkətləri ucbatından bacısı özünü öldürmə həddinə çatmışdır. Məhkəmə tərəfləri və şahidi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, “Cinayət işinin başlanmasının rədd edilməsinə dair” Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı Əhmədağa Hüseynovun xx.xx.2025-ci il tarixli qərarına əsasən ünvan 1 ünvanında yaşayan X1 PB-nə müraciət edərək, Rübabə adlı şəxsin ona faiz borcu olduğunu iddia edərək yaşadığı evə gəldiyini, özü və ailəsi üçün gərginlik yaratdığını, borcunu qaytarmasına baxmayaraq ondan hədə-qorxu ilə pul tələb etdiyini bildirməklə həmin şəxsin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Araşdırma zamanı Cavabdeh izahatında İddiaçı təxminən 2016-cı ildən tanıdığını, onunla yaxın ailəvi dostluq münasibətlərinin olmasını, mütəmadi olaraq Rubabadan qızılzinət əşyaları alaraq ödəniş etdiyini, 2024-cü ilin iyun ayından sonra Rubaba vasitəsi ilə aldığı qızıl-zinət əşyalarının pulunu ödəməkdə çətinlik çəkdiyi üçün Rubabanın onun xalalarının və nənəsinin ünvanına getdiyini, bundan sonra Rubabanın ona qızıl borcunu ödəmək üçün başqa tanımadığı şəxsdən faizlə qızıl və pul götürdüyünü və onun qızıl borcunun bir hissəsini ödədiyini bildirdiyini, hal-hazırda onun Rubabaya 8694 manat qızılzinət əşyalarına görə borcunun qalmasını, həmçinin Rubabanın ayrı-ayrı vaxtda onun borclarını ödəyəcəyini bildirərək müxtəlif şəxslərdən faizə pul alaraq borcunu ödədiyini, bu səbəbdən Rubabaya qızıl borclarından əlavə olaraq 4750 manat borcunun yaranmasını bildirmişdir. Araşdırma zamanı İddiaçı izahatında Cavabdeh ilə 2016-cı ildən dostluq münasibətinin olmasını, təxminən 2 ildir ki, dəfələrlə Günelin istəyi ilə müxtəlif qızıl mağazalarından öz adına qızıl-zinət əşyaları alaraq Günelə verdiyini, Günelin həmin qızılların pulunu hissə-hissə olmaqla ödədiyini, 2024-cü ilin aprel ayında Cavabdeh onun üçün 6 nəfərdən aldığı qızılların 39500 manat pulunu ödəməkdə çətinlik çəkdiyi üçün o, onun əvəzinə 3000 manat ödəniş etdiyini, iyun ayından sonra Günelin ödənişləri etməkdən yayındığını, 2024-cü ilin avqust ayının 3-də Günelin xalası Pərvanənin onunla görüşərək noyabr ayına qədər Günelin borclarını ödüyəcəyini bildirdiyini, bundan sonra Günelin borclarının bir qismini ödəsə də, qalan 18960 manatını ödəyə bilmədiyini, sonrakı vaxtlarda Günelin xalası Pərvanənin ondan 2500 manat dəyərində qızıl və borc kimi ayrı-ayrı vaxtlarda 9500 manat pul almasını, Pərvanənin 9500 manat borcdan 1740 manatını, qızılın pulundan isə 2000 manatını ödədiyini, dəfələrlə Pərvanənin yaşadığı ünvana gedərək ondan pulunu istəsə də, ona hədə-qorxu gəlmədiyini və ondan borcundan əlavə pul tələb etmədiyini bildirmişdir. Ərizəyə əsasən Qubadlı Rayon Məhkəməsinə İddiaçı tərəfindən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 147 manat ödəniş edilmişdir. xx.xx.2025-ci il tarixli e-Manat qəbzinə əsasən Sumqayıt Regional Vəkil Bürosuna 325 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər bir-biri ilə borc müqaviləsi bağlamadığından aralarında öhdəlik hüquq münasibətləri yaranmamışdır. Bu baxımdan tərəflər arasında münasibətlərə qanundan əmələ gələn öhdəliklərlə bağlı müddəalar (əsassız varlanma) tətbiq olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. - 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından müəyyən edilmişdir ki, Cavabdeh Sumqayıt ŞPİ 4-cü polis Bölməsində heç bir psixi və ya fiziki təsirə və qeyri-insani təzyiqə məruz qalmadan verdiyi izahatında həqiqətən də iddiaçı Rübabə Müsaviyə qızıl-zinət əşyalarına görə 8694 manat, qızıl borclarından əlavə isə 4750 manat borcunun olduğunu etiraf etmişdir. (8694 manat + 4750 manat = 13444 manat) Bundan başqa məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili izahatında bildirmişdir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan sonra cavabdeh ona qeyd olunan məbləğdən 300 manat ödəniş etmişdir. (13444 manat – 300 manat = 13144 manat) Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə belə hesab edir ki, iddaçı tərəfindən hüquqi xidmətə görə ödənilmiş 325 manat cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iddianın qiyməti 10000 manatdan 100000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 13144 manat olduğundan iddiaçı tərəfindən ödənilmiş 147 manat dövlət rüsumunun 129,43 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 17,57 manat iddiaçının özünə aid edilməlidir. Beləliklə məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehdən 13144 manat pul, hüquqi xidmətə görə 325 manat və 129,43 manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh oğlundan 13144 manat pul, hüquqi xidmətə görə 325 manat və 129,43 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutulub İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 17,57 manat hissəsi iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(028)-185/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-185/2025
26.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver